Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

Bəs Axmatova hanı...


Tənqidçi İradə Musayeva.
Tənqidçi İradə Musayeva.

-

İradə Musayeva

BƏS AXMATOVA HANI?

Tiranlar, fatehlər, şahlar, prezidentlər ədəbiyyatı, şeiri, sənəti sevirmi? Sevirlərsə, kimləri? Onların şərəfinə poemalar, dastanlar yazanımı, yoxsa onları və onların yaratdığı rejimi tənqid edənləri? Kimi oxuyurlar, axşamlar siyasətin çirkabından, ictimai yükün ağırlığından yaxa qurtarıb rəsmi paltarlarını çıxarıb evlərində kresloya, divana oturanda ? Əllərində kimlərin kitabları olur? Bəlkə qadağa etdikləri kitabların hərəsindən bir nüsxə onların kitab rəflərində saxlanılıb. Bu sualların cavabı tarix boyu rəvayətlərdə, aforizm və memuarlarda əksini tapıb...

"Yüz min nəslin atası" adlanan çin filosofu Konfutsidən üzü bəri, az-çox tanış olduğumuz məlumatlardan da görürülk ki, hökmdarlar, hətta ən zalım hökmdarlar cəza verdirdiyi, təklədiyi, çapına qadağalar qoyduğu, sözündən “asdığı” insanların yaradıcılığı ilə maraqlanıb. Gözə görünməməsi, ictimai şüura təsir göstərməməsi üçün bütün birliklərdən, təşkilatlardan, toplulardan “sildikləri” imzaları, müəllifləri axtarıb, təkliyə çəkiləndə onları oxuyublar, bəlkə ağlayıblar da... Deyilənə görə M. Atattürk Nazim Hikmətin bu şeirinə -

Birden –bire kuş gibi
vurulmuş gibi
kanadından
yaralı bir atlı yuvarlandı atından!
Bağırmadı,
gidenleri geri çağırmadı,
baktı yalnız dolu gözlerle
uzaklaşan atlıların parıldayan nallarına!

Ah ne yazık!
Ne yazık ki ona
dörtnal giden atların köpüklü boynuna bir daha yatmayacak,
beyaz orduların ardında kılıç oynatmayacak!

Nal sesleri sönüyor perde perde,
atlılar kayboluyor güneşin battığı yerde!

-patifonda qulaq asa-asa ağlayırmış və üzünü onu səsləyən adama çevirəndə: “Lənətə gəlsin! Nə böyük şairdir! Amma heyif ki kommunistdir.” –demişdir.

Amma rəhbərlərə yaxın“sədaqətlilər” də çox zaman bu insanların tarix səhifəsindən sıxışdılrılıb çıxarılması canfəşanlığında udub, qalib olublar. Açıqfikirli, azadruhlu yaradıcı şəxslərin sözündən tutub, onları qabağa verməklə baş qatıb öz oyunlarını rahat-rahat oynaya biliblər. ”Rejimin gizli düşmənləri” Nazim Hikmətləri, Anna Axmatovaları, Hüseyn Cavidləri on illərlə arxiv ədəbiyyatı həbsxanasına saldıra bilib...

Türk şairi Nazim Hikmət.
Türk şairi Nazim Hikmət.

Nazim Hikməti “Türk əsgərini inqilaba təşviq etmə” günahına görə 15 il həbs cəzasına məhkum edəndə o, (həm də anası) Atatürkə məktub yazır : “Yurdumun və inqilabçı Atatürkün qarşısında alnım açıqdır. Yüksək əsgəri məqamlar, dövlət və ədalət, bürokratlar rejimin gizli düşmənləri tərəfindən aldadılırlar. Əsgəri üsyana təşviq etmədim. Dəli, sərsəri, mürtəci, satlmış inqilab və yurd xaini deyiləm ki, bir an da olsun belə şeyləri düşünüm”. Amma N. Hikmətin məktubunu Atatürkə çatdırmırlar...

1925-ci ildə Anna Axmatova çap olunmaqdan tamamilə məhrum edildi. Mərkəzi Komitənin ədəbiyyatla bağlı partiya siyasətinin ziddinə imiş onun poeziyası... O, gündəliyində yazmışdı: "Moskvada keçirilən şeir gecələrimdən sonra mənim ədəbi fəaliyyətimə son qoyulması ilə bağlı qətnamə verilmişdir. Bütün redaktorlar məni jurnallarda və almanaxlarda çap etməkdən imtina etdilər. Mən Nevskidə Marietta Sergeyevna (yazıçı) ilə görüşdüm. O dedi: "Görün necə vacib bir şəxsiniz ki, sizin haqqınızda Mərkəzi Komitə qətnamə imzalayıb. Həbs də etmir, amma çap olunmağa da icazə vermir”.

A. Axmatova da əri Punin və oğlu L. Qumilyov həbs olunanda Stalinə məktub yazır və birinci dəfə onların azadlığa buraxılmasına nail olur...​

Anna Axmatova.
Anna Axmatova.

Sonralar İosif Stalin yazıçıların mükafatlandırılma mərasimində deyir: “Bəs Axmatova hanı? Niyə heç nə yazmır?” Bu sualdan ruhlanan senzorlar A. Axmatovanın şeirlərinə yenidən öz səhifələrində qapı açır. Stalin ikinci dəfə üzünü turşudanda isə bu qapı yenidən bağlanmışdı.

Dəfn et, dəfn et məni külək!
Əzizlərim dəfnimə gəlmədi,
Qəbrim üstə çaşmış axşam
Bir də ki, soyuq torpaq nəfəsi…

Mən də sənin tək azad idim,
Həyatı çox sevirdim…
Külək, soyuq mafəmə
Əl uzadan kimsəm yox.

Sarı bu qara yaranı…
Axşamın zülmət örtüyü ilə.
Mavi dumana əmr et ki,
Zəbur oxusun qəbrim üzərində!

Anna Axmatova “əzizlərim dəfnimə gəlmədi”, “ soyuq mafəmə əl uzadan yox” deyəndə hələ onun qarşısına keçilməz sədlər çəkilməmişdi, hələ qətnamələr, qadağalar imzalanmamışdı. Anna şair kimi yalqızlığın ağrısını yaşayırdı. 1909-cu ilin dekabr ayı idi... Sonralar isə azad düşüncəyə, havalı sevdalara, poetik ruha atılan bütün çirkabların, bütün güllələrin yarasının ağrısını daddı... Stalinin qızının ən sevimli şairi idi Axmatova, elə Stalinin özünün də...

Bəni öldürsələr də bən yaşarım,
Tərk edib xəlqi xaliqə qoşarım.
Əbədiyyət bənim məzarımdır,
Çünki sultani-eşq yarımdır.

Bu misralar isə Hüseyn Cavidindir. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus imiş. Həmin binada bir neçə nəfərin ailəsi ilə birgə çıxarılmasına baxmayaraq Hüseyn Cavid Mircəfər Bağırova məktubla müraciət edib: Xahiş edirəm, burda yaşamağıma icazə verilsin, eyvana çıxanda Xəzəri görməyə adət eləmişəm. Mircəfər Bağırov məhz Hüseyn Cavidin məktubundan sonra binada yaşayışa icazə verilməsi göstərişini verib.

Repressiya olunmuş Azərbaycan şairi Hüseyn Cavid.
Repressiya olunmuş Azərbaycan şairi Hüseyn Cavid.

Və Cavidin xətrini istədiyini söyləyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilmədi...

Bir dəfə H. Əliyev Nizami Xudiyevə deyibki, “Flora niyə oxumur, xəstə-zad deyil ki? Nəsə gözümə dəymir”. Yerdən deyiblər ki, Flora müxalifətçidir, ona görə televiziyada oxumağa qoymurlar. H. Əliyev gülüb və deyibki, poeziyanın, musiqinin nə müxalifəti ola bilər axı?”

Bəli... Bu düşüncələrlə gəldim çıxdım bu günə... Görəsən, prezidentimiz bu gün Azərbaycan ədəbiyyatının müasirlərindən kimləri oxuyur? Ümumiyyətlə, tədbirlərdə gözü qorumaq istədiyi hansısa yazıçını axtarırmı? Və kimi? Belə bir yazıçı varmı?

27.10.2016

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG