Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:23

'Bina Fövqəladə Halların nəzarəti altında üzlənib'


Yanan bina
Yanan bina

Keçən il aprelin 10-da Xətai rayonu, Zığ yolundakı 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məhkəmə araşdırmaları davam edir.

Beş aydır ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.

Oktyabrın 18-də məhkəmə iclasında dindirilən Xuraman Hüseynova yanğın zamanı binada yaşayırdı. Dediyinə görə, ona 7 min 800 manat ziyan dəyib, ancaq bu məbləği ala bilməyib.

Buna da bax:​ Yanan bina işi: ‘Hələ də üzlüyün necə yanması mənə aydın deyil’

“ONLARLA BACARA BİLMƏZDİM”

"Biz Ağdamdan məcburi köçkünük. Bərdədən Bakıya köçmüşdük. Övladlarım Bakıda ali məktəbdə oxuyurdu. Ona görə kirayə qalırdıq, amma evdəki bütün əşyalar bizə məxsus idi. Hamısı yanğında külə döndü. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hesablayıb, ziyanın 7 min 800 manat olduğunu dedilər. Evə 15 min manat kompensasiya verdilər. Ancaq ev sahibinin övladları da həmin puldan pay istədilər. Ona görə problem yarandı. Razılaşdıq ki, bizə ev sahibi 5 min manat versin. Bu barədə notariusda sənəd də imzaladıq. Axırda 4 min aldım. Onlarla bacara bilməzdim...", – Xuraman Hüseynova deyir.

Yanan binada üzləmə işlərini həyata keçirmiş TNH şirkətinin işçisi Akif Musayev də məhkəmədə dindirilib. Deyir ki, o, başqa binaların üzlənməsinə nəzarət edib, yanan binaya kimin nəzarət elədiyini isə bilmir. Musayev qeyd edib ki, görülən işlər Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilib.

Xətai və Binəqədidəki yanğınlardan sonra binalardakı üzlüklərin sökülməsi işini də onların özünə gördürüblər: "Söküntü vaxtı nəzarət Ekologiya Nazirliyinə verilmişdi. Sökdük, sonra bütün binaları yenidən üzləyib, təhvil verdik".

Buna da bax:​ Xətai yanğını: Zərərçəkmişlər məhkəməyə niyə gəlmir?

“VERGİ HESABATLARI VERİLMİRDİ”

Şirkətin mühasibi olmuş Könül Abbasova da məhkəmədə dindirilib. TNH şirkətində qısa müddət çalışdığını və 2014-cü ilin dekabrında işdən çıxdığını deyən şahidin sözlərinə görə, şirkətdə vergi hesabatları verilmirdi.

Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.

Sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə, faktiki, rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham edilirlər.

Buna da bax:​ Binalar hansı materialla üzlənir, deyilmir- [Fotolar]

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG