Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

Ekspert: Pambıq 'təbliğat bitkisi'nə dönüb


Azadlıq meydanında mitinq - 1989
Azadlıq meydanında mitinq - 1989

Dövlət müstəqilliyinin ölkəyə gətirdiyi uğurlar, bankların bağlanmasından yaranan yeni işsizlər ordusu, manatın gələcək taleyi və pambıq yığımına səhlənkar münasibət bu gün medianın aparıcı mövzusudur.

UĞURLARIN MƏNBƏYİ –MÜSTƏQİLLİK

«Azərbaycan» qəzetində ölkənin müstəqilliyinin bərpa olunmasının 25 illiyi ərəfəsində «Müstəqillik milli sərvətimizdir» sərlövhəli məqalə dərc edilib.

Müəllif qeyd edir ki, prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkədə dövlət səviyyəsində təmtəraqlı qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Məqalədə müstəqil dövlət kimi əldə edilən çoxşaxəli nailiyyətlər, ilk növbədə, əsrlərlə davam edən tarixi mübarizənin nəticəsi kimi dəyərləndirir: «Azərbaycanlıların milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam edib, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan verib».

Müəllif düşünür ki, ölkənin inkişaf strategiyasını inamla davam etdirən İlham Əliyev qısa müddətdə Azərbaycanı regionun ən sabit və qüdrətli dövlətinə çevirməyi bacarıb. Məqalədə prezidentin sözügedən fərmanından belə bir sitat da gətirilir: «Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir».

Məqalədə vurğulanır ki, ölkənin iqtisadi, siyasi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə qazandığı uğurlar məhz Heydər Əliyevin formalaşdırdığı möhkəm təmələ əsaslanır.

Əmək yarmarkası
Əmək yarmarkası

İŞSİZLƏR ORDUSU

Azadliq.info saytında dərc edilən «İşsiz qalan 2700 bank əməkdaşının aqibəti necə olacaq?» sərlövhəli məqalədə bankların bağlanması nəticəsində işlərini itirənlərin gələcək taleyi ekspert Nemət Əliyevlə müzakirə edilir.

Müəllif qeyd edir ki, yuxarıda göstərilən rəqəmi əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov açıqlayıb və bu qədər bank işçisi məşğulluq mərkəzlərinə müraciət ediblər. Ancaq, hələ, işini itirən, məşğulluq mərkəzinə müraciət etməyən keçmiş bank işçiləri var. Müəllif vurğulayır ki, bu, rəsmi rəqəmlərdir. Reallıqda say daha çox ola bilər.

N.Əliyev hesab edir ki, ölkədə bank sektoru çöküb. O deyir ki, xırda əməliyyatlar istisna olmaqla, banklar, əsasən, valyuta satışı ilə məşğuldurlar. Yalnız valyuta satışı üzərində bank fəaliyyətini qurmaq isə mümkün deyil: «Banklar işçilərini müəyyən müddətə qədər yola verə bildilər. Amma bank fəaliyyəti təmin olunmayıb, bank fəaliyyəti dayanıb. Ölkənin kreditləşməsi dayanıbsa, depozitlərdə, əmanətlərdə artım baş vermirsə, əksinə, tam tərs proseslər müşahidə olunursa, deməli, durum acınacaqlıdır. 10-dan çox bankın fəaliyyəti dayandırılıb, banklar iflas etdiklərini etiraf ediblər. Yerdə qalanların çoxunu da eyni aqibət gözləyir».

N.Əliyev tezliklə böyük bir «keçmiş bank işçiləri» ordusunun yaranacağını istisna etmir. O, bu prosesin digər sahələrə də keçəcəyini proqnozlaşdırır: «Azərbaycanda yalnız bank sektorunda çalışanlar iş yerlərini itirmirlər ki,... Müəssisələr bağlanır, ya da birləşdirilirlər, bütün bunlar isə ağır maliyyə durumunun nəticəsidir».

Manat
Manat

MANATIN TALEYİ

«Exo» qəzetində isə «Dollar ətrafındakı ajiotaj Azərbaycanı növbəti devalvasiyadan xilas edib» sərlövhəli məqalə oxumaq olar.

Müəllif son vaxtlar ABŞ dolları və avroya münasibətdə manatın bahalaşması məsələsini ekspertlərlə araşdırır. Bu məsələdə ekspertlər arasında birmənalı fikir yoxdur. Bəziləri hesab edir ki, manatın sürətli dəyər itirməsi iqtisadi qanunauyğunluqla uzlaşmırdı, bu, bazardakı möhtəkirliklə bağlı idi.

Ekspert Fuad Əlizadə də deyir ki, manat öz minimal müsbət həddinə çatıb. O hesab edir ki, son vaxtlar neftin 50 dollar həddində olması manatın, az da olsa, dəyər qazanmasına imkan verir. Ekspertə görə, bu prosesə təsir edən daha bir mühüm amil qonşu dövlətlərdə valyutaların sabitləşməsidir: «Amma manatın taleyi neftin qiymətindən asılıdır, neft aşağı düşərsə, manatın dəyəri yenə də aşağı düşəcək».

Digər ekspert Əkrəm Həsənov isə düşünür ki, məhz dollar ətrafındakı ajiotaj manatı növbəti devalvasiyadan xilas edib: «Məhdudlaşdırma, daha sonra isə dolların satışının dayandırılması «qara bazar»ın canlanmasına səbəb olub. Vətəndaşlar dolları 1.85 kursu ilə alırdılar, məqsəd də əhalinin əlindəki manatı yığmaq idi. Odur ki, kölgə iqtisadiyyatı manatı «udub»».

Bununla belə, bəzi ekspertlər bu prosesin uzun müddət çəkəcəyinə inanmırlar. Onlar növbəti devalvasiyanın olacağını istisna etmirlər. Ancaq bunun əvvəlki kimi 35-50 faiz yox, 10-20 faiz civarında baş verəcəyini təxmin edirlər.

Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

PAMBIQ TARLALARDA QALIB ÇÜRÜYÜR

«Bizim Yol» qəzetində isə «Pambıq tarlalarda qalıb çürüyür» sərlövhəli məqalə diqqəti çəkir.

Yazıda hökumətin son vaxtlar əsas istehsal sahəsi kimi seçdiyi pambıq yığımına səhlənkar münasibət barədə iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Q.İbadoğlu bu il 51 min hektar sahədə pambıq əkildiyini, bunun ötən illə müqayisədə 3 dəfə çox olduğunu deyir.

Ekspert bildirib ki, regiona səfəri zamanı Muğan düzündə yerləşən pambıqçılıq rayonlarından keçərkən, yol boyu təsərrüfatların vəziyyətini müşahidə edib.

Q.İbadoğlu deyir ki, ilk növbədə diqqəti çəkən indiyədək tarlalarda pambığın yığılmaması olub. Bununla bağlı yerli sakinlərin rəyini öyrənməyə çalışıb. Q.İbadoğlunun bildirməsinə görə, məlum olub ki, bu il bəzi sahələrdə əkin aprel ayında deyil, may ayında həyata keçirilib: «Yerli əhali ilə müzakirələrimizin gedişində o da məlum oldu ki, pambıq yığımı xeyli əziyyətli olmasına, hətta bəzən «qul əməyi» adlandırılmasına baxmayaraq, bu işə görə ödəniş həddindən çox aşağıdır. Belə ki, kəndlilərə yığılan hər kiloqram pambıq üçün 10 qəpik ödəniş vəd olunur. Onun da yerində, nağd formada ödənilməməsi bu işə marağı xeyli aşağı salıb. Beləliklə də, hətta yığıma hazır olan sahələrdə də pambıq tarlalarda qalıb çürüyür».

Ekspert deyir ki, indi Azərbaycanda pambıq «təbliğat bitkisi»nə dönüb.

XS
SM
MD
LG