Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

'Qarşıdakı iki ildə daşınmaz əmlak bazarında canlanma gözlənilmir'


İlham Əliyev Lənkəranda
İlham Əliyev Lənkəranda

İlham Əliyevə ölkədə siyasi rəqibin olmaması, aqrar sahədə hökumətin hədəfləri və daşınmaz əmlak bazarında durğunluq bu gün medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEVİN ALTERNATİVİ YOXDUR

«Azərbaycan» qəzetində dərc edilən «Ümummilli etimadın alternativsiz ünvanı» sərlövhəli məqalədə müəllif xalqın Heydər Əliyev siyasi kursuna və prezident İlham Əliyevə sədaqətini dəyərləndirir.

Məqalənin əvvəlində 2013-cü il prezident seçkisi xatırladılır və onun önəmi belə izah edilir: «Bu, İlham Əliyevin qalib gəldiyi üçüncü seçki olsa da, qazanılan zəfər əvvəlkilərdən daha əlamətdar, daha güclü və daha əzmli idi. Seçicilərin 3 milyon 126 min 113 nəfərinin səsini almaqla, yəni 84.54 faizlə növbəti dəfə ümummilli etimad qazanan İlham Əliyevin bu qələbəsi, əslində, tam gözlənilən oldu. Çünki ötən 10 il ərzində Azərbaycanı tarixin bütün dövrlərinin ən möhtəşəm və qüdrətli səviyyəsinə yüksəltməyə müvəffəq olan Liderin alternativsizliyi birmənalı ictimai rəy idi!».

Müəllifə görə, bu ölkədə onun qarşısına rəqib kimi çıxmağa, seçki yarışına girməyə hazır olan ciddi bir siyasətçi yox idi və indi də yoxdur.
Məqalədə həmin seçkilərdə müxalifətin mövqeyi isə belə dəyərləndirilir: «Bir ovuc siyasi avantürist isə ancaq bir məqsəd uğrunda çarpışırdı: necə edək ki, seçicilər məntəqələrə gəlməsinlər, nə hiylə qarışdıraq ki, «stəkanda fırtına» yaratmağa bəhanə tapaq. Kimin ətəyindən yapışaq ki, bu seçkilərdən sonra bizi siyasi arxivin zibil qabından siyasi masa üzərinə çıxartsınlar?».

Məqalənin sonunda isə bu il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum və onun nəticələri dəyərləndirilir:
«Ümummilli dəstəyin nəticəsi yenə də qürurvericidir: 91 faiz!».

Nazirlər Kabineti
Nazirlər Kabineti

HƏDƏFİ BİLİNMƏYƏN HÖKUMƏT

Azadliq.info saytında dərc olunan «Azərbaycan hökuməti nə istədiyini bilmir» sərlövhəli məqalədə ölkədəki iqtisadi durum ekspert Vahid Məhərrəmli ilə müzakirə edilir.

Yazıda vurğulanır ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair bu günlərdə keçirilən iclasında Azərbaycanın taxıl idxalından asılı olduğunu etiraf edib.

Ekspert düşünür ki, uzun müddət gizlətdikdən sonra bu faktın etirafı hökumətin problemlərini üzə çıxarır: «Yeganə problem idarəetmədir, başqa problem yoxdur. Ölkənin torpaq-iqlim şəraiti, su resursu imkan verir ki, Azərbaycan özünü ərzaq buğdası ilə təmin etsin».

V.Məhərrəmli hesab edir ki, düzgün idarəetmə sistemi qurulsa, Azərbaycan özünü taxılla və digər dənli bitkilərlə təmin edə bilər: «Məhsuldarlığı artırıb maya dəyərini aşağı salmaq lazımdır. Bunun üçün ölkəyə gətirilən mineral gübrə əlverişli deyil. Ölkəyə gətirilən gübrə məhsuldarlığa pis təsir edir. Su resursu kifayət qədər ola-ola fermer bəzən taxılını suvarmağa su tapmır. Problem idarəçilikdədir».

V.Məhərrəmlinin fikrincə, əsas problem ondadır ki, Azərbaycan hökuməti aqrar sahədə, hələ də, prioritetləri müəyyən edə bilməyib: «Nə istəyirlər, hələ də anlaya bilmirəm. Hökumət hər şeylə məşğul olmaq istəyir, amma belə olmur. Bir neçə sahə üzrə ixtisaslaşırsan və ixracını da o üzrə istiqamətləndirirsən. Həm baramaçılıq, həm pambıqçılıq, həm fındıqçılıq, həm heyvandarlıq, həm zeytunluğu inkişaf etdirmək istəyirlər. Hər hektardan 500-600 kiloqram yığmaqla dünya bazarına çıxmaq olmaz. Türkiyə, İspaniyada hər hektardan 4-5 min ton məhsul əldə edirlər, onlarla necə rəqabətə girəcəksən?».

Tikinti
Tikinti

ƏMLAK BAZARINDA DURĞUNLUQ

«Exo» qəzetində «Azərbaycan daşınmaz əmlak bazarı iki eniş, iki yüksəliş yaşadı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazıda ekspertlərlə ölkənin daşınmaz əmlak bazarındakı durumu araşdırır.

Yazıda xatırladılır ki, 2015-ci ildə ölkədə iki devalvasiya baş verdi. Bu, ölkənin bütün iqtisadi həyatı kimi, daşınmaz əmlak bazarına da ciddi təsir etdi. Eksperti Nüsrət İbrahimov deyir: «Manatın dəyərdən düşməsi əmlak bazarına da ciddi təsir edib. Əksər alqı-satqılar pozulub, daşınmaz əmlakın qiyməti isə manatın kursundan asılıdır».

Ekspertin bildirməsinə görə, daşınmaz əmlakda qiymətlər 2014-cü ildə son 10 ilin ən yüksək həddinə çatıb. 2015-ci ildə Bakıda mənzilin bir kv.metrinə 1487 manat dəyər qoyulub, amma alqı-satqı olmayıb.

Ekspert Rəşad Əliyev isə deyir ki, qiymətlərin cüzi enib-qalxması bazarda alqı-satqı canlanmasına səbəb olmayıb.

Yazıda vurğulanır ki, yaxın aylarda da daşınmaz əmlak bazarında ciddi canlanma gözlənilmir. Çünki əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ekspertlər hesab edirlər ki, daşınmaz əmlak bazarında canlanmadan ötrü əhalinin pul gəlirləri artmalıdır.

R.Əliyev qeyd edir ki, bu ilin avqustunda icarə sahəsində müəyyən bahalaşma baş verib. Bu da tələbələrin Bakıya oxumağa gəlmələri ilə bağlı olub: «Əmlak bazarı Bakıda həqiqətən durğunluq dövrünü yaşayır. Adətən tələbələrin hesabına ayaq üstə duran icarə bazarı belə, faktiki olaraq dayanıb. Bütünlükdə isə bazarda situasiyanın yaxşılaşması iki ildən tez olmayacaq».

XS
SM
MD
LG