Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:19

ABŞ Assad qüvvələrinə zərbə endirmək imkanlarını araşdırır


ABŞ qırıcıları
ABŞ qırıcıları

Suriyayla bağlı gərginlik cəmi 3 ay vaxtı qalan Obama administrasiyasını çətin sınaqla üzləşdirib, administrasiya Rusiyayla münasibətlərini gözdən keçirməyə hazırlaşır.

«The Wall Street Journal»ın yazdığına görə, bu gün – oktyabrın 5-də ABŞ-ın milli təhlükəsizlik idarəsi rəsmiləri, eləcə də nazirlər Ağ evə toplanıb, Suriyayla bağlı yeni variantları götür-qoy edəcəklər.

«The Washington Post» isə Assad rejiminə qarşı hərbi əməliyyatların gündəmdə olduğunu xəbər verir.

ŞƏHƏRDƏ YEMƏK QALMAYIB

Suriya və Rusiyanın hərbi hava qüvvələri Suriyanın ən iri şəhərlərindən olan Hələbi günlərdir bombalayır, minlərlə adam, o cümlədən uşaqlar həlak olub, xəstəxanalar da daxil olmaqla, iri tikililər yerlə-yeksan edilib. Beynəlxalq yardım təşkilatları şəhərdə yemək-içmək, dərman və həkim qalmadığını deyirlər.

Birləşmiş Ştatlar və Rusiya Suriya ilə bağlı danışıqları dayandırıb, Amerika Rusiyayla hərbi əməkdaşlıq üzərində işləməyə hazırlaşan heyətini Cenevrədən geri çağırır.

Hələb
Hələb

Danışıqlardan çıxdığını elan edən Birləşmiş Ştatların planı nədir? «The Washington Post» diplomatik mənbələrə istinadla yazır ki, keçən həftə Ağ evdə baş tutan toplantıda Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Qərargah Rəisləri Komitəsinin rəsmiləri Suriya hökumətinə qarşı «məhdud hərbi zərbələr» məsələsini müzakirə ediblər. Amerika rəsmilərinin fikrincə, bu zərbələr Suriya diktatoru Bashar al-Assad-in atəşkəsin pozulması məsələsinə münasibətini dəyişər, Hələb sakinlərinə qarşı cinayətlərinin qarşısını alar və rejimi danışıqlar masası arxasına keçməyə məcbur edər.

GİZLİ ƏMƏLİYYATLAR

«The Washington Post» yazır ki, bəzi Amerika rəsmiləri Hələbdə əməliyyatların qarşısını almaqdan ötrü qanadlı raketlərdən və başqa uzaqmənzilli silahlardan istifadə etməyi məsləhət görür. Onların fikrincə, bu silahlar koalisiya gəmiləri və təyyarələrindən atılaraq Suriya hərbi hava qüvvələrinin uçuş-enmə zolaqlarını dağıda bilər.

Digər variant BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən gizli əməliyyatlara başlamaqdır.

Müzakirələrdə iştirak edən rəsmilərdən birinin «The Washington Post»a verdiyi məlumata görə, ötən danışıqlardakından fərqli olaraq, Assad rejiminə zərbə vurmaq variantının tərəfdarları çoxalıb: «CIA və Qərargah Rəisləri Komitəsi hesab edir ki, Hələbin yıxılması Amerikanın Suriyada terrorla mübarizə məqsədlərini sarsıdar».

S.Lavrov və J.Kerry
S.Lavrov və J.Kerry

RUSİYA YAXŞI BİLİR...

Amma Ağ evin hərbi əməliyyatlar planına dayaq duracağı sual altındadır. «The Washington Post»un administrasiya rəsmilərindən aldığı bilgidə deyilir ki, Obama Suriyada hərbi əməliyyatlara meylli deyil. Dövlət katibi John Kerry də Assad rejiminə təzyiqlərin artırılmasını istəsə də, hələ ki, diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir.

Kerry bu həftə çıxışlarından birində danışıqlardan çıxsalar da, Suriyada müharibəni dayandırmaqda ötrü diplomatik səyləri davam etdirəcəyini bildirib: «Biz Suriyada əməliyyatların uzun müddətə dayandırılması, o cümlədən Rusiya və Suriya təyyarələrinin endirilməsinə nail olmaq üçün əlimizdən gələni edəcəyik».

John Kerry deyib ki, Rusiya sülh məsələsində ciddi olsaydı, fərqli davranardı. Kerry-nin sözlərinə görə, əslində «Rusiya əməliyyatları dayandırmaqdan ötrü nə etməli olduğunu yaxşı bilir».

Oktyabrın 17-də Avropanın xarici işlər nazirləri bir araya gəlib, Suriyaya sülh gətirməyin yollarını müzakirə edəcəklər. Amma «Reuters» bir avropalı diplomata istinadla yazır ki, onlar Rusiyanın strategiyasını dəyişəcəyinə inanmırlar.

XS
SM
MD
LG