Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

Sarksian müdafiə nazirini mülki şəxslə əvəzləyir- Bakıdan reaksiyalar


Ermənistan prezidenti müdafiə nazirini dəyişdi
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Ermənistan prezidenti müdafiə nazirini dəyişdi

Ermənistanın yeni müdafiə naziri Vigen Sargsian mülki şəxsdir. Dünənədək o, ölkənin Prezident Aparatına rəhbərlik edib.

41 yaşlı yeni nazir Rusiya və Qərb təhsillidir, hüquq və diplomatiya üzrə magistrdir. 2000-2003-cü illərdə hərbi xidmətdə Ermənistan müdafiə nazirinin referenti olub.

«Vigen, bir daha təbrik edir və uğurlar arzulayıram. Ölkəmizin inkişafının Sizin fəaliyyətinizlə bağlı olacağını söyləmək artıq olar. Mən hələ müdafiə qabiliyyətimizin gələcəkdə daha da gücləndiriləcəyini demirəm». Ermənistan prezidenti Serzh Sarksian yeni müdafiə naziri haqda bunları söyləyib.

«OHANIAN QARABAĞIN QƏHRƏMANIDIR»

Vigen Sargsian 8 il müdafiə naziri postunda əyləşmiş Seyran Ohanian-ı əvəzləyir.

«Bu o demək deyil ki, Seyran Ohanian pis işləyib. Biz həmişə cənab Ohanian-ın həm bizim orduda, həm də Dağlıq Qarabağda xidmətini çox yüksək qiymətləndirmişik». Bunu isə Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi Eduard Sharmazanov AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.

E.Sharmazanov bildirib ki, S.Ohanian Qarabağın qəhrəmanı, hörmətə layiq şəxsdir.

Buna da bax-General Babayan: 'Qorxuram, Azərbaycan ordusu Yerevanda çay içsin'

Yeni müdafiə naziri haqda isə deyib ki, V.Sargsian üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək: «Məsələn, baxın, Gürcüstanda müdafiə naziri hərbçi deyil, qadındır. Biz başa düşməliyik ki, müdafiə naziri vəzifəsi hərbi vəzifə, general vəzifəsi deyil. Ən yüksək hərbi vəzifə Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsidir».

«Bu sözlər daim müharibə vəziyyətində olan bir ölkə üçün də keçərlidirmi» sualına cavabında E.Sharmazanov Ali baş komandanın dəyişmədiyini bildirib.

S.Ohanian-ın V.Sargsian-la əvəzlənməsinin apreldəki dördgünlük müharibə ilə bağlılığı barədə suala cavabında isə mətbuat katibi bir şey söyləyə bilməyəcəyini deyib.

S.Ohanian-ın gələcək taleyinə gəlincə, E.Sharmazanov bildirib ki, hakim partiya onu başqa sahədə görmək istərdi, ancaq bu, Ohanian-ın özündən asılıdır.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

ƏSAS QÜVVƏ BAŞ QƏRARGAHA VERİLƏCƏK

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, dördgünlük aprel savaşından sonra Ermənistan ordusunun təminatının aşağı səviyyədə olması, korrupsiyalaşması yenidən üzə çıxdı. Bu da cəmiyyətdə narazılıq yaratdığından prezident S.Sarksian müdafiə naziri S.Ohanian-ı Qərb təhsilli V.Sargsian-la əvəz etdi:

«Yəqin prezident Sarksian Qərb modelinə keçmək istəyir. Qərbdə də müdafiə nazirləri, əsasən, mülki şəxslər olur. Bəlkə prezident düşünür ki, Qərb təhsili görmüş bir gənc orduda korrupsiyanın qarşısını alar, uğurlu menecment sistemi qura bilər. Amma məsələ burasındadır ki, Ermənistan Qərb ölkəsi deyil. Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Vigen Sargsian-ın vəzifəsinin öhdəsindən gələ biləcəyi də sual altındadır. O da ola bilər ki, müdafiə nazirini mülki şəxs təyin etməklə müdafiə nazirinin statusu azaldılır. Əsas qüvvə Baş Qərargaha veriləcək. Çünki orda da bir dəyişiklik baş verib. Əsas diqqət Baş Qərargaha ayrılacaq ki, Azərbaycanla mümkün müharibədə məhz Baş Qərargah rəisi ön planda olsun. Müdafiə naziri də sırf menecment, ordunun yenidən qurulması, maliyyə məsələlərinə nəzarət etməklə, ərzaq, geyim məsələləri ilə məşğul olsun».

Buna da bax-Erməni general istefa verir: 'Adımın Əliyevlə eyni siyahıda...'

E.Şahinoğlu bu təyinatın Qarabağ münaqişəsinin müsbət həllinə təsir göstərəcəyinə inanmadığını da bildirir. Deyir ki, münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olmalıydı, amma bunu görmürük.

Əvəz Həsənov
Əvəz Həsənov

PİARA DAHA ÇOX OXŞAYIR

Münaqişələrin həlli üzrə ekspert Əvəz Həsənov Ermənistanın yeni müdafiə nazirini həm cavan, həm də hərbi təcrübəsi olmayan biri sayır. Ekspert hesab edir ki, onun ölkənin hansısa müdafiə imkanlarını artırmaq imkanının olmasını demək çox çətindir: «Bəs, bu təyinat prezident Sarksian-a niyə lazım idi? Təbii ki, Ermənistan indiki durumda müdafiə sistemini gücləndirə biləcək, müasir müdafiə texnologiyası alınması baxımından iqtisadi gücdə deyil. Demək olmaz ki, aprel döyüşlərindən sonra Ermənistan birdən-birə öz müdafiə qabiliyyətini gücləndirməyə maliyyə imkanı əldə edib. Bu nazirin təyinatı nəyi dəyişdirəcək, bunu demək çox çətindir. Sarksian, sadəcə, Seyran Ohanian-ı uzaqlaşdırmaqla Qarabağ klanının son aprel döyüşlərində uğursuz hərbi əməliyyatlarıyla bağlı ittihamlardan qaçmaq istəyir. Eyni zamanda, piarla daha çox məşğul olmaq niyyətindədir. Çünki yeni müdafiə nazirinin də əsas funksiyası daha çox piara hesablana bilər. Xüsusilə, Ermənistana diqqətin artırılması və diaspora ilə münasibətlərin qurulması ilə ölkənin müdafiəsini möhkəmləndirmək, təhlükədə olduğunu inandırmaqdan ötrü piarla məşğul olmaq istəyəcək».

Telman Əbilov
Telman Əbilov

BU TƏYİNATLA PREZİDENT ƏSAS SƏLAHİYYƏTLƏRİ ÖZ ƏLİNDƏ SAXLAYIR

Hərbi ekspert Telman Əbilov isə deyir ki, mülki şəxsi müdafiə naziri təyin etməklə Ermənistan müsbət gediş etməyə çalışır: «İndi dünyanın bir çox ölkələrində müdafiə nazirləri mülki şəxslərdən təyin olunur. Bu da ölkənin imicinə müəyyən qədər müsbət təsir göstərir. Bunu Gürcüstanın da timsalında görmək olur. İndi prezident Sarksian bu addımla müsbət görünüş yaratmaq, özünü müharibə istəməyən prezident kimi göstərmək istəyir. İkincisi də Vigen Sargsian onun ən yaxın adamıdır. Onu müdafiə naziri təyin etməklə müdafiə nazirinin səlahiyyətlərini ona qismən vermiş olur. Əsas səlahiyyətləri isə öz əlində saxlayır. Silahlı Qüvvələri tamamilə özünün nəzarətində saxlamaq üçün, döyüş əməliyyatları da olsa, nəzarətdən çıxmasın deyə, həmin mülki şəxsi təyin edib. Bu təyinatın münaqişənin həllinə təsirinə gəldikdə, Ermənistan müstəqil dövlət deyil. Ona görə də Rusiya nə desə, indiyə qədər etdiyi kimi indən sonra da onu edəcək».

Buna da bax-Erməni politoloq: Bakı incə bir tələ qurur

MÜNAQİŞƏYƏ TƏSİR ETMƏYƏCƏK

Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyevin fikrincə, Ermənistanda yeni müdafiə nazirinin təyinatı Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək: «Ermənistanda hansısa struktur dəyişikliyi, yaxud rəhbərlikdə belə kiminsə dəyişməsi ölkənin siyasətində dəyişiklik yarada bilməz. Çünki Ermənistanın özünün azad siyasəti yoxdur. Qarabağla bağlı Ermənistan özü istəsə belə, qərar verə bilməz. Bu, birbaşa Rusiyanın nəzarətində olan məsələdir».

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində dördgünlük əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini münaqişəni qızışdırmaqda ittiham edir. Azərbaycan prezidenti İlham Əliyev 2 min hektar ərazinin işğaldan azad olunduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG