Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:28

'İqtisadi-maliyyə sistemimizin ən bərbad rəhbər şəxsi Babayev idi'


Bank Standard
Bank Standard

Bu ilin mayında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) sədri Rüfət Aslanlı demişdi ki, hər hansı bankın bağlanması gözlənilmir. Əksər ekspertlər əksini düşünürdü və onlar haqlı çıxdılar. Əmanət həcmi baxımından ölkənin 2-ci böyük bankı olan «Bank Standard»ın lisenziyası əlindən alındı.

Bu bankda problem yaranarkən, hökumət onu «sağlamlaşdırmaq» qərarı vermişdi. Həmin qərarın yanlış olduğunu deyənlərdən biri də bank məsələləri eksperti Əkrəm Həsənov idi. Ekspert AzadlıqRadiosuna müsahibəsində «bank sağlamlaşdırma» qərarını oyun adlandırıb:

- Bəs deyirdilər ki, yaxında daha heç bir bank bağlanmayacaq? «Sağlamlaşdırma»nın ilk günündən dəfələrlə demişəm ki, bu proses qanunazidd aparılır. Sağlamlaşdırılan banka dövlət yetərincə pul verməliydi ki, borclarını ödəsin. Vermirdi və əmanətçilərin hüquqları kobud şəkildə pozulurdu. «Sağlamlaşdırma», sadəcə, imitasiya idi. Söhbət əmanətlərin həcminə görə ölkənin 2-ci bankından gedir. Xatırladıram ki, bu bankı ona görə sağlamlaşdırmaq istəyirdilər ki, onun bağlanması bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola bilərdi. Oldu da! Bu bankda təkcə sığortalanmış əmanətlərin həcmi 460 milyon manatdır. Sığortalanmayan əmanətlər və başqa borclar da var. Həmin pulu indi Əmanətlərin Sığortalanması Fondu qaytarmalı olacaq. Təbii, öz hesabına yox, çünki pulu yoxdur. Yenə Mərkəzi Bankdan kredit alacaq. Beləliklə, Fondun indi o qədər borcu olacaq ki, bəlkə də heç vaxt qaytara bilməyəcək.

- Sizcə, dövlət niyə «sağlamlaşdırma»dan əl çəkdi və sanki sözünü geri götürüb bankı ləğv etdi?

- Axı «Bank Standard»ın sığortalanmış əmanətlərdən də başqa xeyli borcu var, əmlakı isə azdır. Verdiyi kreditlərin çoxu, faktik olaraq, ümidsizdir, batıb. Belə durumda qərara alındı ki, bu bankın bütün borclarını ödəməkdənsə, təkcə sığortalanmış əmanətlərini ödəmək daha sərfəlidir. Bu isə o deməkdir ki, «sağlamlaşdırma» qərarı əvvəldən səhv idi və xeyli vaxt itirildi.
Əslində, itirən yenə xalqımız və dövlətimiz oldu. Çünki sığortalanmış əmanətlər dövlət hesabına qaytarılacaq. Yəni xalqın hesabına. Deməli, kimsə bankı bərbad yönəldir, kimə və necə gəldi kredit verir, sonra da onun əməllərinə görə bizi xərcə salırlar.

- Sirr deyilsə, kimdir o «kimsə» dediyiniz?

- İlk növbədə bu bankın faktik sahibi Heydər Babayev. Bəziləri məni Elman Rüstəmova qarşı rəhmli olmağa çağırır. Elə indicə rəhmli olacağam: iqtisadi-maliyyə sistemimizin ən bərbad rəhbər şəxsi Rüstəmov deyil, Babayev idi. Əvvəlcə qiymətli kağızlar sahəsini elə günə qoydu ki, həmin sahə, faktiki, yoxdur. Sonra da bütövlükdə iqtisadiyyatı bərbad günə qoyub getdi. Lakin yıxılanı baltalamaq istəməmişəm heç vaxt. Amma söhbət onun dövlət vəzifəsindən deyil, özəl bankından söhbət gedir. O bankından ki dövlətimizə ağır zərbə vurdu. Babayev və onun kimilər mütləq məsuliyyətə cəlb olunmalıdır ki, digər bankirlərə də dərs olsun. Əlbəttə, gec deyilsə. Çünki bunun hələ ardı gələcək: Bankların bağlanması davam edəcək, məsuliyyətə cəlb olunansa, yoxdur.

- Bankların bağlanması davam edəcəkmi?

- Bankların bağlanması prosesi bitməyib və yaxında davam edəcək, lakin bunu inkar edirdilər. Bank sistemimiz çox ağır durumdadır və bankların bağlanması davam edəcək. Günahı da özlərindədir: vaxtında borclularla ədalətli davranıb onlara güzəştlər etsəydilər, vəziyyət bu həddə çatmayacaqdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG