Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:47

WP: 'Türkiyənin Qərblə əlaqələri korlanmaqdadır'


R.T.Erdoğan və B.Obama
R.T.Erdoğan və B.Obama

Türkiyədə baş verənlərə Avropadakı müttəfiqlərinin, eləcə də Amerikanın soyuq reaksiyası və Ankaranın bu reaksiyaya hiddəti aradakı münasibətlərə xələl gətirdi. İndi isə çevriliş cəhdindən sonrakı kütləvi təmizləmələrə görə Türkiyə Qərbin qınağı ilə üzləşib. «Qərbin ən mühüm müsəlman müttəfiqi ilə Birləşmiş Ştatların münasibətləri, deyəsən, ən pis həddə çatıb». «The Washington Post»un Türkiyə haqda son məqaləsində belə deyilir.

Qəzet yazır ki, əslində, Türkiyəylə bir çox məsələlərdə əməkdaşlıq – «İslam Dövləti»-İŞİD silahlı qruplaşmasıyla savaşdan tutmuş, miqrantların Avropaya axınının önlənməsinə qədər–Birləşmiş Ştatlardan ötrü o qədər vacibdir ki, əvvəlki tənqidlərinə baxmayaraq, indi Vaşinqton partnyorunun demokratik qaydalarla bağlı öhdəliklərini yerinə yetirməməsinə belə dözməyə çalışır.

ABŞ QƏRAR VERMƏLİ OLACAQ

Hətta bu yaxında Vaşinqton Ankaranı yumşaltmağa çalışaraq, çevriliş cəhdinə gərəkən əhəmiyyəti vermədiyini bildirib. Vitse-prezident Biden avqustda Ankaraya səfəri zamanı həmrəylik səfərini gecikdirdiyinə görə üzr istəyib, ancaq həbslər barədə bir söz deməyib.

Üstəlik, Dövlət Departamenti Türkiyənin Rusiyayla əməkdaşlığını alqışladığını bildirib. Keçən ay Erdoğan, görünür, Türkiyənin dairəsini genişləndirmək məqsədilə Rusiyaya səfər edib münasibətləri yoluna qoydu. Sentyabrda Erdoğan-la Obama da Çində Böyük 20-liyin sammiti çərçivəsində görüşüblər. Birləşmiş Ştatların Ədliyyə Departamenti Türkiyəyə Fethullah Gülen-lə bağlı sorğunu hazırlamağa yardımdan ötrü konqresmen dəstəsi göndərib. Ankaranın Gülen-in həbsindən ötrü dəlilləri Ədliyyə Departamentini inandırsa, federal məhkəmə tələbin yerinə yetirilməsiylə bağlı qərar verməli olacaq. Axı Vaşinqton Gülen-in Türkiyədə çevriliş cəhdinin arxasında durduğunu sübut edən faktlar olarsa, onu Ankaraya təhvil verəcəyini bildirib.

Bütün bunlara rəğmən, həm Qərb, həm də Türkiyə rəsmilərinin fikrincə, çevriliş cəhdindən sonra qarşılıqlı etimadsızlıq kulminasiya həddinə çatıb. «The Washington Post» Türkiyənin AB məsələləri üzrə naziri Ömer Çelik-dən sitat gətirir: «Türkiyə Qərbdəki müttəfiqlərindən gözlədiyi dəstəyi görmədi…Onlar bizə dayaq durmadılar».

VAŞİNQTONU TƏRPƏTMƏK CƏHDİ

Amerika səfirliyi Türkiyənin cənub-şərqindəki çaxnaşmalardan narahatlığını ifadə edən bəyanat yayandan sonra Türkiyənin baş naziri Binali Yıldırım ölkəsinin Amerikanın «demokratiya dərsləri»nə ehtiyacı olmadığını deyib.

Qərb liderlərinin çoxu Erdoğan-ı avtoritar lider hesab edir. «Erdoğan-ın siyasəti Türkiyənin istiqamətini dəyişib, nəticədə ölkə Qərbə arxasını çevirib. Uzaqlaşmayıb, amma müsəlman dünyasına üz tutub». Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) liderlərindən olan Osman Faruk Loğoğlu belə deyib.

R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

Türkiyənin daxilində isə Erdoğan-ın tərəfdarları ilə dünyəvilər arasında güclü ixtilaf var. Amma çoxları, o cümlədən hökumətin tənqidçilərindən də bəziləri çevrilişin arxasında Gülen-in dayandığına əmindirlər və genişmiqyaslı təmizləmələrə, eləcə də Gülen-in həbsi barədə tələblərə haqq qazandırırlar.

Bununla belə, qəzet yazır ki, Amerika rəsmiləri Türkiyənin Qərbə möhkəm bağlandığına əmin olduqlarını söyləyirlər. Onlar Erdoğan-ın Rusiyaya yaxınlaşmasını onun böyük və güclü qonşusu ilə iqtisadi əlaqələri möhkəmlətmək və yəqin ki, həm də Vaşinqtonu bir qədər tərpətmək cəhdi kimi qiymətləndirirlər.

«BAŞQA YOL YOXDUR»

Çoxları hesab edir ki, təhlükəsizliyini təmin etməkdən ötrü Türkiyənin Qərbdən başqa seçimi yoxdur. Amma Kremlə yaxınlaşmanın da bir həddi var. Rusiya Xarici İşlər Nazirliyi bu yaxınlarda Türkiyənin Suriyaya müdaxiləsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

«Şübhəsiz, Birləşmiş Ştatlarla münasibətlər ideal deyil, amma məsələyə obyektiv yanaşanda, Türkiyənin başqa yolu yoxdur». Bunu Kadir Has Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Soli Özel deyib.

Erdoğan-ı yaxşı tanıyan türk rəsmilərinin dediyinə görə, Erdoğan Qərbin onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdığını düşünür. Obama və başqa liderlərin çevriliş cəhdindən çox, bu cəhddən sonrakı proseslərdən narahat olması Erdoğan-ın təəssüratlarını bir az da gücləndirib.

Nəticədə bir çox layihələrin gələcəyi sual altına düşüb. Türkiyə vətəndaşlarının Avropada təhsilini maliyyələşdirən proqramı dayandırıb. Dövlət Departamenti də gələn ilə nəzərdə tutulan təhsil mübadiləsi proqramlarının çoxunu təhlükəsizlik məqsədilə dondurub.

YANLIŞ DƏYƏRLƏNDİRMƏ

Hərbi əməkdaşlıq məsələlərinə gəlincə, «The Washington Post» yazır ki, yüksəkrütbəli türk zabitlərinin 40%-i genişmiqyaslı təmizləmələrin qurbanı olduğundan, Qərb NATO-nun ikinci böyük müttəfiqinin hərbi qabiliyyətinin azala biləcəyindən narahatdır. Hərçənd, baş verənlərin terror əleyhinə əməkdaşlığa xələl gətirmədiyini də deyirlər. Bununla belə, avropalı siyasətçilərin çoxu yaşadıqları müddətdə Türkiyənin Avropa Birliyinə üzvlüyünü təsəvvür etmədiklərini bildirir.

Hazırda Türkiyə hökumətinin aradakı gərginlikdən narahatlığı hiss olunur. Bu yaxınlarda Erdoğan-ın Ədalət və İnkişaf Partiyasını təmsil edən rəsmilərdən ibarət dəstə Vaşinqtona səfər edib, deputat Ravza Kavakçı Kan-ın dediyi kimi, münasibətləri bərpa etmək məqsədilə konqresmenlərlə görüşüblər. Amerikanın Suriya kürdlərinə dəstəyinə cavab olaraq Türkiyənin İncirlik hava bazasındakı Amerika hərbçilərini çıxarmaq ehtimalının olub-olmadığını soruşanda, Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Çelik «Türkiyə də, Amerika da ayrı-ayrı məsələləri ayrılıqda müzakirə etməyin, qiymətləndirməyin yolunu bilirlər» cavabının verib.

İndi, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Eric Edelman-nın dediyi kimi, «təhlükə yanlış dəyərləndirmədən yarana bilər».

XS
SM
MD
LG