Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 21 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq kəndi atəşə tutulub.
Bundan başqa, Noyemberyan rayonundan Qazax rayonunun Qaymaqlı kəndinin vurulduğu açıqlanıb.
Habelə, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin atəşə tutulduğu qeyd edilib.
Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Göygöl, Goranboy və Cəbrayıl rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.