Krımın ilhaqı ən böyük zərbəni buranın kiçik biznesinə vurub. İlhaqdan əvvəl kiçik biznes büdcənin 20%-ni təmin edirdi. Ən əsası isə, əhalinin 1/3-ni işlə təmin edə bilirdi. İndi isə sahibkarların sayı azalır, dükan və ofislər ya yeni sahiblərin, rusiyalıların nəzarətinə keçir, ya da yerli-dibli bağlanır.
3 DƏFƏ AZALMA
2014-cü il yanvarın 1-nə Krımda 16 min hüquqi şəxs qeydə alınmışdı. Onların 15 mini kiçik müəssisə idi. 2016-cı il yanvarın 1-nə yarımadada cəmi 1016 kiçik müəssisə qalıb.
Bundan öncə yarımada əhalisinin 1/3-i kiçik müəssisələrdə işləyirdi ki, bu da 80-90 min adam deməkdir. İki il ərzində Krımda kiçik müəssisə işçilərinin sayı 3 dəfə azalaraq 29 min nəfərə düşüb.
Krımın işğalına qədər mal və xidmət istehsalında kiçik biznesin payı 22.2%, dövriyyəsi isə 14.3 milyard qrivna (2012-ci il yanvarın 1-nə olan məzənnə ilə 1.78 milyard dollar) təşkil edirdi. İlhaqdan sonra bu göstərici azalaraq 2016-cı ilin ilk yarısında 25.8 milyard rubla (500 milyon dollar) çatdı.
KİÇİK BİZNES RUSİYANI MARAQLANDIRMIR
Bu isə büdcəyə vergi daxilolmalarının azalması deməkdir. Məsələn, 2015-ci ildə Krımdakı kiçik biznes 1 milyard rubldan (16 milyon dollar) bir qədər çox vergi ödəyib. Halbuki, 2011-ci ildə bu göstərici 1.06 milyard qrivna (132 milyon dollar) olub. Bu, vergi və digər ödəmələrin ümumi məbləğinin 17%-i idi. Başqa sözlə, 2015-ci ildə Krımda kiçik biznesdən gələn vergi daxilolmalarının həcmi 2011-ci ilə nisbətən 8 dəfə azalıb.
Krımın «hökuməti» də etiraf edir ki, kiçik biznes Rusiyanı maraqlandırmır.
«Rusiya daha çox böyük sahibkarlığın inkişafına meyl edir. Kiçik və orta biznes isə ...unudulub», - Krımın «baş nazirinin müavini» Yevgenita Bavykina ötən il demişdi.
Krımda böyük biznes, demək olar ki, yoxdur. Kiçik və orta biznes isə bu vaxta qədər yarımadanın iqtisadiyyatının 95%-ni təşkil edib. Ancaq kiçik biznesin zəifləməsi Rusiyanı narahat etmir. Çünki yarımada hərbi baza rolunu oynayacaq. Burada müdafiə sahəsi və onu müşayiət edən sahələr inkişaf etdiriləcək. Rusiyanın biznes-ombudsmanı Boris Titov Sevastopolu yalnız Qara dəniz donanması hərbi bazasının satelliti kimi görür.
3 TON PENDİR VƏ KOLBASA MƏHV EDİLİB
Yarımadaya gələn məmurların çoxalması Krımda ev və kirayə qiymətlərinin artmasına səbəb olub. Ev alqı-satqısı və rieltor fəaliyyəti ilə məşğul olanların sayı da artıb. 2014-15-ci illərdə rusiyalılar yarımadada çox sayda ev almağa başladıqlarından burada tikinti şirkətləri də çoxalıb.
Bir sıra fəaliyyətə lisenziya almaq istəyənlər çoxsaylı məhdudiyyət, xeyli xərclə üzləşməli olurlar. Bu isə istehsalatla məşğul olan müəssisələrin sayının azalmasına səbəb olub.
Krımda ticarət sahəsi də çoxsaylı problemlərlə üzləşir. Müəssisələrdən yenidən qeydiyyatdan keçmək tələb olunur. Eləcə də, Rusiyaya idxalı qadağan olunmuş mallara görə saysız-hesabsız yoxlamalar bu sahəni çox geri salır. Məsələn, Krım əhalisinin çox sevdiyi pendir və kolbasa məhsullarının Avropadan gətirilməsi yasaqdır. Təkcə Yaltada bir həftə ərzində 3 tondan çox Avropa mənşəli pendir və kolbasa məhv edilib. Yayın iki ayı ərzində Krımda ümumilikdə 30 tondan artıq qadağan olunmuş məhsul müsadirə edilib.
MÜƏSSİSƏLƏR RUSİYALILARA SATILIR
Ukraynanın qalan hissəsi ilə təsərrüfat əlaqələrinin məhvi, Rusiya ilə logistikanın mürəkkəbliyi ciddi qiymət artımına və biznesin gəlirlərinin azalmasına səbəb olub. Belə ki, malların daşınması həm xeyli vaxt, həm də pul tələb edir.
Bu şəraitdə krımlı sahibkarlar öz müəssisələrini rusiyalılara satmağa, yaxud icarəyə verməyə meylli olurlar. Rusiyalılarsa yerli hakimiyyətlə daha asan dil tapırlar.
Müəssisələrin müxtəlif üsullarla sahiblərinin əlindən alınması praktikası da mövcuddur. Yeni qaydalarla razılaşmayanlara qarşı müxtəlif üsullardan istifadə olunur. Banal yoxlamalardan tutmuş, köşk və kafelərin sökülməsinə qədər. Ən fəal sahibkarlar Krımı tərk edərək Ukraynaya gedir və öz işini orada qurmağa çalışır. Daha az fəallar isə Rusiyada iş axtarmağa gedir.