Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

'Deyəsən, böhran Azərbaycan iqtisadiyyatında hələ sürət yığır'


İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda

Xarici rəy mərkəzlərinin sorğularının nəticələri, həkim məsuliyyətsizliyi, ölkə iqtisadiyyatının durumu, bahalıq bugünkü medianın aparıcı mövzusudur.

GÜCLÜ DÖVLƏT-GÜCLÜ XALQ-GÜCLÜ HAKİMİYYƏT FORMULU

«Azərbaycan» qəzeti «96% -İlham Əliyev Azərbaycanın alternativsiz seçimidir» başlıqlı məqalə dərc edib. Məqalə sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər referendumu öncəsi ABŞ və Fransa mərkəzlərinin keçirdiyi rəy sorğularının nəticələrinə həsr edilib.

Müəllif yazır ki, rəyi soruşulanların 96%-i İlham Əliyevin prezident olaraq öz vəzifəsini uğurla davam etdirdiyini, 82% referendumda iştirak edəcəyini, 92.8% Konstitusiya islahatlarının lehinə olduğunu bildirir.

Sorğunun nəticələrinə görə, 98.4% bu qənaətdədir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından tam qoruyur, 95.9% isə dünyada qeyri-sabit vəziyyət olduğu halda, Azərbaycanın regionda ən sabit ölkə olması düşüncəsindədir.

Müəllifin fikrincə, Azərbaycan 25 illik müstəqillik tarixinin ən güclü dövrünü yaşayır, bölgənin şəriksiz lider dövlətidir, yeni iqtisadi islahat kursu artıq öz səmərəsini göstərir.

Məqalədə deyilir ki, referendum öncəsi müəyyən xarici qüvvələr ölkədə sabitliyi pozmaq istəyir. Amma bu təşəbbüslər nəticəsiz qalacaq və bunun səbəbi xalqın öz liderinə, onun kursuna olan birmənalı etimaddır: «Bu danılmaz faktı sübut edən çoxsaylı amillərdən biri elə ABŞ və Fransa tədqiqat mərkəzlərinin ölkəmizdə keçirdikləri son rəy sorğusunun nəticələridir».

Əməliyyat
Əməliyyat

BÖLGƏLƏRİN PEŞƏKAR HƏKİM PROBLEMİ

Azadliq.info saytında «Həkim binti qadının uşaqlığında unutdu» sərlövhəli məqaləni oxumaq olar.

Məqalədə həkim məsuliyyətsizliyi tənqid edilir. Müəllif deyir ki, belə bir məsuliyyətsizlik Mingəçevir şəhər sakini Südabə Əbdiləzimovanın başına gəlib. O, 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub. Əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, Südabə Əbdiləzimova yenidən əməliyyat keçirməli olub: «Həkim ikinci dəfə də əməliyyatdan sonra səhvə yol verdiyini etiraf edib», – Südabə Əbdiləzimova bildirib.

Müəllif yazır ki, ekspertlər Bakıda göndəriş əsasında qəbulu normal sayırlar. Bölgələrin peşəkar kadr azlığı və düzgün diaqnozun qoyulması kimi ciddi problemləri olduğunu bildirirlər: «Həkimlər məsuliyyətsizlik edirlər. Müşahidələr onu göstərir ki, xəstə müraciət edərkən həkim diaqnozu dəqiqləşdirmədən müalicəyə başlayır. Xəstənin vəziyyəti ağırlaşanda isə «mənim əlimdən heç bir şey gəlmir, özünü Bakıya çatdır» deyir»,– deyə mütəxəssis Soltan Rəhimov vurğulayıb.

Oktay Haqverdiyev
Oktay Haqverdiyev

REAL İQTİSADİ DURUM PİSƏ DOĞRU DƏYİŞİR

«Exo» qəzeti isə «Manatın kursunu uzun müddət saxlaya bilmərik» sərlövhəli məqalədə manatın taleyini ekspert Oktay Haqverdiyevlə müzakirə edir.

Ekspert ölkədəki iqtisadi mənzərəni qəzetə belə təqdim edir: «Deyəsən, böhran Azərbaycan iqtisadiyyatında hələ sürət yığır, ekspertlər nikbin proqnozlar verməyə tələsmirlər. Real durum günbəgün dəyişir, amma yaxşılığa tərəf deyil. İlin əvvəlindən neft 50 dollarlıq həddi dəf edə bilmir, manat ucuzlaşır, qeyri-neft sektorunun inkişafından isə hələlik danışmağa dəyməz. Ekspertlər açıq deyirlər ki, ölkə iqtisadiyyatı eniş dövründən durğunluq dövrünə daxil olur».

O.Haqverdiyevə görə, Maliyyə Nazirliyi növbəti devalvasiyaya getməyə tələsir, manat kütləsi hesabına büdcədəki deşikləri süni şəkildə bağlamaq istəyir. Ekspertə görə, nazirlik xalqın maliyyə durumunu düşünmür. Halbuki, iki devalvasiyadan sonra xalqın həyat səviyyəsi kəskin şəkildə pisləşib. Artıq bu gün xalq «qara gün»ə saxladığı ehtiyatları xərcləyir.

Ekspert hesab edir ki, manatın növbəti devalvasiyası ağır nəticələrə səbəb olacaq: «Düzdür, manatın kursunu uzun müddət saxlaya bilməyəcəyik, devalvasiya olacaq, amma bunu kəskin şəkildə etmək olmaz».

Dükan
Dükan

SATIŞ ÜSTÜNLÜYÜ XARİCİ MALLARIN XEYRİNƏ

«Bizim Yol» qəzetində «Ölkədə istehsal olunan mallar xaricdən gətirilənlərdən bahadır» sərlövhəli məqalədə bu problem araşdırılır.

Müəllif yazır ki, Azərbaycan devalvasiya müharibəsində uduzur, manatın ucuzlaşdırılması ixracı nəinki artırmayıb, əksinə xarici məhsullar Azərbaycan bazarını işğal edir. Müəllif vurğulayır ki, Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə istehsal olunan məhsullar yerli istehsal olan mallar ilə təxminən eyni qiymətə satılır. Hətta bəzi hallarda daha ucuzdur.

Müəllif fikrini əsaslı göstərmək üçün bəzi malların qiymətində müqayisələr aparır: «Kiloqram ilə satılan un üzrə də vəziyyət eynidir. Azərbaycan istehsalı, çəkisi 2 kiloqram olan «Doymak» unu 2.30 manata, «Bismak» 2.35 manata, «Oman» 2.12 manata satıldığı halda, Rusiyadan idxal olunan 2 kiloqramlıq «Tsar» markalı un 2.10 manata, «Qudvill» unu 2.05 manata satılır. Makaron, duru yağ, limonadların satışı sahəsində də yerli mallar idxaldan bahadır».

Müəllif vurğulayır ki, qeyri-ərzaq məhsulları satışında da xarici və yerli malların qiymətləri təxminən eynidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG