Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

BVF-dən Azərbaycana islahatlar çağırışı


Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu

«Azərbaycan neft gəlhagəli illərində xeyli ehtiyat yığdı və böyük sərmayələr qoydu, amma iqtisadiyyatı şaxələndirmək cəhdləri axsadı. Hakimiyyət neftin ucuzlaşmasını tərəfdaşlarıyla ticarətdəki zəif artımla uzlaşdırmaq məqsədilə addımlar atdı. 2015-ci ildə Mərkəzi Bank iki devalvasiyaya getdi və idarəolunan üzən məzənnəyə keçdi». Beynəlxalq Valyuta Fondu sentyabrın 14-də Azərbaycanla bağlı açıqladığı hesabatında belə deyir.

PUL SİYASƏTİ SƏRTLƏŞDİRİLİB

Qurum ölkədə inflyasiyanın artdığını, büdcə defisiti yarandığını qeyd edir. «Maliyyə sektorunun durumu pisləşdi. İnflyasiyanı cilovlamaq və valyutanı dəstəkləmək məqsədilə pul siyasəti sərtləşdirildi. Ölkənin ən böyük bankı yenidən qurulur, bəzi kiçik banklar qapadılır, yaxud onların işinə müdaxilə olunur, yeni maliyyə nəzarəti agentliyi yaradılır», - BVF qeyd edir.

Buna da bax-Vahid Əhmədov: 'Hökumət vaxtında devalvasiyaya getməlidir' [video]

«Azərbaycan iqtisadiyyatının mərkəzində neft və qaz durur. 2006-2014-cü illərdə neftin qiyməti yüksək olanda, ölkədə ÜDM-nin və hökumətin gəlirlərinin 2/3-sini, eləcə də ixracın 90 faizini karbohidrogen ehtiyatları təşkil edirdi. 2016-2019-cu illərdə neft hasilatı azalır, neftin qiyməti isə tarixən aşağı həddinə çatıb. İndi də hökumət təbii qaz çıxarmaya və yeni kəmər şəbəkəsinə yönəlib. Neft ehtiyatları 7 milyard barrel həcmindədirsə, qaz ehtiyatlarının 2.5 trilyon kubmetr olduğu bildirilir. Hakimiyyət xarici neft şirkətlərinin konsorsiumu (AIOC) ilə yeni hasilatın pay bölgüsü sazişi üzrə danışıqlar aparır», - hesabatda deyilir.

İNDİKİ SİYASƏT DAVAM EDƏRSƏ...

«Qısamüddətli iqtisadi perspektivlər zəif görünür. İndiki siyasət davam edərsə, bu il artım azalacaq və gələn bir neçə il ərzində də ləng gedəcək. İnflyasiya isə tədricən düşəcək. Neft çiçəklənməsi dövrünün pul toxluğu növbəti 3 il ərzində defisitə çevriləcək. Devalvasiyalar idxalı məhdudlaşdırdıqca və qeyri-ənənəvi ixracı dəstəklədikcə, cari hesab balansı da düzəlməlidir. Hökumət ödənişlərdəki problemin həllindən ötrü Neft Fondundan kiçik bir hissə vəsait götürməyi planlaşdırır. Davamlı artımın təmin olunması məqsədilə hökumət iqtisadiyyatı sürətlə şaxələndirməyə strategiya hazırlayır, bunu biznesə xoş yanaşan mühit yaratmaqla və struktur islahatları aparmaqla etmək istəyir. İqtisadi artım hələ də neft sarsıntılarına və hökumətin xərcləmələrinə bağlıdır. Maliyyə sektorundakı yenidənqurma artıma böyük risk yaradır», - hesabatda deyilir.

Buna da bax-İqtisadçı: 'Ölkə qıtlığa doğru gedir' (Video)

Qurum konsultasiya və tövsiyələrin əsas məzmununu da açıqlayır. Bildirilir ki, əsas hədəf makro siyasəti yeni xarici mühitə uyğunlaşdırmaq, monetar və fiskal çərçivələri modernləşdirmək, özəl sektorun artımı yoluyla diversifikasiyanı gücləndirmək üçün struktur islahatlarının sürətləndirilməsidir.

İSLAHAT, İSLAHAT, YENƏ DƏ İSLAHAT

BVF vurğulayır ki, valyutadəyişmə məzənnəsinin (ER) çevikliyi idarəolunan üzən məzənnə çərçivəsində artırılmalıdır, bununla ehtiyatlar qoruna, şoklar həzm oluna bilər. Səmərəsiz banklar qapadılmalı, bank sistemi yenidən qurulmalıdır. İqtisadi potensialı artırmaqdan ötrü struktur islahatları gerçəkləşdirilməlidir – idarəçilik gücləndirilməli, biznes qurmağın xərci azaldılmalı, rəqabət və ticarət baryerləri qaldırılmalıdır.

Hesabatda daha öncəki məsləhətləşmələrdən sonra görülən işlərdən də söz açılır. Qeyd olunur ki, hökumət 2014-15-ci illərdə fiskal konsolidasiya yönündə irəliləyib, bu yaxınlarda maliyyə sektorundakı problemlərlə də məşğul olmağa başlayıb. 2016-cı ildə məzənnə çevikliyinə daha çox şərait yaradılıb. Amma fiskal çərçivənin gücləndirilməsi, idarəçilik və biznes mühitinin yaxşılaşdırılmasına yönəlik islahatların sürəti artmayıb.

Ümumilikdə isə, BVF direktorları hökumətin neftin ucuzlaşmasına uyğunlaşmağa və tərəfdaşlarıyla ticarətdə zəif artımı düzəltməyə yönəlik addımlarını alqışlayır. Amma qeyd edir ki, çətin xarici mühit yaxın perspektivdə makroiqtisadi nəticələri əngəlləyə bilər. Direktorlar makroiqtisadi və maliyyə sabitliyini təmin etmək, şaxələnmiş və özəl sektorun öndə getdiyi iqtisadiyyatdan ötrü islahatları sürətləndirməyə çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG