Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 16 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax, Berd rayonundan Tovuz, Krasnoselsk rayonundan isə Gədəbəy rayonu ərazisindəki mövqeləri atəşə tutulub.
Bundan başqa, işğal altında olan Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilib.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.