Bir hərbçinin ailəsi təhlükədədir
Zəlzələdən sonra evi qəzalı vəziyyətə düşən ailə açıq havada gecələyir
«Qoca atam, anam və 6 aylıq körpəmlə hər an uçmaq təhlükəsi olan daxmada yaşayıram. Özüm birinci qrup əliləm. Həyat yoldaşım cəbhə xəttində hərbçi kimi qulluq edir. O qədər imkansızıq ki... Divara bir əl suvaq da çəkə bilmirik».
Bunu AzadlıqRadiosu-na İmişli rayonu, Mirzə Sadıqcan küçəsi ev 14-də yaşayan Səbinə Talıbzadə danışır.
«KÖRPƏM DƏ BİZİMLƏ HƏYƏTDƏ YATIR»
Onun sözlərinə görə, yaşadıqları ev kərpicdən tikildiyindən rayonda baş vermiş zəlzələnin təsirindən qəzalı hala düşüb. Bu isə 6 aylıq körpənin və səhhətində problemləri olan digər ailə üzvlərinin yaşamasını sual altına alıb:
«Körpə də bizimlə bu yayı həyətdə yatdıq. Evə girməyə qorxuruq. İcra hakimiyyətindən də, Fövqəladə Hallar Nazirliyindən də gəlib baxıb deyiblər ki, «ev hər an dağıla bilər». Qoca atam, anam və körpə balamla hara gedəcəyimizi bilmirik».
Buna da bax: Zəlzələdən sonra üç aydır çadırda yaşayırlar
Xanımın sözlərinə görə, rayon icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev onu qəbul edərək dinləyib, yaşadıqları ünvana gələcəyini və baxış keçirəcəyini, kömək edəcəyini deyib. Gəl ki...
«QIŞ GƏLİR»
«Hər dəfə körpə uşaqla gedirəm, saatlarla binanın qarşısında dayanıram ki, kimsə dərdimi dinləsin. Bunlarsa sanki ələ salırlar. Deyirlər, «get, gəlib həll edəcəyik», ancaq gəlmirlər. Durumumuz çox ağırdır. Mən artıq rayon məmurlarına inanmıram. Üzümü şəxsən İlham Əliyevə və Mehriban Əliyevaya tutub kömək istəyirəm. Körpəmin ciyərləri hər gün bir az da sıradan çıxır. Öz əlil canımı kənara atıb iki qocanın, bir körpənin canıyla əlləşirəm. Qış gəlir, bizə yazığınız gəlsin. Həyat yoldaşımın səngərdə keşik çəkməsini, özümün əlilliyimi, övladımın çox körpə, valideynlərimin qoca və xəstə olmalarını nəzərə alın. Dövlətə oğul böyüdürəm. 3 aylığından küçədə gecələyən vətəndaş gələcəkdə torpaq, dövlət qoruyacaq...»
Acınacaqlısı odur ki, Səbinə xanım avtoqəza nəticəsində əlilə çevrildiyindən yerimə qabiliyyətindən məhrumdur və hər dəfə icra hakimiyyətinə dərdini deməyə onu xərəkdə aparırlar.
Buna da bax: 'Zəlzələdən zərər çəkməyənlərə ev tikirlər, biz qalmışıq kənarda'
İmişli rayon icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qurum əməkdaşları həftəiçi ailənin vəziyyəti ilə maraqlanacaq.