Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:17

Bir kişinin "Oblomov"luğunu necə bilmək olar?


Rejissor Nikita Mixalkovun 1979-cu ildə çəkdiyi "Oblomov" filmindən bir kadr.
Rejissor Nikita Mixalkovun 1979-cu ildə çəkdiyi "Oblomov" filmindən bir kadr.

-

"Oblomovkimilər kimdir? Onlar gənc, enerjili, yaraşıqlı kişilərdir. Ehtiraslı danışıq tərzinə, inqilabi fikirlərə, yeni və fərqli düşüncə tərzinə sahibdirlər. Eyni zamanda sinik, məsuliyyətsiz, işləməklə araları olmayan, fağır adamları ələ salan, qadın ürəyi ilə oynamağı sevən adamlardılar".

Günel Mövlud

Oblomovkimilər

Uğursuzların gözəl bəhanələri

Günel Mövlud
Günel Mövlud

“Mən qadın üçün hər şeyimdən keçərəm. Həyatımı min dəfə təhlükəyə ataram. Namusumu, layaqətimi qumara qoyaram. Amma azadlığımdan keçmərəm. Onunla evlənmərəm. Nə qədər sevirəmsə sevim, qadının onunla evlənməyimi gözlədiyini anladığım andan qəlbim daşa dönür. Mən bilmirəm, bu azadlıq nəyimə lazımdır? Niyə azadlıq mənim üçün bu qədər qiymətlidir? Axı mən özümü nəyə hazırlayıram? Bilmirəm...”

Peçorinin (M. Lermontov “Zəmanəmizin qəhrəmanı” qadınlar və azadlıq barədə monoloquna heyran olanda 21 yaşım vardı. Ədəbiyyata meylli, romantik, şair ürəkli qızın Lermontovun odlu-alovlu, qayır-qayır qaynayan qəhramanına vurulmaması mümkün deyildi. O vaxtlar məni Peçorinin psixoloji portretindən daha çox, çılğın təbiəti, ehtiras dolu monoloqları maraqlandırırdı. Açar söz: 21 yaş. Hələ qarşıda həyat, ağrılı təcrübə, min bir hadisə...

Peçorinə heyranlığım və onunla eyni xəmirdən yoğrulmuş digər qəhrəmanlarla tanışlığım arasına uzun illər, kifayət qədər də məşəqqətli həyat girdi. Bu “ailə”nin digər üzvləri Oblomovla (İ. Qonçarov “Oblomov”), Naqellə (K. Hamsun “Misteriyalar”), Oneginlə (A. Puşkin “Yevgeni Onegin”) Rudinlə (İ. Turgenev “Rudin”) tanış olanda həm insan, həm qadın kimi kifayət qədər soyuq başla düşünmə qabiliyyətim vardı. Sinikləşmişdim. Həyat özünü Peçorin, Onegin, Rudin kimi aparan adamların sonradan kimlərə, nələrə çevrildiklərini göstərmişdi. Zaman keçdikcə,bu qəhrəmanlara yenidən nəzər saldıqca, oblomovkimilər məni əməlli-başlı qıcıqlandırır, əsəbiləşdirirdi.

Buna da bax: "Oblomovun divanından hələ də qopmaq istəməyənlər var..."

Bu yazını çoxdan yazmaq istəsəm də, açığı, cəsarət etmirdim. Bizim ədəbiyyatdan az-maz başı çıxan, sözün də demək olduğunu pis-yaxşı bilən oxucularımız belə, çox amansızdırlar. Onları qıcıqlandıracaq, əsəbiləşdirəcək, çaşdıracaq nəsə yazanda, mütləq kürəyinin arxasında bir-iki ağırçəkili klassik dayanmalı, sənin dediklərini əvvəlcədən deməlidir ki, özünü qırğına verməyəsən. Bu mövzuda da mənə həmin klassiklərdən kimsə mütləq lazım idi və o klassiki tapmadan, oblomovkimilərdən yazmağa bərk qorxurdum.

Axır ki, iki ay əvvəl oblomovkimilərlə bağlı mənə arxa dayanacaq klassiki tapdım. Bu, ömünün elə oblomovkimilər yaşında dünyasını dəyişmiş rus ədəbi tənqidçisi Nikolay Aleksandroviç Dobrolyubov oldu. Onun Peçorin, Rudin, Oblomov, Onegin və daha bir dəstə ədəbi qəhrəmanla az qala “dalaşdığı” “Oblomovşina nədir?” adlı geniş tənqidi məqaləsi mənə həm fikirlərimi formalaşdırmaqda, həm də cəsarətlə yazmaqda xeyli kömək oldu.

Rus ədəbi təndiqçisi Nikolay Dobrolyubov. Rus ədəbiyyatında Oblomov tipli qəhrəmanlar haqda ilk dəfə o yazıb.
Rus ədəbi təndiqçisi Nikolay Dobrolyubov. Rus ədəbiyyatında Oblomov tipli qəhrəmanlar haqda ilk dəfə o yazıb.

Qeyd edim ki, Dobrolyubovun “Misteriyalar”la və əsərin qəhrəmanı Nagellə tanış olması mümkün deyildi. Çünki “Misteriyalar” yazılanda Dobrolyubov artıq həyatını dəyişmişdi və bildiyiniz kimi, tənqidçilər ölümlərindən sonra yazılan əsərlər barədə tənqidi fikirlər söyləməyə qadir deyillər. Amma əminəm ki, Dobrolyubov Hamsunun bu əsəri ilə tanış olsaydı, heç düşünmədən Nageli də bu “oblomovkimilər” ailəsinə aid edəcək və ona qarşı da amansız olacaqdı. Bunu da yazım ki, rus tənqidçisinin sözügedən məqaləsi oblomovkimilərin mənəvi-psixoloji portretini çəkməklə yanaşı, “ədəbi tənqid necə olmalıdır?” sualına ən gözəl cavabı verən yazılardan biridir. Amma məqalənin ədəbi-tənqidi keyfiyyətləri barədə başqa yazıda danışarıq. Hələ ki, gül kimi mövzu tapmışıq, ona qayıdaq...

Oblomovkimilər kimdir? Onlar gənc, enerjili, yaraşıqlı kişilərdir. Ehtiraslı danışıq tərzinə, inqilabi fikirlərə, yeni və fərqli düşüncə tərzinə sahibdirlər. Eyni zamanda sinik, məsuliyyətsiz, işləməklə araları olmayan, fağır adamları ələ salan, qadın ürəyi ilə oynamağı sevən adamlardılar. Oblomovkimilərin ən özəl cəhəti budur ki, onlar bir balaca şəhərdə, qəsəbədə, kənddə qəfil peyda olurlar. Bu şəhərdə, qəsəbədə, kənddə öz sadə, təvazökar, rahat həyatlarını yaşayan, gələcəklə bağlı normal planlar quran insanların hamısının həyatlarına qəfil müdaxilə edir, bütün planları alt-üst edir, üstəlik də, prosesin əsas qurbanını – romantik bir qadın taparaq, onu bədbəxt edib, aradan çıxırlar.

Oblomovkimilər işləmir və işləmək istəmirlər. Ölkələrindən, millətlərindən, cəmiyyətlərindən asılı olmayaraq, onlara yaraşan iş yoxdur. Üstəlik, onlar sadə, işgüzar, zirək adamları ələ salır, onlarla məzələnirlər.

Oblomovkimilər işləmir və işləmək istəmirlər. Ölkələrindən, millətlərindən, cəmiyyətlərindən asılı olmayaraq, onlara yaraşan iş yoxdur. Üstəlik, onlar sadə, işgüzar, zirək adamları ələ salır, onlarla məzələnirlər. Tənbəllik və məsuliyyətsizlik, qeyri-ciddilik oblomovkimilərin əsas xüsusiyyətlərindəndir. Onlar öz tənbəlliklərinə gözəl izah da tapırlar – guya bu işləri görmək üçün yaltaqlanmaq, alçalmaq, razılaşmaq lazımdır və guya oblomovkimilər bunu bacarmırlar. (Ümumiyyətlə, oblomovkimilər öz məsuliyyətsizliklərinə, cəsarətsizliklərinə gözəl izahlar verməkdə ustadırlar). Oblomov dul qadının ona verdiyi sığınacaqdan məmnuniyyətlə istifadə etməyi, Rudin Darya Mixaylovnanın himayəsində yaşamağı və kənd əhlindən borc almağı özlərinə yaraşdırır, amma işləməyi özlərinə yaraşdırmırlar.

İvan Goncharovun "Oblomov" kitabı Azərbaycanca.
İvan Goncharovun "Oblomov" kitabı Azərbaycanca.

Onların daha bir vacib xüsusiyyəti var. Oblomovkimilər qadın ürəyi ilə oynamağı sevirlər. Bəzən o öz qurbanlarını sevgilisi, nişanlısı, hətta əri olan qadınlardan seçirlər. Öz həyatını yaşayan, ərə getməyə, nişanlanmağa, taleyini qurmağa hazırlaşan qadınları əldə etmək üçün dəridən-qabıqdan çıxır, bütün intellektlərini, orijinallıqlarını işə salırlar. Bunlar azmış kimi, qurbanlarını özlərinə mənəvi kölə edərək, əlində əsir-yesir qaldıqları eqolarını doyurmaq naminə ali dəyərləri, inqilabi fikirləri, romantikanı, ədəbiyyatı, fəlsəfəni də bu prosesə alət edirlər. Bu yerdə ədalət naminə qeyd edim ki, onlara vurulan, uyan, yoldan çıxan, dəli olan qadınları qınamaq da çətindir. Hətta çox çətindir. Çünki, oblomovçulara vurulmamaq doğrudan da, mümkünsüzdür. Bu əclaflar doğrudan da çox xarizmatik, cəlbedici, maraqlıdırlar. Məsələn mən indi, iyirmi birinci əsrdə, meqapolisin,

Ədalət naminə, Oblomovkimilərə vurulan, uyan, yoldan çıxan, dəli olan qadınları qınamaq da çətindir. Hətta çox çətindir. Çünki, oblomovçulara vurulmamaq doğrudan da, mümkünsüzdür.

sivilizasiyanın ortasında, çox maraqlı insanların əhatəsində yaşadığım bir vaxtda təsəvvür edirəm ki, bu tipdə kişilərə mütləq vurulardım və onlara vurulan bütün qadınlar kimi öz həyatımı alt-üst etməyə hazır olardım. İndi təsəvvür edin ki, öz balaca şəhərlərində, qəsəbələrində duzsuz, maraqsız, fikirlərində,hərəkətlərində heç bir yenilik olmayan kişilərin əhatəsində yaşayan qadınlar necə onlara vurulmaya bilərdi? Buna görə də, gəlin, Rudinə, Oneginə, Nagelə, Peçorinə vurulmalarını bu qadınların əlahiddə quşbeyinliyi, yüngülməcazlığına bağlamayaq və ümumiyyətlə o qadınları qınamayaq.

Buna da bax: "OBLOMOV KİMDİR?"

Oblomovkimilərin qadınlara münasibətləri sadəcə dəhşətlidir. Nikolay Aleksandroviç bu məsələdə mənimlə tam razıdır. Bu adamlar qadınlara heç nə, xüsusilə sevgi vermədikləri və vermək barədə heç düşünmədikləri halda, durmadan qadından qurbanlar tələb edirlər. Qadınlar onlara görə kimisə atmalı, valideynlərinin üzünə ağ olmalı, özlərini konservativ cəmiyyətin qəddar, dedi-qoduçu ağzına tullamalı, təmiz adlarını rüsvay etməli, onların mənəvi əsirləri olmalıdırlar. Onların qadınlardan tələb etdikləri qurbanlar bitib-tükənmək bilmir. Özü də, bütün bu qurbanların qarşılığında oblomovkimilər qadına nə sevgi, nə də vaxt xərcləmək istəmir, onlarla evlənməyi heç düşünmürlər də. Oblomovkimilər qadın qəlbini onların istədiyi kimi hiss etməli olan yaylı oyuncağa, marionet kuklalara çevirməyi arzu etməklə kifayətlənmir, qadının ruhunu öz kölələri etməyə can atırlar.

Oblomovkimilərin hər biri özünə heyran etdikləri qadınlar onlardan azacıq ciddilik, konkret əməl, hərəkət gözləyəndə sanki bir-birilərinin klonları imiş kimi, eyni mantraları işə salırlar:

1) Sən məndən daha yaxşısına layiqsən.

2) Mən məişət qəhrəmanlığı üçün deyil, daha böyük qəhrəmanlıqlar üçün yaranmışam.

Birinci səbəb nə qədər banal görünsə də, ikincisi gözəl bəhanədir. Çox gözəl bəhanədir. Bəşəriyyət yaranandan, kişi qadınla danışmağa başlayandan bu günə kimi, insanlıq belə gözəl bəhanə eşitməyib və eşitməyəcək də. Sadəcə, mükəmməl bəhanədir. Bu, o qədər gözəl bəhanədir ki, könül istər, bəhanə həmişə belə orijinal, mükəmməl, sərrast olsun. O qədər sərrast, mükəmməl bəhanədir ki, bu bəhanəni gətirən insana etiraz eləmək, fikrindən daşındırmağa çalışmaq üçün qadın nə qədər ağıldan, ariflikdən uzaq olmalıdır. Sözü göydə tutan, işarədən anlayan hər bir qadın bu bəhanəni eşidəndə, belə mükəmməl aradançıxma metodu tapan adamın fərasətini, ağlını qiymətləndirməli, bu fərasətin haqqını verməlidir. Verməsə, mən onun yox, oblomovkimlərin yanında olacam... Bütün günü etirazdan, üsyandan danışan oblomovkimilərin, hərəkət anı gələndə onları sevən qadınlara “taleyə boyun əyməkdən başqa çarə yoxdur” demələrini ancaq və ancaq bu bəhanəyə bağışlamaq lazımdır.

Oblomovun tənbəlliyinə haqq qazandırması. "Oblomov" filmi 1979.

Oblomovkimilər həm də uğursuzdurlar. Onlar bu uğursuzluğun da səbəbini çox ustalıqla pis insanların, ağır ya da onlar üçün qəbuledilməz şərtlərin üstünə atır, bütün dünyanı özlərinin uğursuzluğunda günahlandırırlar. Uğursuzluqlarının səbəbini öz tənbəlliklərində, bacarıqsızlıqlarında, yekəxanalıqlarında görmək oblomovkimilərin ağlına da gəlmir. Onlar elə bilirlər ki, uğur, karyera, pul, şöhrət qazanan insanların hamısı bunları əyri yollarla, fırıldaqla, yaltaqlıqla qazanıblar. Və belə adamları tez-tez öz uğursuzluqlarında ittiham edirlər. Buna baxmayaraq, oblomovkimilər bu “yaltaq”, “fırıldaq” adamlarla ünsiyyətə girməyi, onlarla dostluq eləməyi, evlərində qalmağı, onlardan pul almağı doğru hesab edirlər.

Əslində isə, oblomovkimilərin ən böyük bəlası da budur: sevgisizlik. Onlar sevgi hissindən məhrumdurlar. Onlar fərdləri sevməmələrinin adını bəşəriyyəti sevmək qoyur.

Oblomovkimilərin həyatlarını özlərinə haqq qazandırmağa xərcləyirlər. Guya onların tənbəllikləri dahiliklərindən gəlir. Guya acıdillikləri, adamayovuşmazlıqları sevgiyə qadir olmamalarından deyil, hisslərini çooox dərində gizlədiklərindən və büruzə verməyə qorxduqlarından qaynaqlanır. Guya onlar uğursuz deyillər, sadəcə fərasətləri olmayıb.

Əslində isə, oblomovkimilərin ən böyük bəlası da budur: sevgisizlik. Onlar sevgi hissindən məhrumdurlar. Onlar fərdləri sevməmələrinin adını bəşəriyyəti sevmək qoyur. Bir qadını xoşbəxt etmək istəməmələrini bütün insanlığın xoşbəxtliyi üçün çalışmaqları ilə əlaqələndirir. Onlar xırda işlərdə göstərdikləri tənbəlliyin adını “mən daha böyük işlər üçün yaranmışam” qoyur. Zira, oblomovkimilərin bəlası budur ki, onlar ümumiyyətlə sevməyə qadir deyillər. Nə insanları, nə dostlarını, nə zəhməti, nə qadını...

Və oblomovkimilərin narahat davranışlarının, çılğın monoloqlarının, etiraz, üsyan çığırtılarının arxasında bircə məqsəd dayanır: sevgi hissindən məhrumluq kimi bir mənəvi əlilliyi bərk-bərk gizləmək...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG