Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 20:38

Qənimət Zahidin qohumları yenidən hakim qarşısında


Qənimət Zahid
Qənimət Zahid

Sentyabrın 9-da Sumqayıt Apellyasiya Məhkəməsində Qənimət Zahidin qohumları Rövşən və Rüfət Zahidovların şikayətinə baxılıb.

Rövşən Zahidovun vəkili Tahir Xanəliyev AzadlıqRadiosuna deyib ki, şikayətə baxılarkən qanunvericilik tələbləri ciddi şəkildə pozulub.

Vəkil bildirib ki, nə Rüfət, nə də Rövşən Zahidov prosesə gətirilib: «Mən Rövşən Zahidovun vəkiliyəm. Rüfət Zahidovun vəkili başqa şəxsdir. Vəkil də prosesdə yox idi. Belə şəkildə şikayəti araşdırmaq məhkəmə qanunvericiliyinin pozulması deməkdir. Vəkil məhkumun hüquqlarının qoruyur, ona hüquqi yardım göstərir. Amma vəkil heç vaxt məhkumu əvəz edə bilməz».

Vəkil deyir ki, prosesdə bəzi vəsatətlər qaldırıb. Həmin vəsatətlər birinci instansiya məhkəməsində sübutların araşdırılmamasına aid olub: «Əgər həmin sübutlar araşdırılsa, burada bu həbsə bağlı vəzifəli şəxslərin də dindirilməsi lazım gələcək. Bu zaman aşkar olacaq ki, həbsə səbəb olan sübutlar hüquqi baxımdan yolverilməz qaydada əldə edilib və məhkəmə araşdırması üçün etibarlı sayıla bilməz».

Tahir Xanəliyev deyir ki, bundan sonra hakim ittiham tərəfinə müraciət edərək, deyilənlərə münasibət bildirməsini istəyib. İttiham tərəf isə vaxt istəyib. Proses sentyabrın 21-də davam edəcək.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hər biri 6 il azadlıqdan məhrum edilib.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu «Azərbaycan saatı» televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

XS
SM
MD
LG