Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

Bu il 40-dan çox xarici şirkət Azərbaycandan gedib


Maştağa-Bilgəh yolu
Maştağa-Bilgəh yolu

Ölkədə yol tikintisi, Milli Şuranın mitinqi ərəfəsində vəziyyət, ölkədə dollar qıtlığı və xarici şirkətlərin Azərbaycanı tərk etməsinin səbəbləri bu gün medianın aparıcı mövzusudur.

YOL ÇƏKMƏK, KÖRPÜ SALMAQ...

«Azərbaycan» qəzetində «Yol çəkmək, körpü salmaq böyük xeyirxahlıqdır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, hələ, qədim zamanlardan bəri yol çəkmək, körpü salmaq savab iş sayılır. Yazıda qeyd edilir ki, XX əsrin 90-cı illərində Azərbaycanda nəinki kəndarası, hətta magistral şose yolları bərbad vəziyyətdə olub.

Müəllif vurğulayır ki, yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda yol tikintisi inkişaf edib: «Yalnız ulu öndər hakimiyyətə qayıtdıqdan sonra onun uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatımız gücləndi. Ölkəmizdəki inkişafı, sabitliyi görən xarici şirkətlər, sahibkarlar öz sərmayələrini respublikamıza gətirməyə başladılar. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları isə inkişafın lokomotivinə çevrildi. Bax, belə başladı yüksəliş illərimiz. İqtisadiyyatın qan damarı sayılan nəqliyyatın bütün sahələri yenidən qurulmağa başladı».

Müəllif dövlət başçısı İlham Əliyevin son günlərdə Biləsuvar və Salyan rayonlarına səfərlərinə toxunur. Onun Əsgərabad-Muğan-Çaylı və Ələt-Astara-İran avtomobil yolunun Salyan ərazisindən keçən 23.4 kilometrlik hissəsinin açılış mərasimində iştirakı xatırlanır: «Bax beləcə, respublikamızın hər yerində yollar çəkilir, körpülər tikilir. Bunlar ulu öndər Heydər Əliyev ideyalarının və siyasətinin təntənəsidir».

Mitinq
Mitinq

ŞƏHƏR RƏHBƏRLİYİ CAVAB VERMİR

Azadliq.info saytında «Hakimiyyət mitinqdən qorxuya düşüb» başlığı altında Milli Şuranın sentyabrın 11-nə təyin edilən mitinqi ilə bağlı açıqlamasına yer verilib.

Açıqlamada vurğulanır ki, bu mitinqin əsas məqsədi Konstitusiya dəyişiklikləri ilə bağlı həqiqətləri xalqa çatdırmaqdır: «Mitinq ölkədə monarxiya quruluşunu qanuniləşdirməyə xidmət edən müddəalara, hökumətin yarıtmaz idarəçiliyi səbəbindən əhalinin iqtisadi fəlakətlə üz-üzə qalmasına etiraz məqsədi daşıyır. Buna görə də, «Monarxiyaya yox! Talana son!» adlanır».

Yazıda qeyd edilir ki, Milli Şura mitinqin yerini və vaxtını razılaşdırmaqdan ötrü avqustun 31-dә Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Qanuna əsasən şəhər icra hakimiyyəti müraciətə indiyə kimi cavab verməli idi. Bəyanatda şəhər rəhbərliyinin cavabı gecikdirməsi ümumilikdə hakimiyyətin elan olunmuş mitinqdən qorxuya düşməsi ilə izah edilir. Yazıda vurğulanır ki, mitinqin gözlənilən effekti verməməsindən ötrü Milli Şuraya təzyiqlər artıb. Hakimiyyətin bütün təbliğat vasitələri mitinq əleyhinə kampaniyaya başlayıb. Milli Şura hesab edir ki, «Azadlıq» qəzetinin çapına da məhz bu səbəbdən maneələr yaradılır.

Dollar tapılmır. Topdan satış zəifləyib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

BÖHRAN DAHA DA DƏRİNLƏŞƏCƏK

«Novoye Vremya» qəzetində «Manat üçün xilas kəməri və ya dollarla kim möhtəkirlik edir?» başlıqlı yazı oxumaq olar.

Müəllif yazır ki, kimlərsə ölkədə süni şəkildə dollar qıtlığı yaradır və hüquq-mühafizə orqanları buna kəskin müdaxilə etməlidir. Yazıda həmin bu fikri bu günlərdə deputat Vahid Əhmədovun da səsləndirməsinə diqqət çəkir: «Valyuta qıtlığı haqda deyilənlər möhtəkirlikdən irəli gəlir, indi manat ətrafında süni qıtlıq yaradılır»,-deyə deputat bildirmişdi.

Müəllifə görə, manatın bundan sonra da dəyər itirməsi maliyyə və bank sektorunda durumu daha da faciəvi hala gətirə bilər.

Yazıda vurğulanır ki, əslində, son aylar neftin qiyməti cüzi qalxanda da, bu manatın kursuna müsbət təsir etmir: «Ona görə ki, bizim «üzən kurs» yarımçıqdır. Mərkəzi Bank da bu işə müdaxilə edə bilir və bu onu göstərir ki, manat sərbəstləşməyib».

Müəllif yazır ki, indiki halda müdaxilə olmasa, arzuedilməz şok devalvasiya baş verə bilər.

Yazıda həmçinin qeyd edilir ki, dollar qıtlığını tək möhtəkirlərin üzərinə atmaq düzgün deyil. Müəllifin bildirməsinə görə, son hərraclarda tələb təklifi 5-6 dəfə üstələyib. Yazıda vurğulanır ki, manatı yalnız dərin iqtisadi islahatlar, qeyri- neft sektorunun inkişafı, korrupsiya və inhisara qarşı mübarizə xilas edə bilər.

Dükanlar bağlanır
Dükanlar bağlanır

XARİCİ ŞİRKƏTLƏR ÖLKƏNİ NİYƏ TƏRK EDİRLƏR?

«Bizim Yol» qəzetində isə «Xarici şirkətlər kütləvi şəkildə Azərbaycandan gedir» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Müəllif Vergilər Nazirliyinə istinadən deyir ki, 2015-ci ildə 64, bu il isə 45 xarici şirkət ölkəni tərk edib.

Yazıda Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən daha bir neçə rəqəmə də toxunulur. Müəllif bildirir ki, keçən il 71 xarici şirkət və nümayəndəliyi Azərbaycanda fəaliyyətini dayandırıb: «Bu investisiyaların ölkədən çıxması deməkdir, həmçinin xarici kapitallı təşkilatların ölkədən getməsi əlavə işsizlik yaradır. Bu şirkətlərin çoxu neft və infrastruktur layihələrində iştirak edirdilər».

Daha sonra müəllif ölkəni tərk edən ayrı-ayrı şirkətlərin adlarını çəkir.

Yazıda həmin şirkətlərin Azərbaycandan getməsi və ya fəaliyyətlərini dayandırmaları belə izah edilir: «Şirkətlər ardıcıl iki devalvasiya baş verdiyindən, milli valyuta üzən məzənnəyə keçdikdən sonra ölkəni tərk edirlər. Ekspertlər bunun səbəbini iqtisadı fəallığın azalması və əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə də izah edirlər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG