«Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı onun yanında olmaq öhdəliyimiz var. Azərbaycan Türkiyənin yanındadır. Bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir».
Sentyabrın 7-si Avropa Şurası Nazirlər Komitəsində Türkiyədəki çevriliş cəhdi ilə bağlı müzakirələrdə çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Azərbaycan Xarici İşlər Nazirliyinin saytı çıxışın tam mətnini yayıb.
Nazir qeyd edib ki, Azərbaycan lap əvvəldən Türkiyədə konstitusiya və demokratik əsaslara qarşı cəhdləri qınayıb: «Türkiyə regionda və region hüdudlarından kənarda sülhün genişlənməsində, qorunmasında vacib rol oynayır. Onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir».
E.Məmmədyarov Avropa Şurasının Türkiyə rəhbərliyinə dəstək ifadə etməsini təqdir edib: «Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək baxımından vacib idi».
Elmar Məmmədyarov sentyabrın 6-da Fransaya gedib. Nazirliyin yaydığı məlumatda bildirilirdi ki, səfərdə məqsəd sentyabrın 7-də Strasburqda keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etməkdir.
E.Məmmədyarovun tədbirdə çıxışından başqa, bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Bu il iyulun 15-də Türkiyədə silahlı yolla dövlət çevrilişinə cəhdlər edildiyi bildirilir. Türkiyə rəsmiləri bir neçə yüz insanın həlak olduğu bu hadisələrin gedişində Qərb ölkələrinin onlara kifayət qədər dəstək vermədiklərini düşünürlər.