Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:07

Elçibəyin xatirəsinin əbədiləşdirilməsi istənilir


Əbülfəz Elçibəy və Heydər Əliyev, 1993
Əbülfəz Elçibəy və Heydər Əliyev, 1993

Ailəsi mərhum prezident Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsini istəyir. Bu məqsədlə hökumətə müraciət olunub.

Modern.az saytının xəbərinə görə, bunu mərhum prezidentin qardaşı Almurad Əliyev deyib.

Onun bildirməsinə görə, müraciətə, hələlik, cavab verilməyib.

“Məsələnin nə yerdə qalması ilə bağlı yenidən müraciət edəcəyik. 2-3 ay olar ki, ailəliklə qərara gəlib müraciət ünvanladıq. Üstündən bir müddət keçəndən sonra məsələnin nə yerdə qalması ilə maraqlandıq. Onda da dedilər ki, “hələ gözləyin, sizə cavab veriləcək”. Biz də gözləyirik. Bu yaxınlarda yenə də nə vaxt cavab verəcəklərini soruşacağıq”, A. Əliyev bildirib.

Buna da bax: 16 il Elçibəysiz

Əbülfəz Elçibəy 1988-ci ilin sonlarında vüsət alan meydan hadisələrinin öncüllərindən, bir il sonra yaradılan Azərbaycan Xalq Cəbhəsinin sədri olub.

O, 1992-ci ildə prezident seçilib. Ancaq onun hakimiyyəti cəmi bir il çəkib. Bir il sonra Gəncədə 709 saylı hərbi hissənin hökumət və onun əleyhinə çıxmasından sonra Bakını tərk edərək, Kələkiyə gedib. Milli Məclisin qərarı ilə onun səlahiyyəti əlindən alınıb.

4 il anadan olduğu Ordubad rayonun Kələki kəndində yaşayan Ə. Elçibəy 1997-ci ilin oktyabrında Bakıya dönüb. Ə. Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyi təşkilatlarının sədri kimi davam etdirib.

Buna da bax: Ayaz Mütəllibov: 'Çox heyif SSRİ-dən'

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci il avqustun 22-də vəfat edən Ə. Elçibəyin cənazəsi Bakıya gətirilərək, Fəxri Xiyabanda torpağa tapşırılıb.

Əbülfəz Elçibəyin 1illik hakimiyyəti dövründə ( 1992-1993) milli valyuta-manat dövriyyəyə buraxılıb. Qəbulda test üsulu tətbiq edilib. Bundan başqa Rusiya Federasiyasının qoşunları Azərbaycandan çıxarılıb. Ancaq ölkədə bəzi insanlar, xüsusilə də Ə. Elçibəyin tərəfdarları Gəncə hadisələrindən sonra Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməsini onun ən böyük səhvlərindən sayırlar.

XS
SM
MD
LG