Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

İndi yollar 'Qara bazar'dan keçir


İlham Əliyev
İlham Əliyev

Ölkədə iqtisadi inkişaf strategiyası, bank sektorunun durumu, böhran və qiymətlərin kəskin bahalaşması bu gün medianın aparıcı mövzusudur.

BÖHRANDA İNKİŞAF STRATEGİYASI

«Azərbaycan» qəzetində «İlham Əliyevin «Qlobal böhranda milli inkişaf» strategiyası» sərlövhəli məqalə dərc edilib.

Yazı dünyada iqtisadi böhrandan və Azərbaycanda görülən işlərdən bəhs edir: «Hər bir böhran həm də sınaqdır, eyni zamanda, tənəzzüldən inkişafa keçidi sürətləndirən amildir. Bu yanaşma heç də yalnız nikbin, pozitiv ovqat münasibəti deyil. Əksinə, onilliklərdir sınaqlardan uğurla çıxan mükəmməl təcrübə və müəyyən ölkələrin fövqəldövlətə çevrilməsini şərtləndirən faktordur».

Müəllif yazır ki, ABŞ, Yaponiya kimi dövlətlər məhz belə depressiyalardan sonra fövqəl dövlətlərə çevrilib.

Yazıda vurğulanır ki, böhranla üzləşən dövlət düzgün strategiya seçdikdə, onu maneə və təhdidlərdən qoruduqda, ölkə daxilində səmərəli islahatlar tətbiq etdikdə sosial-iqtisadi rifaha nail olmaq olur. Müəllif qeyd edir ki, Azərbaycan hazırda məhz bu yolla irəliləyir.

Yazıda daha sonra Azərbaycanda həyata keçirilən islahatlardan bəhs edilir:
«Bütün bu islahatlar «Böhran şəraitində inkişaf» strategiyasının tərkib hissəsidir. «İnkişafın Azərbaycan modeli»nin məntiqi davamı olan bu kurs yeni dövrün yüksəliş platformasıdır və prezidentin öz təbirincə desək, üç təmələ -düşünülmüş siyasətə, düzgün aparılan islahatlara, ölkənin gələcəyi ilə bağlı mükəmməl proqramlara söykənir».

Müəllifə görə, bu ilin ilk 6 ayının statistik təhlili göstərir ki, Azərbaycan düz yoldadır: «Faktlara istinad etsək, «Böhran şəraitində inkişaf» modelinin cari ilin ilk 6 ayı ərzində nailiyyət hesabatını təsdiq etmiş olarıq: iqtisadiyyata 6.3 milyard dollar sərmayə qoyulub; qeyri-neft sənayesi 2.4 faiz, kənd təsərrüfatı 3.1 faiz artıb. Yoxlamalar 714 dəfə azalaraq 40 mindən 56-ya düşüb. 78 mini daimi olmaqla 90 min iş yeri açılıb. Sahibkarlara 73 milyon manat kredit verilib. Maaşlar, pensiyalar 10 faiz, gömrükdən daxilolmalar 17 faiz, vergidən isə 2 faiz artıb. Yüz mindən çox ailəyə sosial yardım ayrılıb».

Əli Kərimli
Əli Kərimli

ƏLİ KƏRİMLİ: «HAKİMİYYƏT XALQI ƏLƏ SALIR»

«Azadlıq» qəzetində «İndiki şəraitdə 2017-ci ilin «Formula-1»nə hazırlıq elan etmək xalqı ələ salmaq deyil?» sərlövhəli yazı oxumaq olar.

Yazının müəllifi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir.

Ə.Kərimli yazır ki, ölkədə böhran getdikcə dərinləşir və hökumət əhalinin ağır durumuna laqeyd münasibət bəsləyir. AXCP sədri yazıya vətəndaşlara müraciətlə başlayıb: «Aranızda hələ də Milli Şuranın 11 sentyabr mitinqində iştiraka tərəddüd edənlər var? Ancaq hakimiyyət tərəddüdsüz - filansız xalqı ələ salmaqda davam edir. Əvvəlcə çörəyin, suyun, elektrikin qiymətini qaldırdılar. Sonra ərzağın qiyməti sıçrayışla artdı və ticarətçilər topdansatışı, banklar da dollar satışını dayandırdı».

Ə.Kərimli qeyd edir ki, indi dollar «qara bazar»da rəsmi məzənnədən qat-qat baha satılır: «Nüfuzlu «Moody’s» agentliyi bəyan etdi ki, keçmiş sovet ölkələri arasında ən böyük maliyyə böhranı məhz Azərbaycandadır. Xarici şirkətlər ölkəni tərk edir. Əhali yeni bahalaşma, qıtlıq, devalvasiyanın təşvişini yaşayır. Belə bir vaxtda hökumət təcili islahat və anti-böhran tədbirləri elan etmək əvəzinə nə edir? Çıxıb xalqı «muştuluqlayır» ki, gözünüz aydın, bir azdan 2017-ci ilin «Formula-1» yarışlarına hazırlığa başlayacağıq. Bu xalqı ələ salmaq deyilsə, bəs nədir?»,- deyə Ə.Kərimli sual edir.

Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

BANK SİSTEMİNİ XİLAS ETMƏK MÜMKÜNMÜ?

«Exo» qəzetində «Azərbaycanın bank sektorunu necə xilas edək?» sualına cavab axtarılır.

Müəllifin fikrincə, Azərbaycanın bank sektorunda böhran, hələ, indi sürətlənib: «Vaxtı keçmiş kreditlərin həcminin artması və xarici valyutanın satışının tamamilə dayandırılmasına səbəb olan ajiotaj bunun sübutudur».

Qəzetə danışan ekspertlər vəziyyətdən çıxış olaraq deyirlər ki, xarici valyuta ilə kreditləşmə məhdudlaşdırılmalı, müstəsna olaraq ancaq idxal əməliyyatlarında istifadə edilməlidir. Mərkəzi Bank manat-dollar əməliyyatlarını «üzən məzənnə»yə istinadən aparmalı, açıq valyuta limiti bərpa edilməlidir. Nəhayət, «qara bazar»ın ləğvi məqsədilə radikal addımlar atılmalıdır: «Burada bankların fəaliyyətinə sərt yanaşılmalıdır. Maliyyə müəssisəsi fəaliyyət göstərməli, möhtəkirliklə məşğul olmamalıdır».

Bununla belə, ekspertlər etiraf edirlər ki, indi «qara bazarı» ləğv etmək daha çətindir. Odur ki, Mərkəzi Bank xarici valyutanı kredit qurumlarına rəsmi kurs üzrə verməlidir.

Ekspertlər hesab edirlər ki, hökumətin manatın növbəti devalvasiyasına gedəcəyi, yoxsa bu prosesin təxirə salınacağı sentyabrın sonuna kimi bəlli olacaq.

Siqaret
Siqaret

«TÜTÜN BAZARI ÇALXALANIR»

«Novoye Vremya» qəzetində «Tütün bazarı çalxalanır» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Müəllif son bir həftədə siqaretin iki dəfə bahalaşması ilə bağlı yazır: «Tütün məmulatları bir həftədə iki dəfə bahalaşıb. Bu nə deməkdir? İnhisarçıların və ya tütün mafiyasının sövdələşməsidir?».

Yazıda deyilir ki, satıcılar bahalaşmanın səbəbini mal göndərənlərin üstünə atır. Mal göndərənlər də dolların manata nisbətdə bahalaşmasını səbəb olaraq göstərirlər.

Yazıda vurğulanır ki, böhran əhalinin bütün təbəqələrini vurur. Müəllifin fikrincə, möhtəkirlərin vətəndaşların hesabına böhrandan çıxmaq istəmələri yolverilməzdir.

Yazıda qeyd edilir ki, bahalaşmanın əsas səbəblərindən biri ölkədə rəqabətin olmamasıdır: «Bir qayda olaraq, bazarda rəqabət qiymətlərin enməsinə səbəb olur. Bizdə isə bu, əksinə olur. Bu da ondan irəli gəlir ki, bizdə bir çox sahələrdə rəqabət yoxdur, inhisar var. Onlar da öz şərtlərini hamıya diktə edirlər».

Müəllifin fikrincə, bank sektorundakı durum da bu məsələyə mənfi təsir göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG