Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Rusiyanın Bakı sammitindən qazancı


H.Rouhani və V.Putin
H.Rouhani və V.Putin

Moskva Tehranla dialoqu genişləndirir, təkcə Suriya münaqişəsini əhatələməsini istəmir. Elə Bakıda keçirilən sammitin də əsl hədəfi buydu. Bunu Böyük Britaniyada mənzillənən «Chatam House» təşkilatının saytında Nikolay Kozahnov yazır.

Müəllif vurğulayır ki, avqustun əvvəlində Bakıda keçirilən üçtərəfli sammitin təşəbbüskarı Azərbaycan prezidenti İlham Əliyev idi. Amma Moskvanın əsas məqsədlərindən biri Rusiyanın Suriyada və Xəzər regionundan vacib tərəfdaşı olan İranla münasibətləri gücləndirməkdi.

TEHRANIN ŞÜBHƏSİ

«Rusiya-İran ikitərəfli ticarəti azalıb. 2015-ci ildə iki ölkənin ticarət dövriyyəsi 1.24 milyard dollar olub ki, bu da son 10 ildə ən aşağı göstəricidir. Bu ilin ortalarınadək enerji sektorunda birgə layihələr hələ də yerində sayır, Buşehr atom elektrik stansiyasında ikinci və üçüncü enerji bloklarının tikintisi hələ də başlamayıb. Digər sahələrdə münasibətlər daha yaxşı inkişaf etmiş görünür. Belə ki, Moskvanın İranın nüvə sazişində iştirakı Suriyada əməkdaşlığa yol açdı».

«Amma nə İran, nə də Rusiya bu əməkdaşlıqdan məmnundur. Rusiya hakimiyyəti İrandan daha artıq çeviklik, Suriyada əməkdaşlıq istəyir. Bəzi mənbələrə görə, iranlılar Rusiyanın Suriyada hərbi strategiyayla bağlı məsləhətinə qulaq asmaq istəmirlər və bu da Suriya ordusunu və şiə könüllüləri bir neçə ciddi məğlubiyyətə uğradıb. Elə Suriya prezidenti Bashar al-Assad-ın taleyi ilə bağlı konsensusa gəlmək də mümkün olmayıb. Tehran narahatdır ki, Kreml ona bu münaqişədə bərabər tərəfdaş deyil, təbəəsi kimi baxar. Rusiyanın Səudiyyə Ərəbistanı və Yəmən münaqişələrində İranın tərəfini tutmaması isə İran elitasında Rusiyanın tərəfdaşlıq öhdəlikləriylə bağlı suallar yaradır. İranın narahatlığına su səpmək istəyən Moskva ölkəiçi təbliğatda husilərlə bağlı daha pozitiv mövqe tutmağa başlayıb. Axı İran Yəməndə şiəməzhəb husiləri dəstəkləyir».

Buna da bax-'Dost olmayan ölkəni ən azı neytrallaşdırmaq' cəhdi

Müəllif yazır ki, Rusiya hava qüvvələrinin İranda hava bazasından qısamüddətli istifadəsinin durumu yaxşılaşdıracağı güman edilirdi. Amma Rusiya təbliğatı bunu əməkdaşlığın nəticəsi kimi deyil, Moskvanın regionda strateji uğuru kimi təqdim etdi. Bu da Tehranı bazadan istifadəni məhdudlaşdırmağa məcbur etdi.

PARALEL DİALOQ

«Kreml də Tehranın inamını qazanmaqdan ötrü diplomatik strategiyasına dəyişikliklərə məcbur olub. Moskva Xəzərlə bağlı məsələlərlə gündəmi genişləndirir. Bu məsələlərə Cənubi Qafqazda sabitlik, nəqliyyat dəhlizləri, enerji resursları və kəmər infrastrukturu daxildir. Düzdür, bu məsələlər birinci dəfə deyil müzakirə olunur, amma Suriya böhranı başlanandan ilk dəfəydi önə çəkilirdi. Bakı sammitindən öncə Moskva Xəzər regionunda postsovet ölkələrinin maraqlarına əhəmiyyət verirdi. Bu isə Tehranın maraqlarına ziyan vururdu. İran Xəzərdəki ərazi mübahisələrinin beş sahilyanı dövlət arasında konsensusla həllini istəyir».

«Xəzəri bölmək məcburiyyəti iki ölkəni ən çətin məqamlarda belə dialoqu saxlamağa vadar edib. Moskva inanır ki, Xəzər və Suriya məsələləri üzrə paralel dialoq ən yaxşısıdır və Tehran da bu zaman bərabər mövqedə qalır. Rusiyayla İran bir sıra məsələlərdə bir-birinin baxışlarını daha gözardı edə bilməzlər. Buraya Qərbin Orta Asiya və Cənubi Qafqazda iştirakı, narkotik maddələrin qaçaqçılığı, terrorçuluq, transmilli cinayətkarlıq, Dağlıq Qarabağdakı dondurulmuş münaqişə, Xəzərin hüquqi status və Transxəzər kəmərinin davamlı əngəllənməsi daxildir».

İRAN QAZI

Müəllif vurğulayır ki, Moskva həm də İranla Azərbaycanın bəzi birgə layihələrə qoşula biləcəyindən narahatdır. Həmin layihələr Rusiyanın Avropa və Türkiyə enerji bazarlarındakı mövqeyinə ziyan vurar. Elə Bakı sammitində də Putin neft və qazla bağlı daha sıx əməkdaşlığa çağırdı. Əliyev birgə enerji dəhlizləri təklif etdi, yəni Putin özünü elə göstərə bilər ki, əməkdaşlıq təkcə Rusiyanın təşəbbüsü deyil.

«Üçtərəfli format Moskvaya İranın şimal əyalətlərini təbii qazla təmin etmək planını qurmağa fürsət yaratdı. Bu təchizat Azərbaycan ərazisiylə həyata keçiriləcək. Əvəzində Rusiya şirkətləri Fars Körfəzində İrandan mayeləşdirilmiş təbii qaz alacaq. Beləliklə, İranın Türkmənistandan vahid qaz təchizatçısı kimi asılılığı azalacaq. Həm də Rusiya hakimiyyəti İran qazının bir hissəsinin Avropaya getməsini əngəlləyəcək, əvəzində Rusiya şirkətləri vasitəsilə cənubi və şərqi Asiyaya gedəcək».

Yazıda qeyd olunur ki, Kreml Bakı sammitində bir siqnal da vermiş oldu. Axı bəziləri Moskvanın Xəzər regionundakı nüfuzuna, İranla Suriya və nüvə məsələlərindən başqa sahələrdə dialoq aparmaq hüququna şübhəylə yanaşırdılar. «Bakı sammiti ABŞ dövlət katibi John Kerry-nin bir neçə gün öncə Vaşinqtonda Orta Asiya xarici işlər nazirləri ilə görüşünə reaksiya idi. Rusiya göstərmək istəyir ki, Xəzər məsələlərində öncül yeri ABŞ, ya qeyrisi deyil, özü tutur», - müəllif yazır.

XS
SM
MD
LG