Pakistanın şimal-qərbində rayon məhkəməsi qarşısında bomba partladılıb, azı 10 nəfər ölüb, 40 nəfər yaralanıb. Rəsmi bilgiyə görə, ölənlərdən azı ikisi vəkil, ikisi polis əməkdaşıdır. Hadisə Mardan şəhərində baş verib.
Məlumatlara görə, hücum edən şəxs məhkəmənin girişinə qumbara atıb, sonra özünü əsas darvaza önündə partladıb. Yaralılardan bəzilərinin durumunun ağır olduğu bildirilir.
Hücuma görə məsuliyyəti «Jamat ul-Ahrar» adlı müsəlman ekstremist qruplaşması götürüb. Bu qruplaşma Pakistan «Taliban»ının bir qanadıdır.