Bakıda keçirilən 42-ci Şahmat Olimpiadası, ölkəyə pul köçürmələrinin azalması, dollar qıtlığı və valideynlərin məktəbə hazırlıqla bağlı qayğıları bu gün medianın aparıcı mövzusudur.
ŞAHMATIN İNKİŞAFI AZƏRBAYCANDA DÖVLƏT SİYASƏTİDİR
«42-ci Şahmat Olimpiadası ölkəmiz üçün çox əhəmiyyətli beynəlxalq tədbirdir. Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, ona hörməti göstərir».
President.az saytı bildirir ki, dövlət başçısı İlham Əliyev bunu Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşdə deyib.
Dövlət başçısı Bakıda belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinin ənənəyə döndüyünü vurğulayıb: «Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır».
Prezident Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışları yada salıb: «Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilmişdi. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində. Bu il «Formula-1» yarışı keçirildi. Bunun da auditoriyası 500 milyon insan idi. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu gün (sentyabrın 1-i) Şahmat Olimpiadası başlayır. Mənə verilən məlumata görə, 175 ölkənin nümayəndələri Olimpiadada iştirak edəcəklər və bu, rekord göstəricidir».
İ.Əliyev Azərbaycan şahmatçılarına uğurlar arzu edib: «Siz müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr göstərirsiniz. Bizim kişilərdən ibarət komandamız iki dəfə Avropa çempionu olub».
Prezident daha sonra Azərbaycanda şahmat ənənələrindən danışıb: «Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə, hələ, 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulub».
Sentyabrın 1-i Bakıda təntənəli açılış mərasimi keçirilən 42-ci Şahmat Olimpiadası iki həftə çəkəcək.
ÖLKƏYƏ PUL KÖÇÜRMƏLƏRİ 50 FAİZ AZALIB
«Exo» qəzetində «Azərbaycana pul köçürmələri 50 faiz azalıb» sərlövhəli məqalə oxumaq olar. Yazıda ölkəyə pul köçürmələrinin azalmasının səbəbləri ekspertlərlə dəyərləndirilir.
Ekspert Nəriman Ağayevə görə, pul köçürmələrinin azalması ilk növbədə Rusiya iqtisadiyyatındakı böhranla bağlıdır. Onun düşüncəsinə görə, Rusiyada çalışan azərbaycanlıların gəlirləri azalıb və buna adekvat olaraq pul köçürmələri də azalıb: «Azərbaycan manatının birinci devalvasiyası başlayandan indiyə kimi ölkəyə pul köçürmələri ən azı 50 faiz azalıb ki, bunun da böyük hissəsi Rusiya əmək bazarının payına düşür».
Ekspert vurğulayır ki, Rusiya əmək bazarı Azərbaycandan olan əmək miqrantları üçün ən böyüyü idi. Bu əmək bazar itirildikcə, pul köçürmələri də azalır və bu proses davam edəcək: «Yeri gəlmişkən, pul köçürmələrinin həcminin iki dəfə azalmasını Mərkəzi Bank da təsdiq edir. Belə ki, bu ilin yanvar-iyun aylarında ötən illə müqayisədə 22.5 faiz azalma baş verib».
Ekspert deyir ki, bu ilin 6 ayında 423 milyon dollar pul köçürülübsə, 2015-ci ilin eyni dövründə bu rəqəm 546 milyon, 2014-də isə 799 milyon dollar olub.
N.Ağayev pul köçürmələrin azalmasını Azərbaycandan olan əmək miqrantlarının çalışdıqları Rusiyada, Qazaxıstanda və Ukraynada əlverişsiz iqtisadi şəraitin yaranması ilə izah edir.
MANAT MÖVQELƏRİ İTİRİR, QİYMƏTLƏR QALXIR...
«Novoye Vremya» qəzetində isə «Manat mövqeləri itirir» sərlövhəli məqalə ilə tanış olmaq olar.
Yazıda son aylar manatın dollara nisbətən tədricən dəyər itirməsindən bəhs edilir: «İyun ayından etibarən dolların kursu daim artır. Bununla yanaşı isə ölkədə dollar qıtlığı yaranıb. Kommersiya banklarının bir qismi dollar satışını kəskin məhdudlaşdırıb. Bir qismi isə ümumiyyətlə satmır».
Müəllifin gəldiyi nəticəyə görə, əslində dollar satışına məhdudiyyətlərin qoyulması da manatın günbəgün dəyərdən düşməsi ilə bağlıdır. Banklar bahalaşan dolları ucuzlaşan manatla əvəz etmək istəmirlər.
Müəllifə görə, burada devalvasiya təhlükəsi də var. Xaricdən idxal edilən malları ala bilmək üçün valyuta xərclənməlidir, bu xərclənən valyutanın yerini isə doldurmaq, hələlik, mümkün deyil. «Ona görə də qənddən başlayaraq uşaq oyuncaqlarına qədər bütün malların qiyməti qalxıb. Hətta belə şəraitdə hökumətin böhrandan çıxmaq üçün planı yoxdur. Yeganə çıxış yolunu ərzağın və kommunal xidmətlərin qiymətlərin qaldırılmasında görürlər».
Müəllifin təxminlərinə görə, banklar valyuta satmamaqla həm də Mərkəzi Bank önündə borclarının silinməsinə çalışırlar: «Banklar gözəl bilir ki, bu borcları silmək üçün əvvəl-axır hökumət kömək etməyə tələsəcək. Bu, bütün dünyada tətbiq edilir. Elə ki, banklar belə duruma düşür, o zaman hökumət dərin böhranın qarşısını almaq üçün tez köməyə gəlir. Odur ki, banklar bu gün riskə getməyərək daha yaxşı zamanları gözləyirlər, biz isə itiririk».
YENİ DƏRS İLİNƏ KÖHNƏ PALTARLA
«Bizim Yol» qəzetində dərc edilən «Yeni dərs ilinə köhnə paltarla» sərlövhəli məqalədə qiymətlərin başlaması ilə valideynlərin artan qayğılarından söz açılır.
Yazıda qeyd edilir ki, həm məktəbli formalarının, həm də dərs ləvazimatlarının qiymətlərində artım var: «Geyimlər və ləvazimatların bahalaşması ailə büdcələrinin yükünü ağırlaşdırır, valideynlər övladlarını məktəbə ötənilki paltarla yol salacaqlarını deyirlər».
Müəllif yazır ki, çantaların qiyməti 15 manatdan 85 manata, dəftər vərəq sayından asılı olaraq 15 qəpikdən 1 manata qədərdir.
Xətkeşlərin dəsti, qələmdanlar, boyalar, həndəsi fiqurların qiymətləri 40 qəpiklə 8 manat arasındadır. Müəllif məktəbli formasının bahalaşmasının səbəbini belə izah edir: «Əslində, material bahalaşmayıb, sadəcə dollar bahalandığından qiymət artıb. Oğlan, qız fərqi yoxdur, keçən il 1-6-cı siniflər üçün məktəb paltarının qiyməti 34 manat idi. İndi 37 manat olub. 7-11-ci siniflərin geyimi 43 manat idi, 46 manat olub». Müəllifin hesablamalarına görə, məktəbli geyimi bir uşağa azı 60 manata başa gəlir.
Ekspert Zaur Əhmədov qəzetə deyib ki, məktəb bazarlığı valideynlərin büdcəsində ciddi problem yaradıb: «Azərbaycanda məktəb ləvazimatları, geyimlər hamısı xaricdən idxal olunur. Bildiyiniz kimi, milli valyutanın dəyərdən düşməsi və dolların bahalaşması məktəb ləvazimatlarının qiymətini 30-40 faiz artırıb. Bu da ailə büdcələrinə əlavə yük olacaq. Bir uşaqlı ailələrdə bu bir o qədər də hiss olunmur. Ancaq eyni ailədən 2-3 uşaq məktəbə gedərsə, mənzərə dəyişir. Bir uşaq üçün ötən il 110-120 manat olan xərc bu il bir məktəbli üçün 180-200 manat civarına gəlib çıxacaq. Bütün bu bazarlıqlar da sentyabr ayına düşür. Məktəbli övladı olan valideynlərin büdcəsində çox ciddi problemlər yaranacaq».