-
Avqustun 30-da Siciliya boğazında 3 min miqrant xilas olunub. Bununla da son 3 gündə xilas edilən miqrantların sayı 10 minə çatıb.
İtaliya sərhəd xidməti miqrantların rezin qayıqlarda olduğunu bildirir. Bu qayıqlar dənizdə xüsusilə təhlükəlidir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2016-cı ildə İtaliyaya qayıqla 105 min miqrant gedib, çoxu da Liviyadan yola çıxıb. Bu zaman kəsimində səyahətə yola düşənlərdən 2 min 726 kişi, qadın və uşaq həlak olub.
Bu həftə havaların xoş keçməsi qayıq səyahətlərinin sayını artırıb. Avqustun 28-də dənizdən 1100, 29-da isə 6 min 500 miqrant xilas olunub.
Üç ildir İtaliya Avropa miqrant böhranının önündə gedir. 2014-cü ilin əvvəlindən 400 mindən çox miqrant Şimali Afrikadan İtaliyaya keçib. Onlar münaqişələrdən və yoxsulluqdan qaçırlar.