Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:16

'İlhamə dedi ki, telefondan nazirlərin, deputatların nömrələrini silin'


İlhamə Quliyeva
İlhamə Quliyeva

«İlhamə Quliyeva dedi ki, «onun telefonunu alın, oradan mənim bütün tanışlarımın - nazirlərin, deputatların nömrəsini silin». Mehriban içəri girən kimi çantasını əlindən aldılar, kimlərlə əlaqə saxladığını, danışdığını öyrənmək üçün telefonunu, pulunu götürdülər».

Bunu İlhamə Quliyevanın var-dövlətini ələ keçirmək cəhdində ittiham olunan, mərhum xalq artistinin köməkçisi olmuş Mehriban Hüseynovanın məhkəməsində şahid Kəmalə Rüstəmova deyib.

«OTAQDAN QIŞQIRIQ SƏSLƏRİ GƏLİRDİ»

Bir müddət əvvəl internetdə köməkçisinin yalvara-yalvara İlhamə Quliyevadan üzr istədiyi görüntülər yayılmışdı. K.Rüstəmova da, əsasən, həmin hadisə ilə əlaqədar dindirilib.

İ.Quliyevanı M.Hüseynova vasitəsilə tanıdığını deyən şahidin sözlərinə görə, həmin görüntüləri xalq artistinin mətbuat katibi Faiq Ələkbərli çəkib: «Bir gün əvvəl İlhamə xanım mənə dedi ki, «xəbərin var, Mehriban saxta sənədlər düzəldib mənim var-dövlətimi ələ keçirmək istəyir». Bir neçə səsyazısı göstərdi, orada İlhamə xanımın, mənim də ünvanıma təhqiramiz ifadələr vardı. Ertəsi gün məsələni aydınlaşdırmaqdan ötrü Mehribanı İlhamə xanımgilə çağırtdırdıq. Ülvi Qılınc, Faiq Ələkbərli, İlhamə xanımın oğlu Orxan, onun dostu Vüqar Bəkirov da orada idi. İçəri girən kimi məni söydüyünə görə Mehribana sillə vurdum. Çantasını əlindən aldılar. Bir otağa girdilər, oradan qışqırıq səsləri eşidirdim».

Buna da bax-İlhamə Quliyevanın '3 milyonluq' əmlakı...

«TƏKİ MƏNİ XAR ELƏMƏSİN»

M.Hüseynova hakimlərə deyib ki, həmin vaxt onu orada döyüblər, hətta bıçaqla xəsarət yetiriblər. K.Rüstəmova isə bunları görmədiyini bildirib: «İlhamə xanım dedi ki, «onu bağışlayıram, təki məni Floranın, Nazpərinin, Brilyantın, Elzanın yanında xar eləməsin». Mən İlhamə xanıma da dedim, indi də təkrar edirəm, Mehribanın saxta sənəd düzəldib var-dövlət ələ keçirmək istədiyinə inanmıram. İlhamə xanım onsuz da ona etibarnamə vermişdi. Etibarnaməni də mənim yanımda imzalamışdı. Həm də Mehriban ona bir övladın anasına göstərdiyi qayğını göstərirdi. İlhamə xanımın ayağı qorxunc vəziyyətdə idi. Dəfələrlə görmüşdüm ki, Mehriban onun ayağını sarıyır».

Məhkəmə sentyabrın 6-da davam edəcək.

Mehriban Hüseynova ötən ilin oktyabrında saxlanıb.

İlhamə Quliyeva isə bu ilin fevralında xəstəlikdən dünyasını dəyişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG