-
Kəramət
Sən gəlməlisən
Addımların səsinə
Atılmalıyam indi...
İndicə gəlməlisən
Əlində çamadanın.
Dayanıb sakit-sakit
Gözümə baxmalısan.
Birotaqlı mənzilin
Qocalan divarını
uçurub yıxmalısan,
Təyyarədən enməli,
Qatardan düşməlisən,
Ya yerdən çıxmalısan,
Ya göydən düşməlisən.
Qanunları, adətləri soyunub,
Dünyanın o başından
Adamı qışqıra-qışqıra
Qolunu açmalısan,
Üstümə qaçmalısan...
Belə zalımlıq olmaz,
Bu qədər gözləyəni
Gözlətməzlər bu qədər.
Adamlar arasında
Gizlətməzlər bu qədər
Axı, sən gəlməlisən,
Axı...
Sən
Gəl-mə-li-sən...
Müşküllərin müşkülü
Təzə ağaclar əkərdim
Barını yeyən ölməz,
Təzə torpaq hardan alım?
Ev tikərdim,
Qapısından keçənlərin dərdi olmaz
Bu daşlar dünya daşları.
Nəğmələr oxuyardım,
Sirli-sehirli nəğmələr,
(İlahi! O necə nəğmələrdi?)
Təzə sözlər tapammadım.
Təzə ağac, təzə nəğmə, təzə ev,
Ya yerdən çıx, ya göydən en, təzə adam!
Şər qarışanda oxunan sözlər
Məhəmməd Hadiyə
1
Yenə cədvəl üzrə qatarlar gedir
Vağzal da küylüdür bazarlar sayaq.
Bu üzü kədərə dartınan şeir.
Hadinin qəbrini gəzib tapacaq
Bəxt allah səbriydi, qırılar dərin,
Bilirdi vaxtın da yadından çıxıb.
Müsəlman ağlına oxşar illərin,
Başında həmişə ildırım çıxıb.
Şeirə sığındı, sözə qısıldı,
O da hamı kimi sabahı qovdu.
Bir qucaq xəzəli payız adından
Diz çöküb, şeirinin üstünə qoydum.
2
Əlləri piştaxtası
Əlləri arxasında
Şeir satırdı Hadi.
Hadinin dörd əli vardı:
İkisiylə şeir satırdı,
İkisiylə üzünü tuturdu.
Məktub
Səndən məktub gözləmirəm,
Dəbdən düşüb məktub yazmaq.
Zəng eləsən, sevinərəm.
(Telefonum yoxdur ancaq...).
Leyli də məktub yazıb
Sevgidən ölən varmış
Bir qızın həsrətiylə
Bir oğlan şair olarmış.
Bəlkə hərdən xatırlayıb
Məni görürsən yuxuda?
Xatirəni lentə yazdır,
Göndər mənə,
Filmə baxım özüm haqda.
Dəbdən düşür məktub yazmaq,
Poçtalyonun çatası boş.
Sonra səni düşünməyə,
Heç vaxtım da qalmayacaq
Adın çıxacaq yaddan,
Adın “bir qız” olacaq.
“Kim isə” adsız, ünvansız,
Yuxulara gələcək.
Sonra... sonra... sonralar...
Sonranı sonra bilərsən.
Rastlaşsaq, pıçıldaram:
“Sən mənə tanış gəlirsən”.
Şükür, bu xatirəyə,
Bu yuxuya min şükür.