Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 16 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndindən Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki mövqeləri atəşə tutulub.
Habelə, Berd rayonundan Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərinin vurulduğu açıqlanıb.
Nazirliyin bildirməsinə görə, Füzuli, Goranboy və Xocavənd rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.