Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:21

'Üçlər sammiti'ndən verilən mesajlar


Rio-de-Janeyroda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi
Rio-de-Janeyroda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq, ipotekaların verilməsində azalma, vergi yoxlamaları, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli zirvə görüşü bu gün medianın əsas mövzularındandır.

İSLAM HƏMRƏYLİYİNƏ HAZIRLIQ

«Azərbaycan» qəzetində «Azərbaycan Bakı-2017 ilə də nümunə göstərəcək» sərlövhəli məqalə dərc edilib.

Yazıda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından bəhs edilir.

Müəllif bu Oyunların Azərbaycanda keçirilməsini belə dəyərləndirir: «Ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır».

Daha sonra müəllif IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimlərinin düzənləndiyi şəhərlərin siyahısını verir. Yazıda qeyd edilir ki, bu günlərdə XXXI Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyro şəhərində də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi olub.

Müəllif yazır ki, bu Oyunların təşkilində məqsəd islam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir.

Müəllifə görə, Azərbaycan I Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunlarını da ən yüksək səviyyədə təşkil edəcək.

Hassan Rouhani, İlham Əliyev və Vladimir Putin
Hassan Rouhani, İlham Əliyev və Vladimir Putin

QƏRBƏ ALTERNATİV GÜC MƏRKƏZİ

«Azadlıq» qəzetində «Bakıdakı «Üçlər sammiti» nələri dəyişəcək?» sərlövhəli məqalədə Azərbaycan, İran və Rusiya prezidentlərinin avqustun 8-də gerçəkləşən görüşü və bunun bölgəyə mümkün siyasi təsirləri politoloq Hikmət Hacızadə ilə müzakirə edilir.

Məqalədə prezidentlərin görüşü, müzakirə etdikləri məsələlər barədə danışılır.

Hikmət Hacızadə bildirib ki, əslində, İran və Rusiyanın strateji planı Cənubi Qafqazda Qərbə alternativ güc mərkəzi yaratmaqdır: «Əgər belə bu ideya baş tutsa, bunun region üçün ciddi fəsadları ola bilər. Çünki bu alternativ gücün real potensialı, iqtisadiyyatı, maliyyəsi yoxdur. Nəticədə Azərbaycan kimi kiçik ölkələr bu alternativ gücün nəzarəti altına keçməsindən böyük zərərlər çəkəcək».

H.Hacızadənin fikrincə, indiki halda heç Türkiyənin də bu prosesə cəlb edilməsi arzuolunan deyil.

Bina
Bina

İPOTEKADA 51 DƏFƏ AZALMA

«Bizim yol» qəzetində də «İpoteka kreditləri 50 dəfə azalıb» başlıqlı yazı oxumaq olar.

Məqalədə deyilir ki, 2016-cı ilin birinci yarısında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına 1.1 milyon manat kredit verilib. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə ipoteka kreditlərinin verilməsinin 51.4 dəfə azalması deməkdir.

Məqalədə yada salınır ki, Fond 2005-ci ildə yaradılıb, 2006-cı ildən ipoteka kreditlərinin verilməsinə başlanıb.

Müəllif vurğulayır ki, ölkədə sosial ipotekaların verilməsi cəmi 6 ay davam edib.

Məqalədə qeyd edilir ki, dövlət büdcəsindən yalnız sosial ipotekalar maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdən çox deyil.

Artıq illərdir sosial ipoteka almaq Azərbaycanda arzu olaraq qalır...

Qubad İbadoğlu
Qubad İbadoğlu

MÜFƏTTİŞ GƏLİR...

«Yeni Müsavat» qəzeti «Vergi müfəttişlərinin hegemonluğuna son qoyula bilər» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin vergi islahatlarının istiqamətlərinin müəyyənləşdirilməsinə dair imzaladığı sərəncamdan bəhs edilir.

Məqalədə deyilir ki, vergi sahəsində inzibatçılığın gücləndirilməsi haqda sərəncam verilməsinə baxmayaraq, çox zaman vergi müfəttişləri özbaşınalıqlardan əl çəkmirlər.

Qəzetə danışan iqtisadçı Qubad İbadoğlu bu sahədə patent vergi sisteminin tətbiqini önəmli sayır. Q.İbadoğlu deyir ki, həmin sistem tətbiq edildikdə, orta və kiçik sahibkarlar üzərindən basqı, az da olsa, aradan qalxacaq.

İqtisadçı qeyd edir ki, nəzəri baxımdan Azərbaycan vergi qanunvericiliyi mütərəqqi ölkələrin sistemindən geri qalmır: «Ancaq təbii ki, praktikada problemlər var, tətbiqində müəyyən inzibatimüdaxilələr var və vergi orqanlarının bu fəaliyyətlərindən sahibkarlar əziyyət çəkirlər. Yersiz yoxlamalar, lazımsız müdaxilələr də yox deyil».

Q.İbadoğlunun fikrincə, sahibkarların vəziyyətinin yaxşılaşdırılmasından ötrü çox işlər görülməlidir: «Bu məsələdə ən vacib şərtlərdən biri Azərbaycan iqtisadiyyatındakı artım, bankların vəziyyəti və bütün bunlara əhəmiyyətli dərəcədə təsir edən hal - ölkəyə valyutanın gətirilməsidir. Bütün bunların hamısı kompleks şəkildə həyata keçirilməlidir ki, nəticə müşahidə olunsun».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG