Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:07

Krediti ödəyə bilməyən neynəsin, ölsünmü?


İntihar.
İntihar.

-

"Ay allahsız, sənin övladın yoxdur? Niyə başa düşmürsən ödəyə bilmirəm də, öldürüm özümü? Səhərdən-axşama kimi qul kimi işləyirəm. Balalarım elə gün olur ac yatır".

Qulu Məmmədov

İntihar krediti (hekayə)


Fuad qəmgin halda ayaqlarını sürüyə-sürüyə banka daxil oldu. Sıra ilə əyləşib hərəsi bir işlə məşğul olan, “şux geyimli” işçilərin qarşısından keçərək, birbaş Abbas müəllimin - müdir müavininin otağına doğru getdi.

O, artıq son iki ayda on dəfədən artıq idi ki, bu cansıxıcı otağa ömüründə eşitmədiyi sözləri dinləmək üçün gəlirdi. Yenə Abbas müəllimin məzəmmətli danlağını götürəcək, qürurunu dağlayan sözlərin təsirindən 2-3 gün özünə gəlməyəcəkdi. Amma başqa yolu da yox idi.

Qapını döyüb, gözləməyə başladı. Otağdan yoğun səslə Abbas müəllim “Gəl görüm” -deyərək, gər səsini işə saldı. Fuad astadan qapını açaraq, icazə istəyib, otağa daxil oldu. Abbas müəllim Fuadı görən kimi qaş-qabağını düyünləyərək, kreslosuna yayxanıb, məzəmmətlə onu süzməyə başladı: “Əəə, bizi nə qədər dolayacaqsan? Adama nə qədər söz deyərlər? İki aydır gündə sabah deyib, sarımısan bizi. Müdirə demişəm hələki, səni məhkəməyə verməmiş, kredit borcunu canın çıxsın gətir ödə, dədənə borcumuz var, əə? Yoxsa, pis olacaq səninçün, bax deyirəm, iş məhkəməyə getsə, hardan olsa tapıb ödətdirəcəklər sənə, ya da basacaqlar içəri buz kimi betonun üstündə yatanda ağlın gələcək başına”. Sanki, sözlər qaynar su kimi tökülürdü Fuadın başına. Başını aşağı salıb, dişlərini bir-birinə qıcayaraq, key kimi dinləyirdi bu yekəpər adamın zəhlətökən səsini. İmkanı olsaydı xəcalətindən yerə girərdi indi. Amma başqa yolu yox idi, dinləməyə məhkum idi bu yaramaz adamı.

Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

Fuad sakit, təmkinli adam idi. Qüruruna toxunan ən xırda eyhamlı sözü belə rahat qəbul edə bilmirdi. Normal təhsil almadığına görə bank haqq-hesabından, məhkəmə çəkişmələrindən çox qorxurdu. Düşünürdü, Allah eləməmiş bu işə görə birdən onu həbs edərlər, arvadının, uşaqlarının taleyi necə olar? Yaşadıqları kirayə evdə Fuadın taxta-şalban dükanında fəhlə işləyərək gündəlik aldığı 5-10 manat da kəsilsə, nə yeyəcək körpə balaları? Bütün qohumları da onun kimi gündəlik dolanışacaqlarını zorla ödəyirdilər bu ehtiyaclar ölkəsində. Kimin qapısına gedəcəkdi yazıq ailəsi? Bu halını düşüncəsində canlandırmağa belə cəsarət etmirdi. Kirayə yaşadıqları evin son iki ay idi ki, kirayə pulunu da verə bilmirdi. Hər gün ev yiyəsi pulunun dalıyca gəlib, yarım saat haray-həşirdən sonra çıxıb gedirdi. Sonuncu dəfə dünən gəlmişdi ev yiyəsi və gedəndə dedi ki, əgər üç gün sonra pulunu verməsələr mitillərini evdən bayıra tullayacaq. Üç azyaşlı, bir-birindən gözəl qızlarının böyüyün altı yaşı ən balaca qızının bir, oratancıl qızının isə üç yaşı yenicə tamam olmuşdu. Fuad özündən çox istəyirdi bu mələkləri. Hər gün işdən qayıdanda yorğunluğunu onlarla oynayaraq çıxarırdı.

Abbas müəllim isə Fuadın kredit haqq-hesabından, məhkəmə proseslərindən qorxduğunu duyub, susmağından istifadə edərək, getdikcə daha da qızışırdı. “Yadındadır pulu götürəndə necə yalvarırdın? Beş dəfə gəlib-gedəndə sonra zorla aldın pulu, balam pislik etdik sənə? Müdir də mənə itin sözünü deyir hər gün sənə görə. Adamda kişilik olar axı. Özün də bilirsən ki, vəziyyət pisdir, manat günü-gündən ölür, sən hələ sevin, olmayan papağını at-tut ki, sənə krediti dollarla verməmişik”.

Fuad bir il öncə ticarətlə məşğul olmaq məqsədi ilə bankdan 2500 manat məbləğində istehlak krediti götürmüşdü. Amma işləri düz gətimədiyindən cəmi üç ay sonra təmiz müflis olmuşdu. Banka olan kredit borclarını ödəyə bilməyib, belə pis duruma gəlib çıxmışdı.

Buna da bax: «İnanın, indiyə kimi mən ancaq faiz ödəyirəm»

Yekəpər, danışanda ağzı köpüklənən Abbas müəllim susmaq bilmirdi “Dillən görüm nə vaxt ödəyirsən pulu? 1200 manat ödəsən kredit ödənişin qaydasına düşəcək”

İndi Fuadın cibində nəinki 1200 manat heç 1 manatı da yox idi. Hər gün işdə günün sonunda aldığı 15 manat sadəcə, ailəsinin yeməyinə belə çatmırdı.

“Sən mənə cavab verməyəcəksən, ə düdük?”-deyə, Abbas müəllim qarşısındakının hüquqlarını bilmədiyini, qanundan anlamadığını bilib, yazıq durumundan istifadə edib, “şirə” dönmüşdü.

Fuadın artıq əsəbləri dözmürdü. Əlləri dayanmadan titrəyir, ürəyi sürətlə döyünürdü. Bütün bədənini soyuq tər basmışdı. Nə qədər əsəbinə cilovlamağa çalışsada özünü ələ ala bilmədi. İrəli yeriyib, gödəkboy, şişman bədənli Abbas müəllimin boğazından yapışaraq, onu divara dirədi. Yumuruğunu sıxaraq ona zərbə endirməyə çalışsa da, o dəqiqə qızları gözünün qabağına gəldi. Yumuruğunu var gücü ilə divara vurub əlini qanatdı. O, əsəbi halda yüksək tonla, sol əlini Abbas müəllimin boğazından çəkməyərək “Mən çalışıram, gecələr yata bilmirəm bu fikirdən, fəhlə işləyirəm aldığım pulla ailəmi belə dolandıra bilmirəm, iki aydır kirayə qaldığım evin pulunu da ödəyə bilmirəm, nə edim? Hara gedim? Necə baxım qızlarımın gözünə. Ay allahsız, sənin övladın yoxdur? Niyə başa düşmürsən ödəyə bilmirəm də, öldürüm özümü? Səhərdən-axşama kimi qul kimi işləyirəm. Balalarım elə gün olur ac yatır. Mən üç aydır doyunca yemək yeyə bilmirəm. Mən borclu qalmağı vicdanıma sığışdırmıram, yeni iş tapan kimi borcunuzu qaytaracağam, amma indi bacarmıram, bacarmıram ...”

Səs-küyə muhafizəçi və bir neçə işçi yüyüyürərək otağa daxil oldular. Mənzərə sanki işçilərin də ürəyindən idi. Abbas müəllim çox keyfiyyətsiz adam idi. Heç kimlə bir kəlmə xoş söz kəsməzdi, elə ancaq gününü işçiləri danlayıb, “ağır” sözlərlə hədə-qorxu gəlməklə keçirərdi. Bank müdirinə də elə belə adam lazım idi: onun bütün işlərini həll etsin, gecikən kreditləri də hədə-qorxu yolu ilə vaxtında toplaya bilsin.

Birtəhər Abbas müəllimi Fuadın əlindən aldılar. O, qırışmış qalustukunu düzəldə-düzəldə, boğuq səslə “Əgər, sabaha qədər borcunu ödəməsən məhkəmədə cavab verərsən”-deyib, heçnə olmamış kimi yerinə otururaraq, stolunun üstündəki sənədləri eşələməyə başladı.

Fuad iş yerinə çatanda artıq, iki saat idi ki, geçikirdi. O, paltarlarını dəyişmək üçün paltar soyunub-geyinmə otağına keçmək istəyirdi ki, dükanın sahibi- Arif müəllim acıqlı səslə onu yanına çağırıb, hökmlə dilləndi:

-Hardasan sən? səhərdən 5-6 müştəri sənə görə çıxıb getdi. Mənə sənin kimi işçi lazım deyil. Bura səninçün istirahət məzrkəzi deyil, istədiyin vaxt gəlib, istədiyin vaxt da gedəsən, bu xarabanın yiyəsi var, sən də buarada fəhləsən, ağa yox. Yaxşı yol sənə, işdən azadsan”.

Onsuz da səhərdən qanı “qaralan” Fuad yenidən daha bir “uçuruma” yuvarlandı. Bu gün bütün işləri tərs gətirmişdi nədənsə.

O, indi yüksək surətlə gedir, addımlarını daha yeyin, daha cəld atırdı, sanki harasa tələsirdi.

Avtobusdan düşüb, sürücüyə yolpulunu vermədən uzaqlaşdı. Sürücü arxasıyca nə qədər söyüş yağdırdısa da heç bir reaksiya vermədi. Yanacaqdoldurma məntəqəsinə yaxınlaşıb, satıcıdan benzin istədi.

- Qardaş, irəlidə avtomobilimin benzini qurtardı, xahiş edirəm mənə 1 litr benzin verin.

Satıcı benzini verib, pulunu gözlədi. Fuad əlini irəli uzadaraq

- Qardaş o, maşını görürsən? mənimdir. Pul maşındadır, maşını götürüb gəlirəm.

Fuad aldığı 1 litr benzini üstünə tökərək, səhər gəldiyi bankın qarşısında qələbəlik yaratmışdı. Fuadın bu hərəkətini görüb, ərziyə xeyli insan toplaşmışdı.Polis və digər səlahiyyətli qurumların əməkdaşları da ardıcıl hadisə yerinə tələsirdilər. Fuad tam “hazır” vəziyyətdə idi. Əlindəki alışqanın bir hərəkəti bəs edirdi ki, özünü yandırıb vəda etsin bu məhrumiyyətli həyatına.

Onu fikirindən daşındırmaq üçün bankın qarşısına psixoloq da dəvət etmişdilər. Amma indi özündən başqa heç kimi düşünə bilmirdi Fuad. Yeganə bir istəyi vardı- intihar.

Son olaraq işlədiyi yerdən də qovulması, həyatla ölüm arasında çarpışan, “milyonlar səltənəti” üstündə dilənçi olmağa məcbur edilmiş, milyonların bir nümayəndəsi olan Fuad, indi intihardan başqa çıxış yolu düşünə bilmirdi.

O an düşündü: bəs, balalarına axşam nə aparacaq axı, evdə yeməyə heçnə qalmamışdı. Bəs, kirayə pulu? Bunu da bəlkə birtəhər yoluna qoya biləcəkdi. Qəfildən Abbas müəllimin şişman, çopurlu, qara sifəti yadına düşdü və elə oradaca beyni tormozlandı. Başqa nəsə haqqında düşünə bilmədi artıq. Elə, intihar qərarını da o an verdi.

Təcili tibbi yardım avtomobilində əlini tutan orta yaşlı tibb bacısına son olaraq bu sözləri deyə bildi: “Qadalarınızı alım, qızlarıma təcili çörək aparın, onlar 2 gündür acdırlar”.

Gənc yazar Qulu Məmmədov.
Gənc yazar Qulu Məmmədov.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG