Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 18 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan və İcevan rayonlarından Qazax rayonunun Quşçu Ayrım kəndi atəşə tutulub.
Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin də vurulduğu açıqlanıb.
Nazirlik bildirir ki, Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.