İnzibati cəza alan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sumqayıt şəhər Gənclər Təşkilatının sədri Ruslan Qarayevin vəkili Asabəli Mustafayev yenidən müdafiə etdiyi şəxslə görüşünə əngəl yaradıldığını bildirir.
Bu haqda vəkilin özü məlumat verib.
Vəkilin deməsinə görə, iyulun 30-da saatlarla Sumqayıt Şəhər Polis İdarəsinin qarşısında gözləməli olub.
Ə.Mustafayev 102 xidmətinə zəng etdiyini, ancaq bunun da faydasız olduğunu qeyd edib. «Artıq 4-cü dəfədir R.Qarayevlə görüşə imkan vermirlər. Əvvəl iki cəhddən sonra iyulun 25-də görüşə icazə verilmişdi. Yenə rəisin olmadığını bəhanə gətirirlər. Ancaq vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün rəisin icazəsinə ehtiyac yoxdur. 102 xidmətinə zəng etmişəm, nəticəsi yoxdur. Ombudsman Aparatına zəng etdim, dedilər araşdırırıq. Ancaq yenə nəticə yoxdur», -vəkil deyib.
Ə.Mustafayev görüşə imkan verilməməsi ilə bağlı gərəkli hüquqi addımlar atacağını da qeyd edib.
Daxili İşlər Nazirliyi vəkilin müdafiə etdiyi şəxslə görüşünə imkan verilməməsini şərh etməyib. Nazirlikdən deyiblər ki, «məsələ araşdırılacaq».
Ombudsman Araratından da vəkilin müraciətinin araşdırıldığı bildirilib.
AXCP Sumqayıt şəhər Gənclər Komitəsinin sədri R.Qarayev iyulun 20-də saxlanıb. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır. R.Qarayevə 20 gün inzibati həbs cəzası verildiyi bildirilir.
AXCP rəhbərliyində gəncin üzərinə böhtan atıldığını, onun sifarişlə saxlandığını düşünürlər.
Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bildirir.
Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.