Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:46

Türkiyə ordusu çatlaq qüvvədir


R.T.Erdoğan və generallar
R.T.Erdoğan və generallar

Türkiyə demokratiyasının gizli silahı; Niderlandlı kişilər və latviyalı qadınlar dünyada hamıdan ucadırlar – 27 iyul Qərb mediasının icmalı.

«Hələ bir neçə həftə öncə komandir Adem Huduti Türkiyənin Suriya sərhədi boyunca qüvvələrini təftiş edirdi. Yerli media onun «İslam Dövləti» (İŞİD) qruplaşması və kürd yaraqlılarıyla mübarizədəki rolunu alqışlayırdı. Bu gün isə Türkiyə 2-ci ordusunun rəhbəri İstanbuldan 216 km şərqdə yerləşən Düzce həbsxanasındadır. O, uğursuz çevriliş qiyamında iştirakda şübhəli bilinərək həbsə atılan ən yüksəkrütbəli hərbçidir». Bunu «Reuters» agentliyində Hümeyra Pamuk və Gareth Jones yazırlar.

Müəlliflər sürətlə yatırılan qiyam cəhdinin NATO-da ikinci böyük orduda parçalanmaları üzə çıxardığını vurğulayırlar. Ordunun qonşu Suriyadan gələn İŞİD təhlükəsi, eləcə də kürd yaraqlılarına qarşı duruş gətirməsi barədə şübhələr peyda olub.

«Türkiyə ordusu sınmış bir qüvvəyə çevrilib, müalicəsi illər çəkəcək», - Vaşinqtondakı Atlantika Şurasından Aaron Stein deyir. «Söhbət təkcə Huduti-nin itirilməsindən getmir, indi bütün təhlükəsizlik aparatı İŞİD və ölkənin cənub-şərqindəki yaraqlılardan savayı, diqqətini daha bir təhlükəyə yönəltməlidir».

Türkiyənin təxminən 360 generalından üçdə biri saxlanıb və Huduti də onlardan biridir. Özü çevriliş cəhdində iştirak etmədiyini deyir. 8-səhifəlik ifadəsində bildirib ki, çevriliş planlayanlar onu özlərinə qoşulmağa məcbur ediblər, amma o, imtina edib və öz əsgərlərinə də baraklardan çıxmamaq göstərişi verib.

«Təqsirli olub-olmamasına baxmayaraq, minlərlə əsgərin saxlanması ölkənin silahlı qüvvələrini silkələyib. Bu ölkədə ordu özünü dünyəvi demokratiyanın qoruyucusu hesab edirdi, 30 ildən çox idi ölkədə hərbi qiyam olmamışdı», - «Reuters» yazır.

«Son günlərdə gördüklərimiz bir prosesin başlanğıcıdır, o, növbəti 20-30 il ərzində Türkiyəyə, silahlı qüvvələrinə təsirini göstərəcək», - bunu isə İstanbulda yaşayan, Türkiyə ordusu barədə yazılar müəllifi Gareth Jenkins deyir. «Biz, dövlət qulluğunda olduğu kimi, yüksək dərəcədə siyasiləşmiş ordu görəcəyik. İşdən çıxarılmalar, saxlamalar komandanlığın bütöv zəncirinə təsirini göstərəcək… Böyük inam itkisi əməliyyat bacarıqlarına da təsirsiz ötüşməyəcək».

NATO-nun keçmiş baş komandiri James Stravridis deyib ki, çevriliş cəhdinin mənfi təsirləri Türkiyədə ordunun hazırlığına «soyuq duş effekti» yaradacaq. «Türkiyə ordusunun alyansdakı vəzifələrinin icrasına güclü mənfi təsir göstərəcək», - o, «Foreign Policy» dərgisinin son nömrəsində yazır.

Prezident Recep Tayyip Erdoğan ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i çevriliş cəhdinin arxasında durmaqda suçlayır və Vaşinqtondan onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları təkzib edir.

«Bilirdik ki, ordunun daxilində gülençi struktur var, bəzilərinin adlarını da bilirdim. İndi isə anlayıram ki, durum düşündüyümdən daha ağırmış», - bunu istefada olan 61 yaşlı general mayor Ahmet Yavuz deyir. «Hökumət və silahlı qüvvələrə rəhbərlik edənlər xəbərdarlıqlarımızı gözardı etdilər. Onlar ordunun genetik quruluşunu pozdular, bu da gülençilərin ordu daxilində irəliləməsinə şərait yaratdı».

R.T.Erdoğan tərəfdarları qarşısında
R.T.Erdoğan tərəfdarları qarşısında

TÜRKİYƏ DEMOKRATİYASININ GİZLİ SİLAHI

«Türkiyədə son uğursuz çevriliş cəhdi ölkənin hərbi qiyam qarşısında zəifliyini üzə çıxardı. Ancaq eyni zamanda yeni yaranan, güclü bir sərvətini ortaya qoydu ki, Türkiyənin qonşuları da bu barədə düşünsələr yaxşı olar: ölkədə ekstremist təhdidlərə qarşı mobilizə olmağa meylli və bunu bacaran güclü orta sinif var. İndi Türkiyə qarşısında sual budur ki, prezident Recep Tayyip Erdoğan bu sərvəti inkişaf etdirəcəkmi. Daha geniş Yaxın Şərq isə sabitliyi qoruyacaq orta sinif formalaşdırmaq barədə düşünməlidir. Bunu «Project Syndicate» saytında Adeel Malik yazır.

Müəllif vurğulayır ki, son illər Türkiyənin əldə etdiyi iqtisadi yüksəliş sayəsində adambaşına gəlir üç dəfə artıb, yoxsulluq isə yarıbayarı azalıb. Bu da kənddəki işçi qüvvə, kiçik sahibkarlar, azgəlirli fəhlələr arasında iqtisadi keyfiyyəti yüksəldib. Hətta xarici siyasət belə artan orta sinfin iqtisadi maraqları ilə birləşdi.

«Türkiyənin yeni orta sinfindən ötrü demokratiyanın qorunub saxlanması hər şeydən vacibdir. Elə son hadisələr də göstərdi ki, bunun uğrunda savaşmağa hazırdırlar. Türkiyədə baş verənlər təkcə Erdoğan-la rəqibləri arasında hakimiyyət savaşını üzə çıxarmır; bu, həmçinin orta sinfin qətiyyətini nümayiş etdirir – onlar iqtisadi və siyasi sərvətlərinə zərbə vuracaq siyasi sistemə keçid istəmirlər».

«Bu həm də onu vurğuladı ki, Erdoğan və tərəfdarları təkcə çevriliş cəhdi həyata keçirmiş hərbi fraksiyanı cəzalandırmaq barədə düşünməməlidir. Eləcə də hökumətin müdafiəsinə qalxmış orta sinfin maraqlarını gücləndirməyə fokuslanmalıdırlar».

Mirali Rahmonov, Tacikistanın ən hündür adamı
Mirali Rahmonov, Tacikistanın ən hündür adamı

DÜNYANIN ƏN UCABOY QADINLARI

Niderlandlı kişilər və latviyalı qadınlar dünyada hamıdan ucadırlar. Araşdırmanı Londonun İmperial Kolleci aparıb. Alimlər bir çox ölkələrdən məlumatları toplayıb, 1914-2014-cü illər ərzində gənc kişi və qadınların boyunu müqayisə ediblər. Araşdırmanı «eLife» jurnalı dərc edib.

Üzə çıxıb ki, Cənubi Koreya qadınları və iranlı kişilərin boyu son 100 ildə xeyli artıb. İranlı kişilər 16.5 sm, koreyalı qadınlar isə 20.2 sm böyüyüblər.

Niderlandlı kişilərin orta boyu 182.5 sm-dir. Latviyalı qadınların orta boyu isə 170 sm-dir. Ən hündür kişilər Niderland, Belçika, Estoniya və Latviyadandır. Ən ucaboylu qadınlar Latviya, Niderland, Estoniya və Çexiyadadır.

2014-cü ildə şərqi timorlu kişilər ən alçaqboylu olublar, orta boyları 160 sm olub. 2014-cü ildə Qvatemalada qadınların orta boyu 149 sm olub.

2014-cü ildə ən ucaboylu və alçaqboylu kişilər arasında fərq 23 sm olub, bu, 1914-cü ildəkindən 4 sm artıqdır. Ən uca və ən qısaboylu qadınlar arasındakı fərq isə bir əsr dəyişməyib – 20 sm. Qadınlarla kişilər arasında orta boy fərqi də 100 il boyunca dəyişməyib, 1914-cü ildə 11, 2014-cü ildə 12 sm.

Avstraliyalı kişilər dünyada ilk 25-liyə düşmüş qeyri-Avropa ölkəsidir. Şərqi Asiya, Cənubi Koreya, Çin kişi və qadınları yaponlardan ucadırlar.

XS
SM
MD
LG