«Neftqaztikinti» trestinin 4 saylı «Tikinti Quraşdırma» bölümündə insan ölümü ilə nəticələnən istehsalat qəzası baş verib.
Xəbəri SOCAR yayıb.
Xəbərdə qeyd edilir ki, iyulun 25-i saat 18 radələrində «Palçıq pilpiləsi» yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb.
Hadisə nəticəsində 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. N.Məmmədovun meyitinin dənizdən çıxarıldığı bildirilir.
Azərbaycan neftçilərinin qəza nəticəsində həyatlarını itirməsi heç də nadir hadisə sayılmır.
Təkcə 2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğının ağrıları, hələ də, keçməyib. Həmin vaxt platformada olan 64 neftçidən yalnız 34-ün həyatı xilas edilmişdi. Onların bəzilərinin meyiti hələ də tapılmayıb.