Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:03

Ekspertlər qiymətlərin 10 faiz bahalaşacağını deyir


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı, Bakıda yeni söküntü anonsu, mal və xidmətlərdə qiymət artımı gözləntisi bu gün medianın əsas mövzusudur.

KONSTİTUSİYA İSLAHATLARI

«Azərbaycan» qəzeti sentyabrın 26-na təyin edilən referendumla bağlı «Vətəndaş maraqlarını ifadə edən Konstitusiya islahatları» sərlövhəli məqalə dərc edib.

Müəllif referenduma çıxarılacaq dəyişikliklər layihəsini bütünlükdə belə dəyərləndirir: «Konstitusiyaya təklif edilən dəyişikliklər respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edəcək».

Məqalədə bu dəyişikliklərin edilməsində qabaqcıl dövlətlərin təcrübəsinə istinad edildiyi vurğulanır. Eyni zamanda, dəyişikliklərin bütünlükdə cəmiyyətin mənafeyi baxımından əhəmiyyətindən bəhs edilir: «Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın təminatçısı kimi çıxış edən Konstitusiya eyni zamanda dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir».

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Məqalədə qeyd edilir ki, Azərbaycanda Konstitusiyaya son dəyişikliklər 2009-cu ildə həyata keçirilib. Müəllif yazır ki, həmin vaxtdan bu yana ölkədə əsaslı inkişaf baş verib və yeni dəyişikliklərə ehtiyac yaranıb: «Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi zəruri praktikadır».

İlham Əliyev səs verir
İlham Əliyev səs verir

SÜLALƏ HAKİMİYYƏTİNİN LEGİTİMLƏŞMƏSİ

«Azadlıq» qəzeti də Konstitusiyaya dəyişikliklər mövzusunun müzakirəsini davam etdirir. «Konstitusiya Məhkəməsi Konstitusiyaya qarşı» sərlövhəli yazıda Məhkəmənin Referendum Aktına müsbət rəy verməsi dəyərləndirilir.

Müəllif bunu Konstitusiyanın özünə hörmətsizlik sayır: «Azərbaycanda qanunların yalnız kağız üzərində olması, hökumətin istənilən qanunu asanlıqla tapdaya bilməsi, məhkəmələrin sifarişlə işləməsi, hüquq-mühafizə orqanlarının hökumətin cəza vasitəsinə çevrilməsi heç kimə sirr deyil».

Müəllifin fikrincə, verilən müsbət rəy hakimiyyətin qanunlara təcavüzü, mənəvi sərvətləri talaması, sülalə hakimiyyətinin legitimləşməsi deməkdir.

Məqalədə vurğulanır ki, Konstitusiya Məhkəməsi ədalətli deyil. Müəllifin fikrincə, devalvasiyadan sonra dollarla krediti olanlara güzəşt edilməməsi bu qurumun xalqın mənafeyini düşünmədiyinin göstəricisidir: «Yəni Konstitusiya Məhkəməsi məmur banklarının tərəfini tutdu, vətəndaşa isə arxa çevirdi. Bu ölkədə vətəndaşın üz tutacağı heç bir orqan yoxdur. Deməli, problemlərin həlli yalnız xalqdan asılıdır. Hökumət ölkənin ən ağır vəziyyətində şəxsi maraqlar üçün fəaliyyət göstərirsə, vətəndaş da özünün və dövlətin maraqları naminə fəaliyyət göstərməlidir».

Bazar
Bazar

BAHALAŞMA GÖZLƏNTİSİ

«Exo» qəzetində «Azərbaycanın qiymət bahalaşması gözləntisi» sərlövhəli yazı ilə tanış olmaq mümkündür.

Mövzu ilə əlaqəli qəzetə danışan ekspertlərdən Nəriman Ağayev qeyd edib ki, son günlər Azərbaycanda dolların məzənnəsinin davamlı yüksəlməsi mal və xidmətlərin bahalaşmasının anonsudur. «Hələlik, dəyişikliklər malların dəyərinə ciddi təsir etməyib. Amma ən qısa zamanda mal və xidmətlər 10 faiz bahalaşacaq, çünki müəssisə və fabriklərin məsrəfləri artır».

Ekspertlərdən Oqtay Haqverdiyevin fikrincə isə, elektrik enerjisinin pərakəndə satış qiymətinin bahalaşdırılması zəncirvarı reaksiya ilə çörək zavodlarında və bir sıra xidmət sahələrində qiymətləri bahalaşdıracaq.

Mövzu ətrafında müzakirələri davam etdirən ekspertlərdən Fikrət Məmmədov da elektrikin bahalaşdırılmasını belə dəyərləndirib: «Bu qərar büdcədəki «yırtıqları» bağlamaq üçündür. Çünki qiymətin artırılmasına obyektiv səbəb yox idi. Əlbəttə, bütün bunlar qiymətə mənfi təsir edəcək».

Söküntü
Söküntü

BAKIDA YENİ SÖKÜNTÜLƏR GÖZLƏNİR

«Novoye Vremya» qəzetində isə «Dövlət komitəsi növbəti söküntülərin anonsunu verdi» başlıqlı yazı oxumaq olar.

Məqalədə qeyd edilir ki, Bakıda yararsız vəziyyətdə olan 1000-ə qədər binanın söküləcəyi gözlənilir.

Müəllifin fikrincə, indiki ağır maliyyə və bank böhranı şəraitində bu, məntiqli görünmür. Yazıda vurğulanır ki, Bakının tarixi «Sovetski» deyilən ərazisində söküntü işləri aparılarkən əhalinin kompensasiyaların məbləği ilə bağlı gözləntiləri doğrulmayıb. Bundan sonra sakinlərə lazımı kompensasiyaların verilməsi də bir xeyli şübhəli görünür: «Neft pullarının gəldiyi vaxtlar hər kvadratmetrə 1500 manat ödənirdi. O zamanlar verilən pula insanlar yeni mənzil ala bilmirdilər. İndi manat iki dəfə devalvasiyaya uğrayandan sonra bu kompensasiya ilə sakinlər şəhərin kənarında da ev ala bilməyəcəklər».

Müəllif yazır ki, əgər yaşayış binaları söküləcək və əhaliyə kompensasiyalar veriləcəksə, devalvasiya nəzərə alınmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG