İyulun 22-dən 23-nə keçən gecə Şəkidə güclü yağışın fəsadlar törətdiyi bildirilir. Kiş çayının üzərində salınan müvəqqəti körpünü selin apardığı deyilir.
Modern.az-ın xəbərinə görə, Kiş çayının üzərində yerləşən və kəndi mavi yanacaqla təmin edən boru xətti də sıradan çıxıb. Nəticədə kəndə mavi yanacağın verilməsi dayandırılıb.
Kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpü və yolların da dağıldığı bildirilir.
Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə də ziyan dəydiyi söylənir. Rayonun Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yarandığı bildirilir. Baş Küngüt və Qudula kəndlərində də yolların bərbad vəziyyətə düşdüyü, körpülərin dağıldığı açıqlanır.
Buna da bax - Balakəni 'külək aparıb'
Üstəlik, Şəki şəhərini, Oxud və Kiş kəndlərini su ilə təmin edən xətlərin də sıradan çıxdığı bildirilir. 60-metrlik su kanalının lil qatı ilə örtülməsi səbəbindən su təminatının dayandırıldığı qeyd edilir.
İyulun 22-də gecə qasırğanın Balakən və Zaqatala rayonlarında da dağıntılara səbəb olduğu bildirilirdi.
Rəsmi qurumlar yağıntıların fəsadlarının ardan qaldırılması ilə bağlı işlər görüldüyünü deyirlər.