Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:51

21 illik konstitusiyada 3-cü dəyişikliklərin incəlikləri


İlham Əliyevin andiçmə mərasimi - 2008
İlham Əliyevin andiçmə mərasimi - 2008

Ölkədə iqtisadi və siyasi islahatlar, dövlət başçısı İlham Əliyevin təqdim etdiyi Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsi, Maliyyə Sabitliyi Şurasının fəaliyyəti bu gün medianın aparıcı mövzusudur.

ƏLAVƏ SƏLAHİYYƏT, ƏLAVƏ MƏSULİYYƏT

«Azərbaycan» qəzetində «İlham Əliyevdən növbəti mütərəqqi islahatlar təşəbbüsü» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, son illərdə ölkədə bir tərəfdən sosial-iqtisadi, digər tərəfdən isə hüquqi islahatlar həyata keçirilir: «Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət bir-birini tamamlayıb və quruculuğun inkişaf vəhdətini təşkil edib».

Müəllifin fikrincə, iqtisadi inkişaf olmayan yerdə demokratik meyarlar kök sala bilmir. Mükəmməl hüquqi-siyasi prioritetlərin müəyyən edilmədiyi ölkədə isə sosial-iqtisadi inkişaf olmur.

Yazıda dövlət başçısı İ.Əliyevin bu günlərdə Konstitusiya Məhkəməsinə göndərdiyi «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsinə də yer verilib. Müəllifin gəldiyi nəticəyə görə, bu, son sosial-iqtisadi islahatların artıq dövlət quruculuğunun hüquqi-siyasi istiqamətlərində də aparılacağı deməkdir.

Yazıda vurğulanır ki, təhlükəsizlik, demokratiyanın inkişafı kimi məsələlər Konstitusiya dəyişikliklərini zərurətə çevirib.

Müəllifin fikrincə, Referendum Aktı layihəsində prezidentə verilməsi nəzərdə tutulan yeni səlahiyyətlər onda məsuliyyətin artırılmasına, idarəçilikdə xidmətin effektivliyinin yüksəldilməsinə təkan verəcək.

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

HAKİMİYYƏTDƏ «AİLƏ PODRATI»

«Azadlıq» qəzeti də Referendum Aktı layihəsi ilə bağlı müzakirələri davam etdirib. Qəzet Demokratik Qüvvələrin Milli Şurasının iyulun 19-da keçirilən və əsasən bu layihənin müzakirəsinə həsr edilən iclasdan bəhs edir.

Qəzetin verdiyi xəbərə görə, toplantıda əsasən belə bir fikir ümumiləşdirilib: «Referendum Aktı layihəsi ölkədə ailə hakimiyyətinin möhkəmləndirilməsi və Respublika quruluşunun şəxsi hakimiyyət rejiminə transfer edilməsinə Konstitusion əsaslar yaradılmasına xidmət edir».

Müzakirələrdə qeyd edilib ki, layihədə diqqətçəkən dəyişikliklər prezidentlik müddətin 7 ilədək uzadılması, vitse-prezidentlik institutunun yaradılması, prezidentin Milli Məclisi buraxmaq istiqamətində səlahiyyətlərini artırmasıdır. «Bütün yeni dəyişikliklər ölkədə hazırda de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətinə konstitusiya təminatları vermək cəhdidir», - deyə müzakirələrdə vurğulanıb.

Toplantıda 100 il bundan öncə cümhuriyyət qurulmuş bir ölkədə ömürlük hakimiyyət iddiasına düşmək xalqa həqarət sayılıb. Müzakirələrdə deyilib ki, təklif edilən dəyişikliklər vətəndaşların mülkiyyət toxunulmazlığı, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması təhlükəsi doğurur.

Neft buruqları
Neft buruqları

NƏ ETMƏLİ?

«Novoye Vremya» qəzetində isə «Dövlət proqramları və investisiyalarının səmərəliliyi sual altındadır?» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır: «İndiki «dərin» islahatların əsası, hələ, keçən il qoyulub. Amma iqtisadi göstəricilər sevindirici heç nə vəd etmir, Ümumi Daxil Məsul (ÜDM), investisiyalar azalır, inflyasiya yüksəlir, əhalinin həyat səviyyəsi enir... Düzdür, bu barədə deyirlər ki, ÜDM-də artım olmaması hələ heç nə demək deyil, guya inkişaf artımsız baş verir (?)».

Müəllif vurğulayır ki, heç kim hökumətdən iki-üç aya iqtisadi möcüzə gözləmir. Amma yürüdülən siyasətdə paradoksal vəziyyət başadüşülən deyil: «Düz iki-üç il öncə bizi inandırırdılar ki, ölkə düzgün istiqamətdə inkişaf edir. Maliyyə və makroiqtisadi situasiya sabitdir. İqtisadiyyatın şaxələndirilməsi həyata keçirilib, biznes mühiti əladır, dünya iqtisadi reytinqlərində ölkənin mövqeləri yaxşılaşır...».

Müəllif yazır ki, regionların inkişafı ilə bağlı 3 dövlət proqramı reallaşdırılıb. Amma nəticə yoxdur. Regionlardan gözlənilən maliyyə artmır, azalır. Müəllifin fikrincə, bu artıq milyardlarla maliyyə vəsaitinin səmərəsiz xərclənməsi deməkdir: «Bol gəlirlər dövrü qurtardı. Büdcənin gəlir və xərcləri kəskin azaldı. Maliyyə və makrosabitlik yoxdur. Belə şəraitdə «nə etməli» sualı açıq qalır».

Nazirlər Kabineti
Nazirlər Kabineti

20 İLİN İŞİNİ 1 AYDA GÖR

«Yeni Müsavat» qəzeti isə «Maliyyə Sabitliyi Şurası effekt verəcəkmi?» sualına cavab axtarıb. Məqalədə bu günlərdə prezident fərmanı ilə yaradılan, baş nazir Artur Rəsulzadənin rəhbərliyinə verilən, tərkibində iqtisadi və maliyyə qurumlarını birləşdirən Şura ekspertlərlə müzakirə edilir.

İqtisadçı Qubad İbadoğlu yeni yaradılan bu qurumu alternativ Nazirlər Kabineti kimi dəyərləndirib. O deyib ki, sadəcə, bura bütün nazirliklər yox, iqtisadiyyata bağlı qurumlar daxil edilib. Amma ekspert bu qurumun hansısa gözlənilməz nəticələrə nail olacağına ümid bəsləmir: «Əslində, bunlar necə işləyiblərsə, yenə də həmin səviyyədə fəaliyyət göstərəcəklər. Belə əlavə qurumlar yaratmaqdansa, ciddi islahatlar paketi ilə koordinasiya edən və bu işləri həyata keçirən bir institutun formalaşması daha düzgün olardı».

Başqa bir ekspert Elşad Məmmədov isə bu qurumun yaradılmasını ölkə iqtisadiyyatındakı struktur və institusional problemlərlə əlaqələndirib. «Əgər bu istiqamətdə institusional problemlər olmasa idi, bu fərmana ehtiyac da qalmazdı»,- deyə o qeyd edib.

Hüquqşünas Əkrəm Həsənov isə qurum barədə mövqeyini bu sualla ifadə edib: «20 ildən çox müddət ərzində edə bilmədiklərini bu zavallılar 1 ay ərzində necə edəcəklər?».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG