Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

700 bal toplayan Orxan: Heç vaxt televizora marağım olmayıb


Orxan Zülfüqarov
Orxan Zülfüqarov

►Ağalətif Lətifov: “Suallar asan deyildi, amma Tibb Universitetinə qəbul olunmaq istəyən hər bir abituriyent o sualların cavabını bilməli idi”

“Facebook” profilində “bəlkə həkim oldum” yazan Ağalətif Lətifovun adı 10-15 ildən sonra tanınmış həkimlər siyahısında çəkilə bilər.

O, həkim olmaq arzusuna çox yaxınlaşıb, ali məktəblərə qəbul imtahanında ən yüksək balı, 700 balı toplayıb və ixtisas seçimində rəqabətə yer qoymayıb.

Ağalətif Lətifov Tibb Universitetinin müalicə işi fakültəsini seçib.

İsmayıllı rayonu 5 saylı orta məktəbin məzunu sevinir, bizi də sevincinə şərik edir. Deyir ki, sınaq imtahanlarında yüksək bal topladığından tələbə adını qazanacağını bilirdi:

“Müəllimlərim də mənə deyirdi ki, 650-dən yuxarını hamı toplayır, sən ən yüksəyini qazana bilərsən”.

İmtahanda sualları birnəfəsə cavablandırıb:

“Suallar asan deyildi, amma Tibb Universitetinə qəbul olunmaq istəyən hər bir abituriyent o sualların cavabını bilməli idi”, imtahandan uğurla çıxmış Ağalətif deyir.

Buna da bax: İmtahan pullu ola bilər

“Aşağı siniflərdən oxumaq lazımdır”

Müəllim ailəsində doğulub böyüyən Ağalətif riyaziyyatı atasından öyrənib, repetitor yanına da gedib, çünki 7-ci sinifdən həkim olmağı qarşısına məqsəd qoyub. “Biologiyanı çox sevirdim, onu oxuya-oxuya həkim olmaq istədim”, deyir.

Bizə gündəlik rejimindən danışan Ağalətif deyir ki, dərslərinə, hazırlığına daha çox vaxt ayırıb, boş vaxtlarında bədii kitab oxuyub.

“Sosial şəbəkələrdən, kompüter oyunlarından normal istifadə etmək lazımdır, yalnız boş vaxtın varsa, istirahət edirsənsə, maraqlana bilərsən”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Ali məktəb arzusuna düşənlərə sözü də var:

“Birincisi, aşağı siniflərdən yaxşı oxumaq lazımdır. Oxumayıb, oxumayıb gəlib 10-11-ci sinifdə hazırlığa getməklə ali məktəbə, özü də daha çox rəqabət olan fakültəyə girmək çətin olar”.

“Mən də futbol oynamışam”

Təsadüfdürmü, ya zərurətdirmi, ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Orxan Zülfüqarov da Ağalətif kimi həm riyaziyyatı bu fənnin müəllimi olan atasından öyrənib, həm də Tibb Universitetinin müalicə işi fakültəsini seçir.

Şəmkirin Çinarlı qəsəbəsində 2 saylı orta məktəbi bitirən Orxan Zülfüqarovu digər yaşıdlarından fərqləndirən elm öyrənmək həvəsi olub:

“Mən də 6-7-ci sinfə qədər futbol oynamışam, yaşıdlarımla vaxt keçirmişəm. Ancaq heç vaxt televizora, kompüterə, kompüter oyunlarına marağım olmayıb. Ancaq dərslərimi oxumuşam, boş vaxtım olanda da gəzmişəm”.

Buna da bax: 700 bal toplayana maşın hədiyyə

“Ortada nəticə olması üçün...”

Orxan riyaziyyatı atasından öyrənib, amma digər fənnlər üzrə müəllim yanına hazırlığa gedib.

“Bu nəticəni qazanmaqda əməyi olan hər kəsə təşəkkür edirəm”, deyir. Ancaq özünün də çəkdiyi əməyi heçə saymaq istəmir, deyir ki, müəllimin savadı, şagirdin qabiliyyəti olmasa, ortada yüksək nəticə olmaz: “Müəllim savadsız olarsa, şagird qabiliyyəti nəticə verməz, eləcə də müəllim savadlı, şagird isə qabiliyyətsiz olsa, yenə də nəticə yaranmaz”.

Gələcəyin həkimi deyir ki, 1-ci sinifdən oxumaq lazımdır, özü də bütün dərslərə diqqət yetirmək gərəkdir. O hesab edir ki, yuxarı siniflərdə, sadəcə, aşağıda əldə etdiyin bilikləri təkmilləşdirirsən: “Boş vaxtın varsa, əlbəttə, nə iləsə məşğul olmaq olar, amma oxumağı, dərsi ikinci plana atmaq olmaz”.

Orxan təhsilini xaricdə davam etdirib-etdirməyəcəyini bilmir, ancaq deyir ki, xaricdə oxusa da, vətənə qayıdıb səhiyyə sahəsinə töhfə vermək niyyətindədir.

“Yetişdirdiyim uşaqların yüksək bal toplamasını arzu edirdim”

Söhbətə Orxanın atası Əzim Zülfüqarov da qatılır. Kefi kökdür, axı, indi ölkədə oğlundan danışırlar, ilk qəbul imtahanında 700 bal toplayan 6 abituriyentdən biri onun oğludur. O, sevincini bölüşməklə yanaşı deyir ki, oğlunun “oxuyan uşaq” olduğunu aşağı siniflərdən görüb:

“Riyaziyyatı yaxşı bilən, dərk edən kəsin zehni daha yaxşı işləyir, Orxan da riyaziyyatı yaxşı oxuyurdu. Yetişdirdiyim uşaqların hamısına arzum olub ki, 650-dən yuxarı bal toplasınlar. Tək öz oğlum üçün istəməmişəm bunu”.

Hər iki abituriyentin yolu Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində birləşəcək. Azərbaycan bu iki gəncin timsalında “məşhur həkim” qazanacaqmı, bunu gələcək göstərəcək.

Buna da bax: 150 balın ilkin pərdəarxası

150 balın ilkin pərdəarxası
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

XS
SM
MD
LG