Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:40

Sakinlər: 'Bura hündürmərtəbəli binanı necə dürtəcəklər?'


İllüstrasiya
İllüstrasiya

►Rüstəmov küçəsinin sakinləri binaların həyətindəki meydançanın satıldığını və yerində hündürmərtəbəli binanın tikintisinə hazırlıq işləri aparıldığını deyirlər

“Dörd tərəfi bina olan kiçik meydançanı da satıblar. Bunların məntiqinə görə, dörd binanın arasında hündürmərtəbəli bina tikilə bilər. Bura hündürmərtəbəli binanı necə soxuşduracaqlar, hələ də biz sakinlərə bu məsələ çatmır”.

İki həftəyə yaxındır ki, bir qrup adamın Nizami rayonu, R.Rüstəmov küçəsindəki 12, 14, 16, 24 və 26 saylı binalarla əhatələnmiş meydançaya gəlib burada ölçü işləri aparmaları sakinləri narahat etməyə başlayıb.

AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edən sakinlər bildirirlər ki, həyətdə peyda olan adamlar burada hündürmərtəbəli bina tikintisinə hazırlıq işləri görürlər. 12 saylı binanın sakini Gəray Dadaşov deyir, qarşı tərəf onlara meydançada tikinti aparılması üçün əllərində hər bir sənədlərinin olduğunu deyir:

“QƏŞƏNG PUL XƏRCLƏYİBLƏR”

“Deyirlər, bir gürcüstanlı kişidir, pulu çoxdur, meydançanı alıb, ağacları da kəsdirəcək, bina tikəcək. Təkcə meydança deyil, böyründə bir xudmani istirahət parkımız da var. Vaxtında istəsəydik, icra başçısına rüşvətdən basıb o parkda hərəmiz bir “setka” çəkib özümüzə bağça düzəldərdik. Ancaq eləməmişik ki, hamı istifadə edə bilsin”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Eyni binanın sakini Solmaz Quliyeva:

“Arxayın hərəkətlərindən görünür ki, qəşəng pul xərcləyiblər. Bilirlər ki, boş hay-küy özümüzə qalacaq. Gələnlərdən biri deyir, “gələn il bu vaxt qonşu olacağıq, mehribançılığı qoruyun, ortada hörmət olsun”. Deyirəm, “tikdiyiniz bina bizim eyvanlara düşən günəş şüalarının qarşısını kəsəcək. Bu, necə qonşuluqdur?” Deyir, “onsuz da indi Bakıda içrisinə işıq düşən ev yoxdur. Hələ bundan heç kəs ölməyib”. Bir sözlə, özbaşınalığın son həddidir. Ölkənin yiyəsi var, ya yox? Prezident İlham Əliyev hara baxır görəsən? Vətəndaşa bu qədər zülm eləməzlər axı”.

“RAZILIQ OLMASA...”

Söhbət Namazov 16 saylı binadakı mənzilə yenicə köçüb. Ancaq bir neçə gündür ki, satıb özü demiş, “qaçmaq” istəyir. 5 mərtəbəli binaların tam ortasında 20 mərtəbəli binanın tikintisindən sonra evini sata biləcəkmi, bax, buna arxayın deyil:

“Başçı çıxsın, bir ərazini gəzsin, görsün, alçaq binaların ortasında 3-4 dəfə hündür binanın tikintisi ona hansı təsiri bağışlayır. Sadəcə, gülüncdür. Pula görə gözlərini yumub hər şeyə gedirlər, nəticəsini belə düşünmədən hər addımı atırlar”.

Nizami rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, sahibkar tikintini aparmazdan əvvəl sakinlərlə razılaşmalıdır. Əgər razılıq olmasa, məsələ hüquq müstəvisinə çıxarılmalıdır. Qurumdan rüşvətlə bağlı deyilənləri isə təkzib edirlər.

Bina sakinlərinin deməsinə görə, onların əksəriyyəti dövlət idarələrində çalışdıqlarından etiraz edəcəkləri təqdirdə işsiz qalacaqları ilə hədələnirlər və bu hədə dövlət qurumlarından gəlir.

XS
SM
MD
LG