Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub.
«Report»un xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bunu iyulun 15-də keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, 2015-ci illə müqayisədə bu il qəbul yerləri 7.21 faiz artıb.
M.Abbaszadə qeyd edib ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 497 yer artıb: «Ötən il dövlət sifarişli yerlərin sayı 11714 olub, bu il həmin yerlərin sayı 12221-dir. 11-illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (texnikum) isə bu il 7 minə yaxın yer ayrılıb. Ötən il isə bu rəqəm 6 mindən artıq olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13 faiz artıb. Ümumilikdə, qəbul planına əsasən, 49 minə yaxın abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək».
M.Abbaszadənin sözlərinə görə,bu il I qrupda dövlət sifarişli yerlərin sayı 5.9 faiz (300 yer), II qrupda 9 faiz (2021 yer), IV qrupda isə 4.99 faiz (62 yer) artıb.
İyulun 15-dən ali məktəblərə qəbul imtahanlarına start verilib. Keçid balı 200-dür.