Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

'Biz hamımız azərbaycanlıyıq. Kimə lazımdır bu?!'


Əlayif Həsənov
Əlayif Həsənov

►“Vəkillərin Kollegiyadan uzaqlaşdırılması Avropa Məhkəməsində maraq oyadıb”

"Əgər barəmdəki hökm qüvvəyə minən kimi Vəkillər Kollegiyasından çıxarılsaydım, bunu başqa cür dəyərləndirərdim. Hökm qüvvəyə minib bu ilin aprelində, mən çıxarılmışam keçən ilin iyulunda. Bunun siyasi səbəblərini qoyaq bir tərəfə, biz Xalid Bağırovla ştatlı hal şahidlərinin "kartotekasını" tutmuşuq. Bu, vəkillik şərəfi idi. Gərək Vəkillər Kollegiyası belə addım atmayaydı".

Bunu hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşının iddiası əsasında ictimai işlər cəzası ilə cəzalandırılıb məhkum olunan və buna görə Vəkillər Kollegiyasından çıxarılan Əlayif Həsənov məhkəmədə çıxışında deyib.

Əlayif Həsənov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin sözügedən qərarını mübahisələndirərək onun ləğvini tələb edir.

İyulun 14-də keçirilən məhkəmə iclasında Əlayif Həsənov ayrı-seçkiliyə məruz qaldığını bildirib və iddiasının təmin olunmasını istəyib:

"Vəkillər Kollegiyasının mənimlə bağlı protokolu saxtadır. Hecə olur, məndən başqa məhkum olunmuş iki vəkili kollegiyada saxlayırlar, heç bu barədə müzakirə açmırlar, məni isə uzaqlaşdırırlar? BMT-də iyunun 22-də aparılan müzakirələrin nəticələrini oxuyanda xəcalət çəkdim. Yazılır ki, "Azərbaycanda vəkillər məhkəmələr vasitəsilə cəzalandırılır". Biz hamımız azərbaycanlıyıq. Kimə lazımdır bu?! Bu ölkənin imicini heç düşünən yoxdur?"

AVROPA MƏHKƏMƏSİNİN MARAĞI

Əlayif Həsənovun nümayəndəsi İntiqam Əliyev də bildirib ki, məhkumluq Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması üçün əsas deyil:

"Vəkil elə bir cinayət törədə bilər ki, o cinayət həmin şəxsin Kollegiyada qalmasını mümkünsüz edə bilər. Əlayif Həsənov elə bir cinayət törətməyib. O, tək Azərbaycanda yox, dünyada tanınmış hüquqşünaslardan biridir".

İntiqam Əliyev qeyd edib ki, Azərbaycanda vəkilliyin problemləri, müstəqil, tənqidçi vəkillərin Kollegiyadan uzaqlaşdırılması beynəlxalq təşkilatlarda müzakirə olunur. Avropa Məhkəməsi yaxın vaxtlarda bu məsələlərlə bağlı işlər üzrə qərar çıxaracaq:

"Sentyabrda BMT-də vəkillik, o cümlədən Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. Əgər məhkəmə fərqli qərar versə, Əlayif müəllimin də məsələsi orada bütün dünyanın diqqətinə çatdırılacaq ki, ölkədə nələr baş verir. Vəkillərin Kollegiyadan çıxarılması ilə bağlı bir neçə iş üzrə artıq Avropa Məhkəməsi ilə kommunikasiya başlanıb. Bunlar Xalid Bağırovun, Ənnağı Hacıbəylinin və mənimlə bağlı olan işlərdir, başqa işlər də var. Kommunikasiyanın başlanması o deməkdir ki, müsbət qərar veriləcək. Xalid Bağırovun siyasi baxışlarına görə Kollegiyadan çıxarılmasına dair Hökumət qarşısına suallar qoyub. Ümumiyyətlə, son vaxtlar vəkilliklə bağlı məsələlər prioritet məsələlərdir. Məsələn, bizim işlərimiz 7-8 il orada qaldı, o vaxt prioritet deyildi. Amma Xalid Bağırovun 2014-cü ildə olan iki işi üzrə artıq kommunikasiya başlanıb. Bu o deməkdir ki, Azərbaycanda vəkillərin Kollegiyadan uzaqlaşdırılması Avropa Məhkəməsində çox ciddi maraq yaradıb".

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“ƏSASSIZDIR”

Vəkillər Kollegiyasının nümayəndəsi Altay Muradov iddianın əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib:

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 23-cü maddəsinə əsasən vəkil barəsində məhkəmə qərarı olduqda onun vəkillik fəaliyyətinə xitam verilə bilər. Rəyasət Heyətinin qərarının saxta olması barədə deyilənlər əsassızdır. Protokolda adı göstərilən şəxslərin hamısı Rəyasət Heyətinin iclasında iştirak ediblər və səs veriblər".

Qeyd edək ki, Rəyasət Heyətinin üzvlərindən biri olan İradə Cavadova mətbuata açıqlamasında protokola adı daxil edilsə də, əslində, həmin iclasda iştirak etmədiyini, Əlayif Həsənovun əleyhinə səs vermədiyini bildirmişdi.

Hakim Elçin Məmmədov məhkəmənin qərarını iyulun 15-də elan edəcək.

Əlayif Həsənovun məhkum edilməsinə dair hökm əsas gətirilərək, onun kollegiyadan uzaqlaşdırılması barədə qərar qəbul edilib. Həmin hökm də Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG