►Gədəbəy Aşıq Məktəbində açılan sərgi Simenslərin XIX-XX əsrdə bu rayondakı fəaliyyətini əks etdirir
Gədəbəy Aşıq Məktəbində "Multikulturalizm ili" çərçivəsində maraqlı sərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgidə 1864 – 1917-ci illərdə alman sahibkarlar - Simens qardaşlarının Gədəbəy rayonundakı sənaye fəaliyyəti dövründə onlara məxsus olan mədən – zavod kompleksinin avadanlıqları, məişət əşyaları, eləcə də həmin sənaye kompleksindən qalma müxtəlif təyinatlı tikililərin fotoşəkilləri və s. nümayişə çıxarılıb.
Sərginin bir bölümü həmin dövrə aid mətbu nümunələri və kitablardan – “Həyatımızda Simens izləri”, ”Gədəbəydə alman möcüzələri”, ”Azərbaycan – Almaniya əlaqələri tarixindən” ibarətdir.
Sayı 350-yə qədər olan nümunələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərginin açılışında Simens qardaşlarının Gədəbəydəki fəaliyyəti barədə bilgilər verilib.
Azərbaycanda ilk dəfə qurulmuş SES, sənaye təyinatlı dəmir yolu xətti, meşə massivində gecə və gündüz istirahəti (turistik gəzintilər), müxtəlif dillərə və dinlərə məxsus insanların sabit dini münasibətləri, milli bayramların keçirilməsi, teatr binasında (Gədəbəy şəhəri) Azərbaycan və əcnəbi (əsasən rus və alman) dillərində tamaşalar göstərilməsi, Göyçədən Dədə Ələsgərin, Aşıq Teymur, Aşıq Nəcəf və Aşıq İslamın mədən – zavod işçiləri üçün konsertə dəvət edilməsi, əcnəbilərlə yerli əhalinin işgüzar və gündəlik yaşayış münasibətləri və s. barədə verilən bilgilər maraqla qarşılanıb.
Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı Gədəbəydə yaradılacaq "Simens" muzeyi üçün eksponatlar Gədəbəy Aşıq Məktəbində toplanır.
Bu mövzuda əhali ilə tez-tez söhbətlər aparılır.