Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

Səhər Əhməd. "Raya" (hekayə)


Səhər Əhməd, Azərbaycanlı şairə
Səhər Əhməd, Azərbaycanlı şairə

-

"Əlbəttə, bəzən "pol" ağacı da hansısa çıxış yoludu. Bəzən əlində "şvabra" olan da əlində "şvabra" olmayandan daha şanslı ola bilər. Bəzən döşəmə silgisi universitet diplomundan daha çox işə yarayır".

Səhər Əhməd

Raya

Onu ən çox gülüşünə görə yadda saxlamışdım. Raya beş-altı il əvvələ qədər mənimlə bir məktəbdə işləyirdi. Amma müəllimə yox, xadimə. Anadangəlmə ya sonradan qazanılmış olduğunu dəqiq bilmədiyim fiziki qüsuru vardı, yüngülvari axsayırdı. Qəri-bəsi o idi ki, güləndə üzündə sanki bu qüsurun bir hissəsi olan əcaib təbəssüm yaranırdı. Üst dodağın sağ kənarları yuxarı, alt dodağın sol küncü aşağı dartılırdı. Bu zaman onun qıyılmış sağ gözündə inamsızlıq və kədər, iri açılmış sol gözündə isə gülüş olardı. Mən ürəyimdə bu mimikanı “çəp gülüş” adlandırırdım.

Həyata və taleyə bu çəp gülüşlə gülən Raya yaşadığı əyalətdən başını götürüb Bakıya işləməyə gəlmişdi. Belə adamları xadimə, süpürgəçi, qarovulçu işlərində çox görmüşük. Bu yerdə cənabi-şeytan xahiş edir, sizə çatdırım ki, bu, təkcə işəgötürənin insaf performansı deyil, həm də ucuz işçi qüvvəsinə olan ehtiyacıdı. Amma “kor Allaha necə baxırsa, Allah da kora elə baxır” misalında olduğu kimi bu cür “ucuz işçi qüvvələri” əllərinə bir az sərfəli iş düşən kimi öz müdirlərini asanlıqla “dəyişirlər”. Raya da həmin bu səbəbdən bir müddət əvvəl bizim məktəbdən getmişdi.

Beş-altı il sonra onu eyni binanın eyni dəhlizində görəndə yenə də üzümə eyni çəp təbəssümlə gülümsəyib, beş-altı ilin özətini beş dəqiqəlik tənəffüsdə qısaca danışdıqdan sonra başı ilə müdirin otağına işarə elədi: “Səncə, məni götürəcək?”

Bu sualın cavabı mənim məntiqimdən çox, bizim müdirin ucuz işçi qüvvəsinə olan ehtiyacının dərəcəsindən asılı idi. Ona görə zəngin vurulmasını bəhanə edib, çiynimi çəkməklə canımı qurtardım. Tezliklə də bu məsələni unutdum, qırx beş dəqiqə sonra sinif otağından çıxanda yenidən qarşılaşmasaydıq, heç xatırlamayacaqdım da.

Fotoillustrasiya
Fotoillustrasiya

Bax elə onda mənim sizə danışmaq istədiyim hadisə baş verdi, otaqdan çıxanda Rayanın əlində "pol" ağacı üzü mənə tərəf gülə-gülə gəldiyini gördüm. Başımı aşağı salıb yanından sakitcə keçdim. Yalnız bircə anlıq baxışdıq və həmin an gözümün ucuyla gördüyüm o mənzərəylə Raya mənim səsləndirmədiyim suala öz sözsüz cavabını verməyə imkan tapdı. Qadın yenicə ölkə fəth etmiş sərkərdə kimi şəstlə yeriyirdi, "şvabra"nı elə tutmuşdu ki, sanki əlindəki "pol" ağacı deyil, bütün bağlı qapıların açarıdı.

Həmin an bu lənətəgəlmiş ibarəli cümlə beynimə gəlməsəy­di, xüsusən də o beşmərtəbə təşbeh olmasaydı, siz indi bu əh­va­latı oxuyası olmayacaqdız. Son vaxtlar bütün bənzətmələrdən bez­mişəm. Amma mən o qadının yerişindəki o gizli ştrixi, yəni şey­tanın gizləndiyi detalı bədii təsvir vasitəsinin köməyi olmadan heç özüm üçün də ifadə edə bilməzdim.

Özüm üçün ifadə etdikdən sonra isə artıq sizə danışmaqdan özümü saxlaya bilmədim. Çünki o mənzərənin sizin də eynən mənim kimi “görmənizi” dəhşətli şəkildə arzulayırdım.

O gün o dəhlizdə mənim və Rayanın - iki əks tərəfə gedən iki müxtəlif işçı qüvvəsinin, əli qələmli və əli "şvabra"lı iki qadının gözünün ucuyla, ani baxışla bir-birinə ötürdüyü gizli kod nəydi?! Niyə mən indi o kodu açmaq üçün bu yazını yazmaq zorundayam?! Bax Şekspir demiş, “budur məsələ!”

İlk dəfəydi ki, mən Rayanı normal gülümsəyən görürdüm. Həyat əlindəki şvabranı alıb təzədən qaytarmaqla bu fiziki qüsurlu xadiməyə başa salmışdı ki, ona çəp-çəp gülmək olmaz.

Əlbəttə, bəzən "pol" ağacı da hansısa çıxış yoludu. Bəzən əlində "şvabra" olan da əlində "şvabra" olmayandan daha şanslı ola bilər. Bəzən döşəmə silgisi universitet diplomundan daha çox işə yarayır.

Burdan o tərəfə mövzu şaxələnir, ardını hər oxucunun öz öh­­dəsinə də buraxmaq olar. Çünki burdan o yana çığır itir. Bur­dan o tərəfə getmək axmaqlıqdır. Amma mən “dalşe” gedirəm. Ağ­lıma yaxşı dissertasiya mövzusu gəlir: “Çörəyi qələmdən çı­xan qadınla çörəyi "şvabra"dan çıxan qadının oxşar və fərqli xü­su­siy­yətləri”.

Biz ikimiz də eyni binanın eyni dəhlizində gəzirdik, eyni müdirə tabe idik və bu, bizim oxşar cəhətimiz idi. Fərqli cəhətimiz isə oydu ki, Rayanın öz işinə tez-tez xəyanət etmək azadlığı vardı və bu işdə onun "pol" ağacı mənim diplomumdan daha yararlıydı. Ən əsası isə o idi ki, Raya mənim kimi heç bir ibarəli cümlə haqqında düşünmək məcburiyyətində deyildi.

XS
SM
MD
LG