Britaniya Avropa Birliyindən çıxmağa səs verəndən sonra iqtisadi sabitsizlik qorxusundan qlobal bazarlarda yenidən düşüş qeydə alınıb. Səbəb Böyük Britaniyanın bəzi banklarından əmanətlərin geri çəkilməsi barədə məlumatlardır.
İyulun 5-6-da səhmlər düşüb. Britaniya funt sterlinqinin məzənnəsi isə son 31 ildə ən aşağı həddə enib.
Yaponiyanın «Nikkei» indeksi iyulun 6-da 3 faiz düşüb. Daha öncə ABŞ və Avropada indekslərdə 0.7 və 1.5 faiz enmə qeydə alınmışdı.
Britaniyanın üç tanınmış maliyyə firması kommersiya əmlakı fondlarında ticarəti dayandırdığını elan edib. Səbəbsə o göstərilib ki, «Brexit»dən sonra pullarını götürmək istəyənlər çoxalıb, fondlarda isə likvid aktivlər çatışmır.