Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:09

Ünvanlı sosial yardımın ləğvindən danışılar


Tovuzda süd emalı zavodu
Tovuzda süd emalı zavodu

Azərbaycanda regionların inkişafı, Nardaran hadisələrində həbs edilənlərin istintaqı, hökumətin dərmanlarla bağlı qiymət siyasəti və ünvanlı sosial yardımın kəsiləcəyi ilə bağlı gözləntilər bu gün medianın əsas mövzularıdır.

REGİONLARIN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Regionlar qeyri-neft sektorunun əsas ünvanıdır» sərlövhəli məqalə dərc edilib. Məqalədə ölkədə regionların inkişafına dair iqtisadi uğurlardan söz açılır.

Müəllif inkişafı əsasən bu amillərlə xarakterizə edir: «Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas yönlərindən biri regionların inkişafı idi. 13-15 il öncə regionların inkişaf etdirilməsinə səbəb ümumi inkişafda bölgələrin payının az olması idi».

Müəllif daha sonra regionların inkişafına dair 2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə dövlət proqramlarına diqqət çəkir.

Yazıda vurğulanır ki, birinci dövlət proqramının (2004-2008-ci illər) nəticələrinə görə, Ümumi Daxili Məhsul (ÜDM) 5 dəfə, qeyri-neft sektoru 1.8 dəfə artıb. Həmin dövrdə 547 mindən çox yeni iş yeri açılıb.

Müəllif eyni zamanda sonrakı iki dövlət proqramının icrası ilə bu sahədə qazanılan uğurları statistik rəqəmlərlə anlatmağa çalışır. Yazıda qeyd edilir ki, sonrakı dövrlərdə sahibkarlığın inkişafı da xüsusi önəm kəsb edib. 2015-ci ildə 5015 sahibkara 158.6 milyon manat güzəştli kredit verilib.

Cəmil Həsənli
Cəmil Həsənli

NARDARAN HADİSƏLƏRİNİN SƏBƏBLƏRİ

«Azadlıq» qəzetində Milli Şura sədri Cəmil Həsənlinin növbəti məqaləsini oxumaq olar. Bu dəfə onun yazısında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının istintaqının Nardaran məhbuslarının işi ilə birləşdirilməsinin səbəblərindən bəhs edilir.

C.Həsənli yazır ki, bunda məqsəd AXCP-ni də Nardaran hadisələrinə bağlamaqdır: «Zatən lap əvvəldən Azərbaycan hakimiyyətinin əsas məqsədi AXCP-ni Nardaran əməliyyatına şərik etmək idi. Hətta Nardaran əməliyyatının müxalifəti əzmək üçün süni şəkildə planlaşdırıldığı da istisna edilmir».

Milli Şura sədrinin fikrincə, iqtidar belə əməlləri ilə ölkəni rüsvay edir, milləti gözdən salır, 1937-ci illərin cinayət işlərini kölgədə qoyur: «Fuad Qəhrəmanlının adının Nardaran işinə əlavə edilməsi 37-ci ilin qayda, düşüncə və hüquq sisteminin Azərbaycanda təkrarının aydın ifadəsidir».

C.Həsənlinin tezislərinə görə, təkcə F.Qəhrəmanlının yox, bütünlükdə Nardaran işi quramadır. Bu, onun fikrincə, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iflasından sonra Daxili İşlər Nazirliyinin (DİN) düşünülməmiş, insan ölümü ilə nəticələnən uğursuz əməliyyatı idi.

C.Həsənli yazır ki, Nardaran əməliyyatı DİN-ə kütləvi həbslərdən ötrü hay-küylü dövlət çevrilişi şousu yaratmaq üçün lazım idi: «Əslində həbs edilən dindarların vəhşicəsinə döyülməsi, işgəncələr verilməsi AXCP-nin Nardaran hadisələrinə aidiyyəti olması haqda təsdiqedici ifadələr almaq üçün idi».

Aptek
Aptek

TƏNZİMLƏMƏ VƏ YOXA ÇIXAN PREPARATLAR

«Exo» qəzetində «Qiymətlər «müalicə olunmur»» sərlövhəli məqalədə dərman preparatlarının qiymətlərinin tənzimlənməsindən sonra bu sahədəki durum ekspertlərlə təhlil edilir.

Yazıda bildirilir ki, Tarif Şurası 10 minə yaxın dərman vasitələrinin topdansatış və pərakəndə qiymətlərini təsdiq edib. Bu da dərman vasitələrinin 99 faizi deməkdir.

«Şuranın açıqlamasına görə, dərmanların 29 faizinin qiymətləri iki dəfədən çox, 11 faizinin qiymətləri indiki qiymətlərlə müqayisədə 3 dəfədən çox endirilib. Bütünlükdə dərmanların 90 faizinin qiymətləri aşağı salınıb»,-deyə müəllif rəsmi açıqlamaları yada salır

Bununla belə, yazıda vurğulanır ki, gerçəklikdə vətəndaşlar müsbət dəyişiklikləri o qədər də hiss etmirlər. Əksinə, bəzi dərmanların qiymətləri iki dəfədən çox bahalaşıb. Üstəlik, onları yerli dərman bazarında tapmaq olmur.
Yazıda bu məsələ ilə bağlı ekspert Nəriman Ağayevin fikirlərinə də yer verilir. «Bizim qurum Bakının aptek şəbəkəsində monitorinq apardı. Tədqiqatımızda bəlli oldu ki, adi vitaminlərdən tutmuş insulindən asılı xəstələrin dərmanlarına qədər bir çox vasitələr bazardan yoxa çıxıb. Bir çox apteklərin rəfləri boşalıb. Manatın devalvasiyasından sonra qiymətlər üç dəfə bahalaşıb», - ekspert qeyd edir.

N.Ağayev deyir ki, ölkədə dövlət səviyyəsində dərmanların qiymətləri tənzimlənəndə, əczaçılar bahalı, hətta çox zəruri olan dərmanlardan imtina etməyə məcbur oldular. Nəticədə həmin dərmanların idxalı azalıb. Ekspertin fikrincə, belə məsələləri inzibati yol ilə həll etmək mümkün deyil. Çünki, sərtləşdirmə sahibkarların bazarı tək etməsinə səbəb olacaq. N.Ağayev təklif edir ki, Səhiyyə Nazirliyi yanında tender komitəsi yaradılsın: «Ölkəyə dərmanları açıq tender nəticəsində qalib şirkət gətirsin. Gəlir isə 25 faizdən yüksək olmasın».

Kasıb qadın
Kasıb qadın

TƏNBƏLLİYİN SƏBƏBİ –HAVAYI NEFT PULLARI...

«Bizim Yol» qəzetində isə «Ünvanlı yardım yox, havayı neft pulları tənbəllik yaradıb» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Yazı əmək və əhalinin sosial müdafiə nazirinin müavini İlqar Rəhimovun ünvanlı sosial yardım haqda fikirləri üzərində qurulub. Müəllifin yazmasına görə, nazir müavini deyib ki, ünvanlı sosial yardım xalqı ələbaxımlığa, tənbəlliyə öyrədir. İnsanlar öz bizneslərini qurmurlar.

Qəzet bu mövzuda iqtisadçı Natiq Cəfərlinin fikirlərinə də yer verib: «Əslində ünvanlı sosial yardım yox, havayı neft pulları ölkədə tənbəllik yaradıb, o cümlədən hökumət üzvlərində də».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG