Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:00

Ekspertlər elektron ipotekanın uğuruna inanmırlar


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyevin xarici siyasəti, mövcud iqtidarla islahatların mümkünlüyü, elektron ipotekanın gələcəyi və sadə vətəndaşların şikayətləri bu gün medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEV–LİDERLİK NÜMUNƏSİ

«Azərbaycan» qəzetində «Liderliyin İlham Əliyev nümunəsi» sərlövhəli məqalə dərc edilib.

Yazıda deyilir ki, prezident İlham Əliyev üstün liderlik xüsusiyyətlərinə malikdir və Azərbaycan uğurla idarə edilir.

Müəllifin fikrincə, Türkiyənin İsrail və Rusiya ilə münasibətləri düzəltməyə çalışması, bu dövlətlərin qarşılıqlı üzr istəmələri fonunda Azərbaycan xarici siyasəti ən düzgün mövqe tutur: «Baş verən bu dəyişikliklər, qarşılıqlı üzr istəmələr kontekstində Azərbaycanın xarici siyasət kursunun düzgünlüyü, hətta müdrikliyi özünü tam aydınlığı ilə göstərir».

Müəllif yazır ki, hətta böyük dövlətlər də səhv edir. Ancaq Azərbaycan xarici siyasətdə heç bir yanlışlığa yol vermir.

Məqalədə qeyd edilir ki, 23 il öncə Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət konsepsiyasını İ.Əliyev 13 ildir uğurla aparır: «İlham Əliyev elə müdrik kurs yürüdür ki, ətrafdakı fövqəldövlətlər, yaxud güclü ölkələr bir-birləri ilə az qala savaşa girib sonradan üzrxahlıqla barışsalar da, bu proseslərin Azərbaycana mənfi təsirləri olmur! Prezident İlham Əliyevin indi əsas fəaliyyət istiqaməti mövcud situasiyadan bəhrələnərək ölkəmizin beynəlxalq miqyasda daha vacib faktora çevrilməsi və Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsidir. Prezident proseslərin məhz belə yekunlaşacağına əmindir! Əgər İlham Əliyev əmindirsə, deməli, bütün Azərbaycan xalqı əmindir!».

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

NƏ ETMƏLİ?

«Azadlıq» qəzetində «Sistemin çöküşü ölkənin çöküşü ilə nəticələnməməlidir» sərlövhəli məqalədə Azərbaycanda mövcud hakimiyyətlə islahatların mümkünlüyü təhlil edilib.

Müəllif bütün yazı boyu «nə etməli» sualına cavab axtarır: «Daha Azərbaycan adına qalmaqalsız ötüşdüyümüz gün yoxdur. «Kürü diplomatiyası», Dubay villaları, qızıl mədənləri qalmaqalları, Avstriyada manatın çap qalmaqalı, Panama qalmaqalları, ABŞ-dan hədiyyələrin qaytarılması...».

Müəllifin fikrincə, bütün bu qalmaqallar iqtidarı sarsıtmır, yumşalmağa, dəyişməyə məcbur etmir: «Əksinə, daha da bozardır. Yoxsa iqtidarın «uğurlara kölgə salmaq», «Avropada da rüşvət alırlar» kimi açıqlamalarına nə ad vermək olar?».

Məqalədə qeyd edilir ki, artıq ölkədə yuxarıdan islahatlarla sistemi dəyişmək limiti qurtarıb. Amma müəllifin fikrincə, sistemin qurulma prinsipləri onu inqilabsız da məhvə aparır: «Azərbaycanda idarəetmə sistemi tamamilə çöküb. Bu sistemdə hansısa islahat prinsipcə mümkün deyil. Problem odur ki, biz nə etməliyik? Biz nə etməliyik ki, sistemin çöküşü, Azərbaycanın çöküşünə gətirib çıxarmasın?».

Binalar
Binalar

ELEKTRON İPOTEKA: BAZARDA CANLANMA, YOXSA...

«Exo» qəzetində isə «Azərbaycanda elektron ipoteka yarana bilər» sərlövhəli məqalədə bu sahədəki vəziyyət dəyərləndirir.

Yazıda yada salınır ki, 2017-ci il yanvarın 1-dən etibarən ipoteka kreditlərinin elektron qaydada verilməsi ilə bağlı dövlət başçısının sərəncamı var. Amma qəzetə şərh verən ekspertlər bu məsələdə o qədər də nikbin deyillər. Ekspertlərdən Rəşad Həsənov deyir ki, elektron ipoteka krediti ölkədəki daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcək: «Bu elektron ipoteka kredit alınması prosedurunu maksimum sadələşdirə bilər. Qanunvericilərin də əsas məqsədi proseduru sadələşdirmək və avtomatlaşdırmaq olub».

Ekspert deyir ki, bir çoxları ipoteka krediti almağın çox çətin olmasından şikayət edir. Çoxsaylı pozuntu və bürokratik əngəllər əsas maneə sayılır. Ekspertin fikrincə, elektron ipotekaya keçid sırf texniki prosesdir. Onun əmlak bazarına təsiri verilən kreditlərin həcmindən asılı olacaq.

İqtisadçı Nazim Məmmədov da qeyd edir ki, bu heç də ipoteka kreditlərini əlverişli etməyəcək: «İpoteka kreditinə tələbatı artırmaq üçün ilk növbədə banklar faizləri aşağı salmalıdırlar. Biznes kreditlər 18 faizlə verilirsə, ipoteka kreditləri 4-8 faiz civarında olacaq».

Tikinti. Foto arxiv
Tikinti. Foto arxiv

MASAZIR SAKİNLƏRİNİN ŞİKAYƏTİ

«Bizim Yol» qəzeti Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin sakinlərinin «Qəsr» Mənzil-Tikinti Kooperativinin fəaliyyətindən narazılığını nəzərə çatdırır.

«Tikinti şirkəti Masazırda böyük narazılıq yaradıb» sərlövhəli məqalədə şirkətin tikməkdə olduğu çoxmərtəbəli binanın insanların həyatına təhlükə yaratdığı bildirilir.

Sakinlərin demələrinə görə, bina Şollar su kəmərinin üzərində inşa edilir.

Vəkil Vamiq Şükürov qəzetə deyib ki, hüquqlarını müdafiə etdiyi 74 ailə «Qəsr» Mənzil-Tikinti Kooperativinə qarşı «inşaat işlərinin şəhərsalma və tikinti qaydalarına əməl etməməklə aparılması» iddiası ilə məhkəməyə müraciətə hazırlaşır: «Binanın yaşayış sahələrinə yaxın, hətta bir neçə həyət evinə bitişik tikilməsi ən böyük təhlükə mənbəyidir. Külək əsən zaman istifadə olunan tikinti materiallarının tozu və qırıntıları həyətlərə tökülür. Görülən işlərin səs-küyü yerli əhalinin evinin içindədir. İstirahət günlərində, gecələr də daxil olmaqla, tikinti işləri aparılır».

Məqalədə qeyd edilir ki, qəsəbədə kanalizasiya sistemi olmadığına görə sakinlər boruları kəndin kustar üsulla hazırlanmış kanalizasiyasına birləşdiriblər. Ərazidə 3 yaşayış binasının tikilməyə başlanmasından sonra qəsəbədə kanalizasiya xətlərinin sıradan çıxdığı, çirkab sularının küçələrə axdığı bildirilir.

«Qəsr» Mənzil-Tikinti Kooperativinin sədri Arif Pirnəzərov isə «Bizim Yol»a bildirib ki, yaşayış kompleksinin tikintisinə 2013-cü ildə start verilib: «Tikinti olan sahədə müəyyən narahatlıqlar olub. Bunun təkrar olunmaması üçün mərtəbələr artdıqca mühafizə tədbirləri görülür. Biz bunun qarşısını almağa çalışırıq. Elə hazırda «setka» çəkirik».

A.Pirnəzərov deyib ki, yaşayış binasının Şollar su kəmərinin üzərində tikilməsi iddiası isə həqiqətəuyğun deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG