Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:34

AB Azərbaycanla əməkdaşlığın tərəfdarıdır


Malena Mard
Malena Mard

-

«Avropa Birliyi Azərbaycanla «Şərq Tərəfdaşlığı» siyasəti çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir».

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard «Azərbaycanla Mobillik naminə Tərəfdaşlıq» konfransında çıxışı zamanı deyib.

O bildirib ki, AB-Azərbaycan əməkdaşlığının gələcəyi var: «Əməkdaşlığımız bir çox sahədə dərinləşmək və genişlənməkdədir. Bu sahələrdən biri insanlararası əlaqələrdir».

Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də bildirib ki, mobilliyin asanlaşdırılması AB ilə Azərbaycan arasında daim əməkdaşlıq mövzusu olub: «Viza sadələşdirilməsi bu sahədə ümumi məqsədlərin icrası üçün faktiki imkan yaradıb. Azərbaycan AB ilə davamlı tərəfdaşlığın davam etdirilməsində maraqlıdır. Miqrasiya sahəsində də əməkdaşlıq genişləndiriləcək».

«Azərbaycanla Mobillik naminə Tərəfdaşlıq» layihəsi bu ilin yanvarında başlayıb və 3 il davam etməlidir. Layihəni Avropa Birliyi maliyyələşdirir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Proqramın məqsədi həmin ölkələri Avropa Birliyinə yaxınlaşdırmaqdır.

XS
SM
MD
LG