Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:46

«Stratfor»: Qarabağ danışıqları ucuzlaşıb


İlham Əliyev və Serzh Sarkisian
İlham Əliyev və Serzh Sarkisian

-

Pharrell-in çıxışı əzilənləri rahatladı; Ərzaq təhlükəsizliyi indeksi-100 baldan 57 topladıq – 22 iyun Qərb mediasının icmalı.

«Ermənistan və Azərbaycan liderlərinin son danışıqları azacıq ümid yaradır. İyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşdən sonra verilmiş bəyanat münaqişə zonasına daha çox beynəlxalq müşahidəçinin cəlbinə çağırır və vurğulayır ki, danışıqların bütün tərəfləri mövcud atəşkəs sazişindən razıdır. Ancaq sülhə yönəlik bu diplomatik gedişlərə baxmayaraq, münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Mərkəz vurğulayır ki, liderlərin sülhpərvər vədlərinə baxmayaraq, Ermənistan regiona de-fakto nəzarəti saxlamağa çalışır, mübahisəli ərazinin yerləşdiyi Azərbaycan isə buna qarşı çıxır. Aprel döyüşlərindən sonra Bakı nisbətən kiçik ərazini tutsa da, bu toqquşmalar dondurulmuş münaqişəni alovlandırdı, diplomatik vasitəçilik prosesini də gücləndirdi.

«Rusiyanın münaqişədəki mövqeyi daha bir mürəkkəblik yaradır. Strateji baxımdan Ermənistanla müttəfiq olmuş Rusiya son aylar Azərbaycanla sıx münasibətlər yaradıb və aprel toqquşmalarına Ermənistan tərəfdən müdaxilə etməyib. Əslində, Moskva heç bir tərəfin yanında durmadı və özünü danışıqlara həsr etdi. Görünür, Rusiya Dağlıq Qarabağı idarəolunan böhrana çevirmək istəyir. Elə bir böhrana ki, daşıb tökülmədən qaynamağında olsun, Moskva da arbitr kimi çıxış etsin. Bu strategiya ikili funksiya daşıyır – bir yandan Türkiyə və Qərb kimi xarici qüvvələrin təsirini azaltmağı, digər tərəfdən Moskvanın Ermənistan və Azərbaycandan ötrü əhəmiyyətini bir da təsdiqləməyi hədəfləyir», - yazıda deyilir.

«Hələlik gücləndirilmiş vasitəçilik cəhdləri səmərəli olub. Atəşkəsin pozulması halları azalıb, döyüşlər səngiyib. Ancaq bu nisbi sülhün qalacağına zəmanət yoxdur. Danışıqlar bir az vaxt qazandırdı, nəfəs almağa imkan verdi, amma onların nəticəsiz qaldığını görən Azərbaycanın səbri tükənə bilər. Sülh danışıqları mübahisəli əraziylə bağlı strateji ziddiyyəti aradan qaldırmayınca, regionda zorakılıq potensialı qalacaq», - «Stratfor» yazır.

Pharrell Williams
Pharrell Williams

PHARRELL-İN ÇIXIŞI ƏZİLƏNLƏRİ RAHATLADI

«The Huffington Post» qəzetində insan haqları fəalı Rebecca Vincent müğənni Pharrell Williams-ın bazar günü Bakıdakı çıxışından yazır.

Müəllif qeyd edir ki, həmin gecə Pharrell Bakıda hətta «Formula-1» rəhbəri Bernie Ecclestone, ola bilsin, prezident İlham Əliyevdən də güclüydü.

«Əliyev rejimi «Formula-1» keçirməklə ölkədəki insan haqları pozuntularından diqqəti yayındırmaq istəyirdi. «Formula-1» isə Pharrell kimi ulduzlar vasitəsilə gəncləri bu idman növünə cəlb etməyə çalışır, çünki ənənəvi avropalı izləyiciləri yaşlanır. Pharrell dünyada tanınmış, heç nə itirməyəcək biridir», - müəllif yazır.

Rebecca Vincent «Hüquqlar uğrunda İdman» koalisiyasının müğənnin Azərbaycanda söz azadlığı ilə bağlı fikir bildirməsindən ötrü çalışdığını qeyd edir. Jurnalist Xədicə İsmayıl, insan haqları fəalı Emin Hüseynov da beynəlxalq mediada dərc olunmuş məqalələrində Pharrell-i hakimiyyətin təbliğatına alət olmamağa səsləyib.

Və Pharrel də bu çağırışları eşidib, «Azadlıq» (Freedom) mahnısını Azərbaycan gənclərinə həsr etdiyini söyləyib, bu gənclərin böyüyəndə təkcə Azərbaycanda deyil, bütün dünyada dəyişiklik edəcəyini söyləyib.

Xədicə İsmayıl deyir ki, azərbaycanlılar bu jesti dəyərləndiriblər: «Azərbaycanda «azadlıq» qışqırmaq naz-nemət sayılır. Pharrell Williams-ın izləyicilərə azadlıq hissi yaşatması və güclü bir mesaj göndərməsi böyük şey idi».

Müəllifin fikrincə, Pharrell-in çıxışı Azərbaycanda ən yaxşı və ən parlaq gənclərin də olduğu onlarla siyasi məhbusu ürəkləndirəcək. ««Formula-1» rəhbərliyi, pilotlar, tanınmışlar isə utancverici şəkildə korrupsioner Əliyev rejiminin imicini yaxşılaşdırmaq təbliğatında istifadə olundular, buna şərait yaratdılar. Aktyorlar və atletlər çox vaxt deyirlər ki, siyasətə qarışmırlar. Ancaq yadda saxlasınlar ki, Azərbaycan kimi ölkələrdə azad söz az tapılan şeydir. Ona görə də onların susqunluğu qulaq batırır, sözləri isə güclü rol oynaya bilər», - Rebecca Vincent vurğulayır.

ABŞ-da quraqlıq
ABŞ-da quraqlıq

100 BALDAN 57 TOPLADIQ

«The Economist Intelligence Unit» (EIU) təşkilatı illik Qlobal Ərzaq Təhlükəsizliyi İndeksini açıqlayıb. İndeks 113 ölkədə ərzağa çatımlılıq, onun mümkünlüyü və keyfiyyəti kimi kateqoriyaları əhatələyir. İndeksə görə, dünyada ərzaq təhlükəsizliyi yaxşılaşmaqdadır. Aclıq səviyyəsi azalır: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, son 10 ildə pis qidalanan əhalinin sayı 176 milyon nəfər azalıb. Ancaq 800 milyon nəfər, yəni hər 9 nəfərdən 1-i acdır və ərzaq təhlükəsizliyi gələcəyin böyük qlobal problemi olaraq qalır.

«Azgəlirli ölkələrdə, adətən, baza infrastrukturu olmur və gəlirlərin azlığı qidalı ərzağa çıxışı əngəlləyir. Siyasi risk və korrupsiya bu ölkələrdə struktur çətinliklərlə birləşir. Gələcək iqlim dəyişikliyi riski bu məsələləri daha da şişirdir», - məlumatda deyilir.

İndeksin dibində yer alan ölkələr hava durumuyla bağlı itki verənlərdir. Qurum bildirir ki, quraqlıq, daşqın kimi hava şəraiti uzunmüddətli perspektivdə ərzaq məsələsinə ciddi təsir göstərəcək, onun qiymətini artıracaq, istehsalın dayanıqsızlığını artıracaq.

Dünya Bankının dəyərləndirməsinə görə, iqlim dəyişikliyi ilə bağlı heç bir tədbir görülməsə, kəskin hava şəraiti 2030-cu ilədək məhsul itkisini 5%-sək qaldıra bilər ki, bu da ərzağın qiymətinə təsirsiz ötüşməyəcək.

Ərzaq Təhlükəsizliyi İndeksi üzrə maksimum bal 100-dür. Azərbaycan 57, Rusiya 48, Belarus 46, Ukrayna 63, Özbəkistan 72 bal toplayıb.

EIU bildirir ki, dəyərləndirmə üçün 113 ölkə regional müxtəliflik, iqtisadi əhəmiyyət, əhali sayı kimi kriteriyalara əsasən seçilib.

XS
SM
MD
LG