Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:51

Dünya Bankından 66.7 milyon kredit


Dünya Bankı
Dünya Bankı

-

Dünya Bankı (DB) Azərbaycanda icra olunan «Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları Layihəsi»nə 66.7 milyon dollar dəyərində maliyyə ayrılmasını təsdiqləyib.

Bu barədə bankın Azərbaycan nümayəndəliyindən məlumat verilir.

«Report»un xəbərinə görə, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi cəhətdən özlərini təminetmə imkanlarının artırılmasıdır.

«Biz onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq istiqamətində hökumətin bu vaxta qədər həyata keçirdiyi səyləri təqdir edirik. Bu layihə daha yaxşı ictimai xidmətlər və xüsusilə, gənclər üçün gəlir gətirən imkanları təmin etməklə hazırda həyata keçirilən səyləri tamamlayacaq», - deyə DB-nin Azərbaycan üzrə meneceri Larisa Leshchenko deyib.

Layihə su, elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bununla yanaşı, layihədə gənc məcburi köçkünlərə təlim və mikro-kreditlər təklif ediləcək.

Azərbaycan DB-yə 1992-ci ildə qoşulub. Həmin vaxtdan etibarən bu bank Azərbaycanda ümumilikdə 55 layihə həyata keçirib. Azərbaycanın Dünya Bankı qarşısında öhdəlikləri 3 milyard dollardan artıqdır.

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın 7 milyard 448.7 mln. ABŞ dolları xarici dövlət borcu var. Azərbaycan «Cənub Qaz Dəhlizi» layihəsindən ötrü də elə bu qədər investisiya cəlb etmək niyyətindədir.

İqtisadçılar hökuməti sürətlə borclanmaya getməyə görə tənqid edirlər. Onlar düşünürlər ki, əsl problem bu kreditlər qaytarılanda yaşanacaq.

XS
SM
MD
LG