Keçid linkləri

Təcili xəbərlər
2022, 20 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:30

Dünya xəbərləri

Rusiya atletləri olimpiyadaya buraxılmadı

Rio de Janeyro

Rusiyanın yüngül atletika komandası 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarını buraxmalı olacaqlar.

Qərar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Vyanada keçirilən iclasında qəbul edilib.

Ümumdünya Antidopinq Agentliyi səsverməyə bir neçə gün qalmış 2016-cı ildə Rusiya atletlərinin dopinq testlərində fırıldaqçılıq və 736 yoxlamanın pozulması ilə bağlı hesabat yaymışdı.

Digər Rusiya millilərinin olimpiyadada iştirakı ilə bağlı isə iyunun 21-də Lozanne də keçiriləcək iclasda qərar veriləcək.

Bütün xəbərləri izləyin

Ərdoğan Putinlə Ukraynanı müzakirə etməli olduğunu deyir

Vladimir Putin (solda) və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezident Receb Tayyib Ərdoğan deyir ki, Rusiyanın Ukraynanı işğal etməsi real deyil və o, böhranı rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına onminlərlə əsgər cəmlədiyindən Qərb mümkün işğalla bağlı narahatlıq bildirib. Moskva isə belə planları olmadığını deyir.

“Rusiyanın Ukraynanı işğal edəcəyini real yanaşma sanmıram, çünki Ukrayna adi ölkə deyil. Ukrayna güclü ölkədir. Rusiya belə bir atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir”, – Ərdoğan Albaniyaya səfəri zamanı jurnalistlərə deyib.

Ötən həftə ABŞ, NATO və ATƏT Rusiya ilə danışıqlar aparıb, münasibətlərdəki gərginliyi, Ukrayna böhranını müzakirə ediblər. Danışıqların çətin keçdiyi, ciddi proqres əldə olunmadığı bildirilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 13 mindən çox insan öldürülüb.

Qar üstündə nəcis heykəlinə görə saxlandı

Arxiv fotosu

Nəcisə abidə Sankt Peterburqda Mars meydanında yaradılıb. 1917-ci il Rusiya İnqilabında öldürülənlər həmin ərazidə dəfn olunub

Sankt Peterburqda məzarlıq yaxınlığında qar üstündə nəhəng nəcis formasında heykəl düzəldən rusiyalı rəssam həbs olunub.

Polisin və yerli medianın yanvarın 17-də yaydığı xəbərə görə, İvan Volkov məzarlığı təhqir etməkdə ittiham olunur.

O, qar üstündə beş metr uzunluqda heykəl düzəldib, sonra onu qəhvəyi rəngləyib, ətrafını isə saraldıb.

Nəcisə abidə Sankt Peterburqda Mars meydanında yaradılıb. 1917-ci il Rusiya İnqilabında öldürülənlər həmin ərazidə dəfn olunub.

AzadlıqRadiosu-nun Rusiya xidmətinin məlumatına görə, 29 yaşlı Volkov işin fotolarını Facebook və Instagram-da yerləşdirib, “əsərə xüsusi məna vermədiyini” yazıb. Sonradan sosial media postları silinib.

Rəssam təqsirli bilinsə, beş ilədək həbsə məhkum edilə bilər.

Volkov son illər qar üzərində 30-dək rəsm əsəri, heykəl yaradıb. Birini koronavirusla mübarizə aparan həkimlərə həsr edib.

Ukrayna dilindən məcburi istifadə qüvvəyə minir

Ukrayna Ali Radasının binası yaxınlığında mitinq zamanı. Deputatlar həmin gün Ukrayna dili haqqında qanun qəbul ediblər. 25 aprel 2019

Ukraynada yanvarın 16-dan Ukrayna dilindən məcburi istifadə tələbi qüvvəyə minir.

“Dil haqqında” qanunun dövlət və regional çap mediasının naşirlərinə məhsullarını başqa dillərdə, məsələn, rus dilində buraxmaq qadağan edilmir, lakin bu hüquqdan istifadə etmək istəyən naşirlər eyni tirajı Ukrayna dilində də nəşr etməlidirlər.

Yerli media üçün oxşar tələb daha sonra, 16 iyul 2024-cü ildə qüvvəyə minəcək. Bu, Ukraynanın yerli xalqlarının dillərində, habelə ingilis və Avropa İttifaqınin digər rəsmi dillərində nəşr olunan çap mediasına şamil edilməyəcək.

Bundan əlavə, 2022-ci il iyulun 16-dan kompüter proqramlarının interfeyslərində, eləcə də rəsmi saytlarda və sosial şəbəkələrdəki səhifələrdə Ukrayna dilindən istifadə məcburi olacaq.

Dpa agentliyinin məlumatına görə, Ukraynada sonuncu rusdilli qəzet olan “Vesti” yanvarın 10-da Ukrayna dilinə keçib.

Nazarbayevin iki 'kürəkəni' işdən çıxarılıb, bir nazir müavini də həbs olunub

Kayrat Şaripbayev, “KazQaz” SC-nin İdarə Heyətinin keçmiş sədri

Mətbuat yazır ki, prezident etirazlara görə QazaxQaz-la yanaşı, KazMunayQaz-ı günahlandırsa da bu şirkətdən istefaların olub-olmadığı məlum deyil.

KazTransOil-in idarə heyətinin sədri Dimaş Dosanov və QazaxQaz-ın idarə heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib. Bu barədə "Samruk-Kazına" fondu yanvarın 15-də məlumat yayıb.

Fondun açıqlamasında bildirilir ki, hər iki şəxs yanvarın 14-də “verilmiş ərizələrə əsasən” tutduqları vəzifədən azad edilib. Kayrat Şaripbayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin böyük qızı, parlamentin deputatı Dariqa Nazarbayevanın “indiki əri” adlanır. Dimaş Dosanov Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əridir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev etirazların baş verməsinə görə QazaxQaz-la yanaşı, KazMunayQaz-ı günahlandırsa da yerli media bildirir ki, bu vaxta qədər “KazMunayQaz”da istefaların olub-olmadığı məlum deyil.

Yanvarın 2-də Qazaxıstanın qərbində maye qazın qiymətinin kəskin artması ilə başlayan etiraz aksiyaları digər bölgələrə də yayılıb və təxminən bir həftə davam edib. Əvvəlcə dinc mitinqlərə naməlum silahlı qruplar da qoşulub, sonra bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara çevrilib və insan tələfatları ilə müşayiət olunub.

Bəzi ekspertlər Qazaxıstanda baş verən yanvar hadisələrini ölkənin hazırkı prezidenti Tokayevlə Nazarbayevin tərəfdarları arasında hakimiyyətdaxili mübarizənin əlaməti kimi qiymətləndirdilər.

Son günlər sabiq prezidentin və onun yaxınlarının harada olması ilə bağlı ziddiyyətli açıqlamalar və fərziyyələr səslənir. Milli Məclisin deputatı, Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva yeni ildə parlamentin iclaslarına çıxmayıb. Köməkçisi deyib ki, o xəstələnib və Almatıda evdədir.

Yerli mətbuat eks-prezidentin qardaşı Bolat Nazarbayevin Qazaxıstan-Qırğızıstan sərhədini keçdiyini və daha sonra “Dubaya uçduğunu” yazıb. Lakin nə yaxınları, nə də Qazaxıstan rəsmiləri bu məlumatı təsdiqləməyiblər.

Yanvarın 13-də keçmiş prezidentin kiçik qızının sosial media hesabları kütləvi etirazlara münasibət bildirdikdən bir neçə saat sonra yoxa çıxıb. “Qumash Telegram” kanalı Aliyə Nazarbayevanın vətənində baş verənlər barədə yazdığı hesabın yerləşdiyi yerin Birləşmiş Ərəb Əmirlikləri olduğunu bildirib.

Keçmiş prezident Nursultan Nazarbayevin özü də ötən il dekabrın 28-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. O, ölkədə baş verən genişmiqyaslı etirazlara münasibət bildirməyib.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev(orta) Rusiya prezidenti Vladimir Putin (sağ), Çinin prezidenti Si Tsinpin (sol), 9 iyun 2017
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev(orta) Rusiya prezidenti Vladimir Putin (sağ), Çinin prezidenti Si Tsinpin (sol), 9 iyun 2017

Keçmiş prezidentin mətbuat katibi iddia edir ki, Nursultan Nazarbayev Qazaxıstanı tərk etməyib, paytaxtdadır və nüfuzlu Təhlükəsizlik Şurasının rəhbərliyini prezident Kasım-Jomart Tokayevə vermək barədə şəxsən qərar verib.

Qazaxıstanın keçmiş energetika nazirinin müavini qazın bahalaşmasına görə saxlanılıb.

Yanvarın 15-də Maliyyə Nəzarəti Agentliyi Qazaxıstanın keçmiş energetika nazirinin müavini Jumabay Karaqayevin saxlandığını bildirib. Məlumatda vurğulanır ki, elektron ticarət platformalarının rəhbərləri və “Manqistau vilayətində mayeləşdirilmiş neft qazının qiymətinin əsassız olaraq artırılmasında əli olan şəxslər” də saxlanılıb.

Energetika nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Karaqayev barəsində məhkəmə iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Baş prorkurorluq rəsmisi: Qazaxıstandakı iğtişaşlarda 225 nəfər ölüb...

Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin heykəli uçurulub, Taldıkurqan şəhəri

Səlahiyyətlilər KTMT qüvvələrinin Qazaxıstandan tam çıxarılmasının 10 gün ərzində tamamlanacağını açıqlayıblar.

Qazaxıstanın baş prokurorluğu ölkədə baş verən etirazlar zamanı ölən və xəsarət alanların siyahısı açıqlayıb.

AzadlıqRadiosunun Qazaxıstan xidməti xəbər verir ki, şənbə günü keçirilən brifinqdə baş prokurorluğun cinayət təqibi xidmətinin rəhbəri Serik Şalabayev 225 nəfərin öldüyünü, 4578 nəfərin müxtəlif xəsarətlər aldığını deyib.

Xidmət rəisinin sözlərinə görə, ölənlərin 19 -u, xəsarət alanların isə 3393-ü hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Baş prokuruluq rəsmisi onu da deyib ki, ölələrin bəziləri hücumlarda iştirak edənlər olub: "Təəssüf ki, terror aktı zamanı dinc sakinlər də həlak olub"-o bildirib.

Amma baş prorkurorluq rəsmisinin bu açıqlamasına hələki müstəqil mənbələrin münasibəti yoxdur.

***

Qırğız və tacik hərbçilər Qazaxıstandan çıxıblar

Qırğızıstan hərbçiləri, 14 yanvar 2022
Qırğızıstan hərbçiləri, 14 yanvar 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatları (KTMT) çərçivəsində Qazaxıstana gedən Qırğızıstan və Tacikistan hərbçiləri öz ölkələrinə dönüblər. Bundan başqa cümə günü o da məlum olub ki, artıq Qazaxıstanı Belarus və Ermənistan hərbçiləri də tərk ediblər.

Rusiya Müdafiə nazirliyinin yaydığı məlumata görə, Belarus, Tacikistan və Ermənistan hərbçiləri Rusiyanın hərbi-yük təyyarəlləri ilə geri, ölkələrinə qaytarılıb. Nazirliyin məlumatında vurğulanır ki, Qırğızıstandan olan hərbçilər isə “öz gücləri altında standart texnika ilə” daimi dislokasiya nöqtəsinə gediblər.

Cümə axşamı Rusiya Müdafiə Nazirliyi KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması üçün hazırlıqlara başlandığını açıqlayıb. Birləşmiş kontingentin əsasını təşkil edən Rusiya Hərbi Hava Desant Qüvvələrinin ilk qrupları elə həmin gün Qazaxıstanı tərk edib.

Səlahiyyətlilər KTMT qüvvələrinin Qazaxıstandan tam çıxarılmasının 10 gün ərzində tamamlanacağını açıqlayıblar.

KTMT qüvvələri iğtişaşlar, toqquşmalar və talanlarla müşayiət olunan kütləvi etirazlar fonunda bu ölkənin prezidenti Kasım-Jomart Tokayevin müvafiq müraciətindən sonra Qazaxıstana göndərilib.

Tokayev yanvarın əvvəlində baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb və zorakılıqların arxasında “xarici terrorçuların” olduğunu iddia edib, lakin konkret olaraq onların hansı ölkələrdən olduğunu açıqlamayıb.

Rəsmi məlumatlara görə, prezident Tokayevin müraciətindən sonra Qazaxıstana KTMT missiyası çərçivəsində 2030 hərbçi və 250 texnika göndərilib.

Sonrakı günlərdə toqquşmalar və qırğınlarla müşayiət olunan dinc etirazlar yanvarın 2-də Qazaxıstanın qərb vilayətlərində başlayıb. Əhali küçələrə axışaraq maye qazın kəskin bahalaşmasına etiraz edib.

Sonradan iqtisadi tələblərə siyasi tələblər də əlavə olunub. Etirazçılar ilk prezident Nursultan Nazarbayevin siyasətindən getməsini tələb ediblər.

Dinc etirazçıların iğtişaşlarla əlaqəsi olub-olmaması hələ də bəlli deyil. İğtişaşlar zamanı 164 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat açıqlansa da sonradan hakimiyyət bu məlumat təkzib edib.

Yanvarın 7-dən isə ölənlərlə bağlı məlumatlar yenilənmir. Bu hadisələrlə bağlı saxlananların sayının 10 minə çatdığı bildirilir.

BMT-dəki insan haqları fəalları bu həftənin əvvəlində Qazaxıstan rəhbərliyini “etirazçılara qarşı gücdən, o cümlədən öldürücü silahlardan məhdudiyyətsiz istifadəni” dayandırmağa çağırıblar.

Bəzi ekspertlər Qazaxıstanda baş verən yanvar hadisələrini ölkənin hazırkı prezidenti Tokayevlə Nazarbayevin tərəfdarları arasında hakimiyyətdaxili mübarizənin əlaməti kimi qiymətləndirirlər.

Avropa Parlamentinin prezidenti vəfat edib

Deyvid Sassoli

Sassoli 2009-cu ildən Aİ parlamentinin üzvü olub

Avropa Parlamentinin Prezidenti Deyvid Sassoli 65 yaşında vəfat edib.

Sözçüsü Roberto Kuilo onun yanvarın 11-də İtaliyanın Aviano bələdiyyəsi ərazisində xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Aİ parlamenti yanvarın 10-da italiyalı sol-mərkəzi siyasətçinin dekabrın 26-dan xəstəxanada olduğunu təsdiqləmişdi.

Bəyanata görə, “immun sisteminin funksiyasının pozulması nəticəsində yaranmış ciddi ağırlaşma hospitalizasiyanı vacib edib”.

Sassoli 2009-cu ildən Aİ parlamentinin üzvü olub.

O, 2019-cu ildə Strasburqda yerləşən parlamentin prezidenti seçilib. Onun vəzifə müddəti bu ay bitirdi, ikinci müddətə namizədliyini vermək planı yox idi.

Nyu Yorkda bina yanıb, azı 19 nəfər ölüb

Yanan bina

Onlarla xəsarət alan var, azı 32 nəfər xəstəxanaya yerləşdirilib

Nyu York şəhərinin Bronks rayonunda böyük yaşayış binasında yanğında 9-u uşaq olmaqla azı 19 nəfər həlak olub.

Yanvarın 9-da baş vermiş yanğının söndürülməsinə 200-dək yanğınsöndürən cəlb olunub.

Onlarla xəsarət alan var, azı 32 nəfər xəstəxanaya yerləşdirilib. Onların çoxu tüstüdən zəhərlənib.

Rəsmilər yanğının səbəblərinin şübhəli olmadığını, amma yenə də təhqiqat aparıldığını deyirlər.

Bir neçə gün öncə Filadelfiyada bina yanmışdı, səkkizi uşaq olmaqla 12 nəfər həlak olmuşdu.

Aksiya iştirakçısı: ‘Qazax dilində bir kəlmə də yox idi. Buradan belə nəticəyə gəldik ki...’

Qazaxıstan, Almatı, 8 yanvar 2022

"Hava qaralanda, saat 18:30 və ya 18:40-da meydanda pulemyotlu zirehli transportyorlar göründü. Əvvəlcə şərqdən, sonra qərbdən. Xəbərdarlıq etmədən öldürmək üçün atəş açmağa başladılar.

Qazaxıstandakı aksiyalarda etirazçıların qeyri-rəsmi liderlərindən biri, siyasi fəal və hüquq müdafiəçisi 64 yaşlı Meyrxan Abdumanapov Almatıda baş verənlərlə bağlı “Siberia.Realii” saytına danışıb.

Onun sözlərinə görə, etirazçılara qarşı güc tətbiqi yanvarın 6-sı təxminən səhər saat 9 radələrində başlayıb. Onun dediyinə görə, həmin vaxt Nursultan Nazarbayev küçəsində olan meydanda üzərində pulemyot olan hərbi yük maşınları, minik avtomobilləri və bir neçə zirehli transportyor peyda oldb. Əsgərlər oradan çıxıb bütün perimetr boyu meydanı mühasirəyə alıblar.

"Sonra mən də daxil olmaqla, ən yaşlı səkkiz nəfər etirazçılar adından ağ bayraq və əl qaldıraraq danışıqlar aparmağa getdik. Gecələr düşərgəni qorumaq üçün istifadə etdiyimiz şitləri keçəndə bizə atəş açmağa başladılar. Bunlar xəbərdarlıq atəşləri idi. Amma yanımda yaşı 50-dən yuxarı olan bir kişi qəfil yerə yıxıldı. Güllə onun sol bud nahiyəsinə dəymişdi. O an biz artıq hasara doğru geri çəkildik. Amma yaralını götürmək üçün geri qayıtdım. Çətinliklə onu qaldırıb hasarın yanına apardım, oradan da xəstəxanaya göndərdik. Atışma dayandı. Biz əlimizi yelləməyə, danışıqlar təklif etməyə davam etdik. Qazax dilində səsgücləndirici ilə bizə xəbərdarlıq etdilər ki, yaxınlaşmayın. Nəticədə 10-15 dəqiqədən sonra - görünür, məsləhətləşirdilər - bir zabit yanımıza gəldi.

Adını və soyadını verdi, indi xatırlaya bilmirəm. O dedi: "Bəli, mən o poqromçuların kimlər olduğunu bilirəm, onlar siz deyilsiniz. Nümayişi davam etdirə bilərsiniz, yeganə şərt budur: təsadüfən sizin aranızda silahlı gənclər olarsa, onları özünüz zərərsizləşdirin, çünki, Allah eləməsin, əsgərlərimdən kimisə yaralasalar, cavab atəşi açacağıq – bunun nəticələrinə görə mən cavabdeh deyiləm”.

Düşərgəyə qayıtdıq. Bir neçə min adamın içərisində yalnız beşində silah var idi. Biz onları zorla tərksilah edə bilməzdik, qorxurduq ki, biz silahsız onlar silahla bizə atəş aça bilərlər. Biz onlardan getmələrini istədik və getdilər.

Qazaxıstanda qarşıdurma: aksiyaçılardan hələ də xəbər almaq mümkün olmur
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Hadisələrin sonrakı inkişafına toxunan Meyrxan Abdumanapovun dediyinə görə, səhər saat 9-dan, axşam saat 6-ya qədər sakitlik olub. Amma sonra onlara etirazçıları dağıtmaq üçün meydana əlavə qüvvələr yeridiləcəyi ilə bağlı xəbərdarlıqlar gəlib:

"Günün ikinci yarısında düşərgəyə mesajlar gəlməyə başladı: "Dağılın, şəhərə əlavə qüvvələr gəlib: Rusiya qoşunları və KTMT bölmələri, belarus, erməni və digərləri, güc yolu ilə dağılacaqlar". Bu məsləhətlə şəxsən mənə beş nəfər zəng etdi. Və hər dəfə mənə zəng edənlər məlumatın “mötəbər mənbələrdən” olduğunu iddia edirdilər. "Bu gün axşam ya da gecə öldürmək üçün atəş açacaqlar." Məlumatı nəzərə aldıq, amma inanmadıq. Bəzi fəallar isə sonda oranı tərk edərək özləri ilə gələn insanları da apardılar.

Məsələn, səhər danışıqlarında əvvəlcə qərargah rəhbəri təyin etmək fikrində olduğumuz köhnə müxalifət lideri Jasaral Kuanyshalin və ya Janbolat Mamai kimi tanınmış fəal iştirak edirdi. O da dağılışmağa çağırdı. Deyəsən, bundan sonra onu buna görə döyüblər".

Meyrxan Abdumanapov deyir ki, o meydanda qalmağı qərara alıb, dağılışmağın xəyanət olduğunu düşünüb.

"Hava qaralanda, saat 18:30 və ya 18:40-da meydanda pulemyotlu zirehli transportyorlar göründü. Əvvəlcə şərqdən, sonra qərbdən. Xəbərdarlıq etmədən öldürmək üçün atəş açmağa başladılar. İnsanlar dağıldı, gördüm ki, bəziləri yıxılıb. Mən özüm öz gözlərimlə yeddi nəfəri gördüm. Biri qolundan, biri başından yaralanmışdı. Onlardan ikisini çıxara bildik, yaralıları, qalanlarını çıxara bilmədik. Lap gənc iki qız və bir oğlan, artıq onlarda həyat əlamətləri görünmürdü. Başqa bir yaşlı yaralı var idi onu qaldırıb aparmağa çalışdım, amma bacarmadım.

Daha bir nəfəri çıxarmağa çalışarkən lap yaxınlığıma bir-neçə güllə düşdü, amma möcüzəli şəkildə mənə dəymədi və mən ərazini tək etməli oldum. Budur telefonumda qalıb, saat 19:01 -də təcili yardıma zəng etdim ki, bizim çıxara bilmədiyimiz yaralıları çıxarsınlar.

Biz güllə yağışı altında meydanı tərk etməyə məcbur olduq. Yolda bir minik maşını gördüm. İki gənc oğlan var idi, biri sükan arxasında, digəri onun yanında. Maşın işə salındı, görünür, onlar maşınla getməyə çalışırdılar, lakin ön şüşə və arxa şüşələr vuruldu və gənclər artıq ölmüşdülər...

Meydandan uzağa getmədik, həyətlərdə gizləndik. Və iki saatdan sonra meydana qayıdıb yaralıların aparılıb-aparılmadığını bilmək istədik, amma onları hələ də aparmamışdılar. Təkcə meydanda nə qədər insanın öldüyünü bilmirik.

Meyrxan Abdumanapovun sözlərinə görə, sonra yenidən atəş açmağa başlayıblar və onlar geri çəkilməyə məcbur olublar. Əsgərlərin hamısı təpədən dırnağa qədər qara geyimdə idi. Əgər səhər bizimlə ancaq qazaxca danışırdılarsa, o biri tərəfdə də bizimkilər qazaxlar idisə, bu dəfə səsgücləndiricidən yalnız rus dilində səs gəlirdi.

-Etirazı dağıtmaqda iştirak edən əsgərlər rusca danışırdılarmı?

- Bəli. Bu dəfə əsgərlər bizə ancaq rus dilində müraciət etdilər. Və hədə-qorxu ilə: “Ərazidən azad olun, atacağıq”. Qazax dilində bir kəlmə də yox idi. Buradan belə nəticəyə gəldik ki, bunlar rus qoşunlarıdır. Necə ki, günortadan sonra bizə xəbərdarlıq edilmişdi.

Orda.kz nəşrinin baş redaktoru Gülnarə Bajkenova-nın sözlərinə görə, o, həmkarları ilə yanvarın 7-si axşam, Respublika meydanında - etirazçıların düşərgəsi dağıdılandan sonra olub.

O, “Siberia.Realii” saytına müsahibəsində bildirib ki, onların çəkiliş qrupu aşmış maşının şəklini çəkmək istəyib, lakin bu zaman onların üzərində hərbi “Hummer” hərəkət edib və səsgücləndiricidən onlara atəş açacaqları barədə xəbərdarlıq eşidilib.

Bundan sonra Gülnarə və həmkarları sürətlə meydanı tərk ediblər. - Bəli, rusca səsgücləndiricidən bizə xəbərdarlıq etdilər. Amma onu deyim ki, Qazaxıstan təhlükəsizlik işçiləri də vətəndaşlara tez-tez rus dilində müraciət edirlər. Gənc əsgərlər, cənubdan gələn çağırışçılar, bəlkə də, rus dilini o qədər də yaxşı bilmirlər, amma burada təmiz rus nitqi var idi. Amma qazax zabiti də ola bilərdi. Yanvarın 7-də meydanda olan və düşərgənin dağıdılmasını görən bir neçə nəfərlə danışdım. Onların heç biri dəqiq deyə bilmədi ki, onlar kimin təhlükəsizlik qüvvələri olub – qazaxıstanlı, yoxsa rusiyalı.

Bu gün biz yenidən meydanda olduq və həmkarım gördü ki, artıq KTMT qoşunları orada yerləşdirilib. Dediyinə görə onları formalarındakı işarələrdən tanıyıb. Mən mübahisə etməzdim ki, 7-ci axşam düşərgəni dağıdan ruslar olub"- Orda.kz nəşrinin baş redaktoru Gülnarə Bajkenova bildirib.

Bu arada, yanvarın 6-da KTMT-nin baş katibi Stanislav Zas RİA-ya müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qazaxıstanda nümayişlərin dağıdılmasında iştirak etməyəcəyini bildirib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, indiyə qədər aksiyalarla bağlı 4266 nəfər saxlanılıb.

İran vurulan təyyarədə vətəndaşlarını itimiş ölkələrə danışıqlar təklif edir

İran, Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxaql Hava Yollarına məxsus PS752, Boeing 737-800 sərnişin təyyarəsinin qalıqları

İran Ukrayna sərnişin təyyarəsinin vurulması nəticəsində vətəndaşlarını itirmiş dövlətlərlə “ikitərəfli” danışıqlara və görüşə hazırdır.

Tehranın belə bir təkliflə yanvarın 7-də çıxış etdiyi bildirilir. Amma o da vurğulanır ki, İran bu təklifi üsyankar bir dillə bəyan edib.

İran Xarici İşlər Nazirliyi belə bir bəyanatı Ukrayna, İngiltərə, Kanada və İsveçin qurbanlara təzminat ödənilməsi ilə bağlı Tehranla aparılan iki illik danışıqlardan imtina etdiklərini bəyən etməsindən sonra verib.

Beləki adı çəkilən ölkələr bundan sonra məsələni beynəlxalq hüquq müstəvisində davam etdirəcəklərini bildiriblər.

İran rəsmiləri 176 nəfərin olduğu sərnişin təyyarəsinin vurulmasında İran silahlı qüvvələrinin bir qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunu günahlandırıb.

"Müəyyən ölkələrin qeyri-qanuni hərəkətlərinə və bu faciəli hadisədən istifadə etmək cəhdlərinə baxmayaraq... İran müvafiq dövlətlərin hər biri ilə ikitərəfli danışıqlara hazırdır", - İran Xarici İşlər Nazirliyi bildirib.

Amma nazirliyin başqa ölkələrin hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı fikiri aydın deyil.

Tehran üzərində vurulan təyyarədəki sərnişinlərin 130-dan çoxunun Kanada ilə bağlılığı olub. Ötən həftə Kanada məhkəməsi həlak olanlardan 6 nəfərin ailəsinə 84 milyon dollar ödənilməsi barədə qərar çıxarıb.

Rusiya təyyarələri Qırğızıstandan Qazaxıstana paraşütçülər, texnika və sülhməramlılar çatdırıb

Qazaxıstana göndərilən Rusiya hərbçiləri

Rusiyannın daha 9 İl-76 hərbi-nəqliyyat təyyarəsi Almatıya texnika və hava-desant qoşunları çatdırıb.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, təyyarədə standart hərbi texnika ilə birlikdə Qırğızıstandan olan sülhməramlılardan ibarət bölmə də olub.

"Rusiyanın 9 hərbi-nəqliyyat təyyarəsi İl-76 hərbi qulluqçular və hava-desant qüvvələri ilə Qazaxıstan Respublikasının Almatı aerodromuna eniş edib", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qrupa təxminən 70 İl-76 və beş An-124 daxildir. Məlumatda qeyd olunur ki, hərbi-nəqliyyat təyyarələri gecə-gündüz qüvvələrini Qazaxıstana daşımaqdadır.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Qırğızıstan sülhməramlılarının bir hissəsini Kant aerodromundan Almatı aerodromuna standart hərbi texnika ilə birlikdə çatdırıb.

Bundan əvvəl Qırğızıstanın Müdafiə Nazirliyi “Scorpion” xüsusi təyinatlı dəstəsinin 150 hərbçisini, 8 zirehli texnikasını və 11 texnikasını Qazaxıstana göndərdiyini bildirmişdi.

Rusiya Hərbi Departamenti Aerokosmik Qüvvələrin təyyarələrinin Tacikistan və Ermənistandan Qazaxıstana hərbçilərin göndərilməsində iştirakı barədə də məlumat verib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov deyib ki, Qazaxıstandakı KTMT sülhməramlılarının sayı ilkin məlumatlara görə, 2500 nəfərə qədərdir, lazım gələrsə, missiya genişləndirilə bilər.

Məlumatlarda o da bildirilir ki, Qazaxıstana göndərilən hərbi qüvvələrə Krımın ilhaqında iştirak etmiş Rusiya Hərbi Hava Desant Qüvvələrinin rəhbəri, general-polkovnik Andrey Serdyukov komandan təyin edilib.

‘Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir’

Nursultan Nazarbayev, Rusiya, Sankt-Peterburq şəhəri, 28 dekabr 2021

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar fonunda onun mətbuat katibi Aidos Ukibay tvitter hesabında “Elbası Nur-Sultandadır” yazıb. (Elbası – “millət lideri” )

"Elbası Qazaxıstanın paytaxtı Nur-Sultandadır. Xahiş edirəm, yalan və ya spekulyativ məlumat dərc etməyin. Elbası prezident Kasım-Jomart Tokayevlə məşvərətçi görüşlər keçirir və əlaqə saxlayır", - Ukibay yanvarın 8-də Tvitter hesabında yazıb.

Nazarbayev sonuncu dəfə 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı görünüb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Həm də indiyə qədər Qazaxıstandakı vəziyyəti şərh etməyib.

Ölkədə vəziyyət gərginləşdikcə internetdə Nazarbayevin ölkəni tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Jurnalist Arkadi Dubnov öz Facebook səhifəsində Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanıldığını, keçmiş prezidentin isə Çində olduğunu yazıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev əvvəllər Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasına sədrlik edəcəyini bəyan edib.

Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən 2019-cu ilin martınadək başçılıq edib.

O 2015-ci növbədənkənar seçkidə 5-ci dəfə prezident seçilmişdi və rəsmi məlumata görə ona 98 faiz səs verilmişdi.

Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.

Bu, ona prezident postundan istefadan sonra da faktiki hakimiyyətini saxlamaq imkanı verirdi.

Qazaxıstanda Nazarbayevin şəxsiyyətinə pərəstiş təbliğ olunurdu. O özünə Elbası – “millət lideri” titulunu götürmüşdü.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri həbs edilib

Kərim Məsimov, 4 oktyabr 2011

Məlumata görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimov hakimiyyətin Almatıya nəzarəti itirməsindən sonra prezident Kasım-Jomart Tokayev tərəfindən vəzifəsindən azad edilib.

Dövlətə xəyanətdə ittiham olunan komitə sədrinin Təhlükəsizlik Şurasının iclasında iştirak etdikdən az sonra saxlandığı bildirilir.

Bu barədə Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

56 yaşlı Məsimov ilk prezident Nursultan Nazarbayevin hakimiyyətinin son illərində ən nüfuzlu siyasətçilərdən biri hesab edilib. O, 2016-cı ildən bu vəzifədə imiş.

Bu posta təyin edilənə qədər isə Məsimov müxtəlif illərdə iki dəfə Qazaxıstanın baş naziri və prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, iqtisadiyyat və nəqliyyat naziri olub.

Yanvarın 8-də komitənin saytında yerləşdirilən xəbərdə deyilir ki, cümə axşamı, yanvarın 6-da Məsimova qarşı dövlətə xəyanətlə bağlı ibtidai istintaq başlayıb və o saxlanılıb.

Bu vəzifədə onu Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışmış Ermek Saqimbayev əvəzləyib.

Elan edilən ittihamlara görə milli təhlükəszilik komitəsinin keçmiş sədrini 15 ilə qədər həbs gözləyir.

Məsimovun vəzifəsindən uzaqlaşdırlması ilə eyni vaxtda isə prezident Tokayev Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini açıqlayıb. Ölkə qanunlarına əsasən, bu vəzifəni ömürlük birinci prezident Nazarbayev tuta bilər. Beləki Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.

Prezident Tokayev artıq xüsusi xidmət orqanlarını tənqid edərək, onları prezidentin Qazaxıstan şəhərlərində "terror hücumları"na icazə verməkdə ittiham edib.

Bolqarıstanda əhali 11.5 faiz azalıb

Sofiya, 2 yanvar, 2022-ci il

Təkcə paytaxt Sofiyada əhali artıb

Bolqarıstan əhalisi son on ildə 11.5 faiz azalıb. Bunu siyahıyaalmanın ilkin nəticələri göstərib.

Milli Statistika İnstitutunun yanvarın 6-da açıqladığı məlumata görə, əhali 844 min nəfərdən çox azalıb, 7.3 milyondan 6.5 milyona düşüb.

Ekspertlər azalmanı doğum səviyyəsinin düşməsi, ölümün artması, əhalinin qocalması, Avropa ittifaqının ən yoxsul ölkəsindən emiqrasiya ilə izah edirlər.

Təkcə paytaxt Sofiyada əhali artıb. Şimal-qərbi Vidin və Montana, şimal-şərqi Dobriç vilayətlərində 26 faizlik azalma qeydə alınıb.

Siyahıyaalmanın yekun nəticələri 2022-ci ilin sonuna gözlənir.

Sonuncu dəfə siyahıyaalma 2011-ci ildə keçirilib.

Türkiyə-Ermənistan danışıqları yanvarın 14-də Moskvada başlanacaq

Serdar Kılıc (sağda) və Ruben Rubinyan

Bu danışıqlarda Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıc, Ermənsitanı isə ölkə Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcəklər

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada olacaq.

AzadlııqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bu barədə Facebook səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan yazıb.

Ankara və Yerevan ötən ilin dekabrında bəyan etmişdilər ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmağa hazırdırlar.

Bu danışıqlarda Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıc, Ermənsitanı isə ölkə Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcəklər.

Apple şirkətinin bazar dəyəri 3 trilyon dollara çatdı

Münhendə Apple mağazası

Şirkətin bazar dəyəri 16 ayın içində 2 trilyondan 3 trilyon dollara yüksəlib

Apple dünyada bazar dəyəri 3 trilyon dollara çatan ilk şirkət olub.

Yanvarın 3-də iPhone telefonlarını istehsal edən şirkətin səhmlərin dəyəri 182.88 dollara çatıb.

Şirkətin bazar dəyəri 16 ayın içində 2 trilyondan 3 trilyon dollara yüksəlib. Ötən il səhmləri 34 faiz bahalanıb.

Apple iPhones, MacBooks satışından, həmçinin Apple TV və Apple Music xidmətlərindən qazanır. Şirkət rəhbəri Tim Kuk 2022-ci ildə təchizat zənciri problemləri ilə üzləşə biləcəkləri ilə bağlı xəbərdarlıq edib.

Hazırda Apple şirkətinin 3 trilyon dollarlıq bazar dəyəri İspaniya və İtaliyanın birgə ümumi daxil məhsuluna yaxındır.

Cənubi Afrika Respublikasının parlamentində güclü yanğın

CAR parlamentində yanğın

Bazar günü Cənubi Afrika Respublikasının Keyptaundakı parlament binasında güclü yanğın baş verib. Hadisə yerindən çəkilmiş kadrlarda qara tüstü və alovun binanın damını bürüdüyü görünür.

Yanğının söndürülməsi üçün əraziyə onlarla yanğınsöndürən maşının cəlb olunduğu bildirilir. Xəsarət alanlar və yanğının hansı səbəbdən baş verdiyi barədə hələki hər hansı məlumat verilmir.

BBC-nin məlumatına görə, yanğın aparteid əleyhinə olan arxiyepiskop Desmond Tutunun dövlət dəfn mərasimindən bir neçə saat sonra başlayıb. Mərasim parlamentin yaxınlığında baş tutub.

France-Press agentliyi yanğının baş verdiyi parlament binasında çatlar əmələ gəldiyini yazır. Keyptaun şəhərindəki parlament binası üç hissədən ibarətdir. Ən qədim hissəsi 1884-cü ildə, digər ikisi isə ötən əsrin 20-80-ci illərində tikilib.

Roma Papası qadınlara qarşı zorakılığa son qoymağa çağırır

Roma Papası Fransis

Yanvarın 1-də etdiyi Yeni il çıxışında Roma Papası Fransis qadınlara qarşı zorakılığa son qoymağa çağırıb.

"Qadınlara qarşı nə qədər şiddət göstərilir" deyən Papa - "Yetər! Bir qadını incitmək Tanrıya həqarətdir."

Ötən ay bir televiziya proqramında çıxışı zamanı Francis qadınlara qarşı zorakılıq edən kişilərin "demək olar ki, şeytani" bir şeylə məşğul olduqlarını söyləyib.

Pandemiya başlayandan bəri Papa Fransis bir neçə dəfə məişət zorakılığına qarşı çıxıb, hansı ki, karantin dövründə bu zorakılığın səviyyəsinin bütün dünya üzrə kəskin artdığı bildirilir.

Katolik Kilsəsi yanvarın 1-ni həm də Ümumdünya Sülh Günü kimi qeyd edir.

Ötən ay bu münasibətlə verdiyi bəyanatında Papa xalqları silaha daha az, təhsilə isə daha çox xərcləməyə çağırıb.

Makrona görə, Avropa İttifaqı yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməməlidir

Fransa prezidenti, arxiv foto

Yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik altı ay müddətinə Fransaya keçir.

Fransa prezidenti Makron uzun müddətdir ki, blokun 27 üzv dövlətini birləşdirən əlaqələri möhkəmləndirməklə yanaşı, Aİ-ni daha güclü bir dünya gücünə çevirməyə çalışdığını bildirir.

“Deyərdim ki, biz öz sərhədlərimiz daxilində əməkdaşlıq Avropasından dünyada güclü, tam suveren, seçimlərində azad və öz taleyinin sahibi olan Avropaya keçməliyik”, – dekabrın əvvəlində etdiyi çıxışında Makron belə deyib.

Fransanın sədrliyi üçün planları, Fransanın təklifləri arasında blokun "strateji suverenliyini" artırmaq, blokun maraqlarına uyğun gələndə ona Birləşmiş Ştatlardan daha böyük müstəqilliklə hərəkət etmək imkanı vermək də var.

Makron həmçinin Aİ-nin birgə müdafiə qabiliyyəti ilə bağlı irəliləyişə nail olmaq istəyir ki, Aİ yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməsin.

ABŞ və Aİ rəsmiləri deyirlər ki, “strateji suverenlik” və Avropa müdafiə layihələri NATO-nu əvəz etməyəcək, tandemdə işləyəcək.

Fransa, həmçinin blokun xarici sərhədlərində böhranlara cavab vermək üçün fövqəladə reaksiya qüvvələrinin yaradılması da daxil olmaqla, miqrasiya ilə bağlı üzv dövlətlər arasında koordinasiyanı artırmaq üçün sədrlikdən istifadə etmək istəyir.

Digər prioritetlərə blok miqyasında minimum əmək haqqı, rəqəmsal nəhənglər üçün daha çox tənzimləmə, ətraf mühitin qorunması və üzv dövlətlərin koronavirus pandemiyasından sonra iqtisadiyyatlarını xilas etməyə çalışdıqları bir vaxtda Aİ-nin sərt büdcə kəsiri qaydalarına dəyişikliklər daxildir.

Keçmiş səfirlərdən Baydenə müraciət: Rusiyaya qarşı sanksiyalar açıqlasın

ABŞ, Vaşinqton

ABŞ-ın bir neçə keçmiş səfiri prezident Co Baydenə müraciət edərək Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaları dərc etməyə çağırıb.

Associated Press-in yazdığına görə, bəyanatı imzalayanlar ABŞ-ın Rusiya və Ukraynada çalışmış keçmiş səfirləridir.

Sənəd müəlliflərinin fikrincə, potensial iqtisadi sanksiyaların təfərrüatlarının açıqlanması eskalasiyadan əvvəl Kremlin qərarına təsir edəcək.

Dekabrın 30-u axşam saatlarında Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

Ağ Evin yaydığı məlumatına görə, Co Bayden Vladimir Putini Ukrayna ətrafında yaranmış gərgin vəziyyəti aradan qaldırmağa çağırıb. Əks halda ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə “Ukraynaya qarşı növbəti təcavüzə qətiyyətlə cavab verəcəyini” açıqlayıb.

Kreml bildirib ki, Moskva “NATO-nun şərqə doğru hərəkətinə və təhdidedici silah sistemlərinin Rusiya sərhədlərinə yaxın ərazidə yerləşdirilməsinə qarşı möhkəm hüquqi təminat axtarır.

Bundan başqa, Almaniya kansleri Olaf Şolz da vətəndaşlara yeni il müraciətində Ukraynadakı təhlükəsizlik vəziyyəti xatırladıb. O, Avropa İttifaqı-nin yeni çağırışla üzləşdiyini qeyd edərək, sərhədlərin toxunulmazlığının sövdələşmə predmeti ola bilməyəcəyini vurğulayıb.

2021-ci ilin payızında media kəşfiyyat məlumatlarına istinadən Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi barədə məlumat yayıb.

ABŞ və Qərb ölkələri Moskvanın Ukraynaya qarşı hərbi müdaxiləyə hazırlaşdığını irəli sürür.

Kreml bu bəyanatları qəbul etmir, ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti tələb edir. Putin xüsusən də NATO-nun şərqə doğru genişlənməməsi və keçmiş sovet respublikalarından yeni üzvlərin ittifaqa daxil edilməsinə qarşı çıxır.

Təhlükəsizlik zəmanətləri üzrə Rusiya, ABŞ və NATO danışıqları yanvar ayına planlaşdırılıb.

ABŞ prezidenti Co Bayden yanvarın 2-də Ukrayna prezidenti Volodimir Zelenski ilə danışacağını bildirib.

Ağ Evin dekabrın 31-də yaydığı bu xəbərdə deyilir ki, bu telefon söhbəti zamanı Bayden ABŞ-ın Rusiyanın müdaxiləsi təhlükəsi ilə üzləşən Ukraynanın suverenlik və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləmək niyyətindədir.

Almaniyada 6 atom elektrik stansiyasından üçünün fəaliyyəti dayandırılıb

Almaniyada AES, arxiv foto

Dekabrın 31-də Almaniyada 3 atom elektrik stansiyası (AES) bağlanıb. Bununla ölkədə nüvə enerjisi ilə işləyən elektrik stansiyalarının sayı 3-ə endirilib.

AFR-in məlumatına görə, Almaniya bununla öz öhdəliklərini yerinə yetirməkdə davam edir.

Atom enerjisindən imtina qərarını Almaniya 2011-ci il martın 11-də Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında baş vermiş böyük qəzadan sonra qəbul edib.

Həmin vaxt Yaponiyada zəlzələ və sunami nəticəsində dörd reaktor sıradan çıxıb.

Söndürülən enerji bloklarının ümumi gücü 4 QVt/saat təşkil edib. Həcm baxımından bu, min külək elektrik stansiyasının hasilatına uyğundur.

Son üç atom elektrik stansiyasının istismardan çıxarılması 2022-ci ilin sonuna planlaşdırılır.

Onların da ümumi gücü 4 QVt/saatdir. Yaponiyada atom elektrik stansiyası qəzasından əvvəl Almaniya elektrik enerjisinin təxminən dörddə birini nüvə yanacağından istehsal edirdi.

Bu, ABŞ-ın payına bərabərdir. Almaniyanın yeni iqtisadiyyat naziri Robert Habek, nüvə enerjisinin 2020-ci ildə ölkənin elektrik enerjisinə olan ehtiyacının 11%-ni təmin etdiyini söyləyib.

Türkiyə və Ermənistan nümayəndələri yanvarda görüşəcəklər

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir

Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü artıq 2022-ci ilin yanvarında keçirilə bilər.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dekabrın 31-də 24TV telekanalına müsahibəsində verib:

“İndilik onların görüşünün tarixi razılaşdırılmayıb, amma görüşün yanvar ayında keçirilməsi gözlənilir”.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir.

Saakaşvili nikahdankənar qızının olduğunu deyir

Sofo Nijaradze və qızı Elis Mariya Saakaşvili

Oktyabrın 1-də Saakaşvilinin ukraynalı siyasətçi Liza Yasko ilə ailə qurduğu üzə çıxıb. Amma bu xəbər Gürcüstanın keçmiş birinci ledisi Sandra Rulofs üçün gözlənilməz olub

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Rustavi həbsxanasından müraciətində nikahdankənar qızı Elis Mariya haqda danışıb. Qızın anası tanınmış gürcü müğənnisi Sofo Nijaradzedir. Saakaşvili ilk dəfədir nikahdankənar övladı olduğunu etiraf edir.

“’Mtavari arxi’ telekanalının Yeni il konsertinin ən gənc iştirakçısı Elis Mariya Saakaşvili anasıyla birlikdə ilk dəfə bizi televizor ekranından salamlayacaq. Mənim ən sevimli qızım və ən kiçik övladım”, – Saakaşvili bəyanatında deyir.

Oktyabrın 1-də Saakaşvilinin ukraynalı siyasətçi Liza Yasko ilə ailə qurduğu üzə çıxıb. Amma bu xəbər Gürcüstanın keçmiş birinci ledisi Sandra Rulofs üçün gözlənilməz olub. Onların Eduard Nikoloz adlı iki oğlanları var.

Saakaşvili hazırda prezidentlik müddətində vəzifəsindən sui-istifadə ittihamıyla həbs cəzası çəkir. Özü ittihamları siyasi motivli hesab edir.

İran ‘kosmik tədqiqat missiyası’na start verdiyini deyir

Arxiv fotosu

Bu arada Tehranla dünya gücləri arasında 2015-ci il nüvə sazişi ilə bağlı Vyana danışıqları çətin keçir

İran dövlət televiziyası dekabrın 30-da üç peyk daşıyan raketin kosmosa yola salındığını bəyan edib.

Raketin nə vaxt buraxıldığı, hansısa peykin Yerin orbitinə uğurla daxil olub-olmadığı bəlli deyil.

Bu ayın əvvəlində İrandan çəkilmiş müstəqil peyk təsvirləri raketin buraxılacağını göstərirdi. Xəbəri AP yaymışdı.

Tasnim xəbər agentliyi isə Hava Qüvvələrinin sözçüsü Əhməd Hüseyniyə istinadla “kosmik tədqiqat missiya”sının buraxıldığını xəbər verir.

Bu arada Tehranla dünya gücləri arasında 2015-ci il nüvə sazişi ilə bağlı Vyana danışıqları çətin keçir. Sazişin məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaqdır. Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başlayıb.

Dekabrın 28-də Vyana danışıqlarına qatılan avropalı təmsilçilər birgə bəyanatda bildiriblər ki, “İranın nüvə proqramını gücləndirməsinin 2015-ci il sazişini tamamilə qeyri-işlək vəziyyətə salacağı məqama yaxınlaşdığımızı aydın şəkildə bəyan edirik”.

Keçmiş prezident Donald Tramp administrasiyası nüvə sazişindən çıxmasının bir səbəbini bu sənədin İranın strateji nüvə proqramını məhdudlaşdırmaması ilə izah edirdi.

İndiyədək İranın mülki kosmik proqramı çərçivəsində bir neçə dəfə raket buraxmaq alınmayıb.

Jirinovski Ukraynanı bombalamağa çağırır

Rusiya Prezidenti Vladimir Putin (solda) və Vladimir Jirinovski

“Kimsə onları cəzalandırmalıdır, kimsə onları qorxutmalıdır”, – Jirinovski deyib

Rusiyanın millətçi siyasətçisi Vladimir Jirinovski Yeni İl ərəfəsində, çox adamın sərxoş ola biləcəyi vaxtda Ukraynanı bombalamağa çağırıb.

Dövlət Dumasının deputatı və Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri dekabrın 27-də televiziyaya açıqlamasında bu haqda danışıb. Bu arada Qərb Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının mümkün hücuma hazırlıq ola biləcəyini düşünür.

Kobud bəyanatları ilə tanınan Jirinovski 1-ci Kanal-a deyib ki, prezident olsaydı, dekabrın 31-i gecədən yanvarın 1-i səhər 4-5-dək, “hamı sərxoş olanda” Ukraynanı bombalayardı.

“Kimsə onları cəzalandırmalıdır, kimsə onları qorxutmalıdır”, – Jirinovski deyib. O, bir gün öncə Rusiyanın Ukraynanı bütünlükdə ilhaq etməsini təklif edirdi.

75 yaşlı Jirinovski 1991-ci ildə LDPR-i formalaşdırandan sonra qalmaqallı bəyanatları ilə ad çıxarıb. 1990-cı illərin ortalarında o, Çeçenistan Şimali Qafqaz respublikasına qarşı nüvə silahlarından istifadəyə çağırmışdı. Siyasətçi bundan başqa, Alyaskanı zorla Birləşmiş Ştatlardan almağa, Moskvanın keçmiş sovet respublikalarına nəzarətini bərpa etməyə, Qazaxıstanı Rusiyaya birləşdirməyə səsləyib.

Çeçenistanda qəddar idarəçiliyi ilə tanınan Ramzan Kadırov isə dekabrın 26-da deyib ki, Ukraynanın ilhaqına kömək etməyə hazırdır.

“Ukrayna bizim ölkəmizə, bizim ərazimizə ilhaq olunmalıdır”, – Kadırov vurğulayıb.

Birləşmiş Ştatlar və Avropa Rusiyanı Ukraynanı mümkün hücumla hədələməkdə suçlayır. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib, səkkiz ilə yaxındır bu ölkənin şərqində separatçıları dəstəkləyir.

Rusiya isə hücum niyyəti olmadığını deyir, Ukrayna və NATO-nu provokasiyada ittiham edir.

Xristian məhbuslara 10 günlük məzuniyyət verilib

Tehran, 2019-cu il

10 günlük məzuniyyətin nə vaxt başladığı, neçə xristiana aid olduğu bəlli deyil

İran ədliyyəsi ölkədəki xristian məhbusları bayramları ailələri ilə keçirməsi üçün 10 günlük məzuniyyətə buraxıb. Bu, İslam respublikasına xristian azlıq üzvlərinə münasibətdə nadir addım hesab olunur.

“Qərar 2022-cilin gəlişini və İsus Xristosun mövludunu qeyd etmək münasibətilə verilib”, – ədliyyənin Mizan Onlayn vebsaytı dekabrın 26-da yazıb.

10 günlük məzuniyyətin nə vaxt başladığı, neçə xristiana aid olduğu bəlli deyil. Vebsaytın məlumatına görə, bu addım təhlükəsizliyə ziyan vurmaqda, mütəşəkkil cinayətkarlıqda, adam oğurluğunda. Silahlı oğurluqda təqsirli bilinənlər və ölümə məhkum edilənlərə aid deyil.

İranda xristianların çoxu etnik ermənilərdir ki, onlar da Miladı yanvarın 6-da qeyd edirlər. O zaman böyük şəhərlərdə bəzi mağazalar yolkalar, dekorasiyalar satır. Şaxta baba paltarı geyinmiş şəxslər mağazaların qarşısında gəzir.

İran mollaları pulsuz prezervativi qadağan etdi
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Xristianlar İranın əsasən şiə müsəlmanlardan ibarət 83 milyonluq əhalisinin 1 faizindən də azını təşkil edir.

Davamı

XS
SM
MD
LG