Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 05:45

Nazirlər bir-biri ilə pozuluşmaq istəmirlər


Formula-1
Formula-1

-

«Formula-1» yarışları, hökumətin qənaət açıqlamaları, iqtisadi geriləmələr və dövlət borclarının gələcəkdə necə qaytarılacağı haqda narahatlıqlar bu gün medianın əsas mövzusudur.

ODLAR ÖLKƏSİNDƏ, SÜRƏT ZİRVƏSİNDƏ

«Azərbaycan» qəzetində bu gün Bakıda start götürən «Formula-1» yarışları ilə bağlı «Azərbaycan həm də idman ölkəsidir» sərlövhəli məqalə dərc edilib. Yazı idman sahəsində qazanılan uğurlarda prezident İlham Əliyevin rolundan bəhs edir. Müəllifin düşüncəsinə görə, İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə ölkədə idmanın intibahı başlayıb: «İdmanın inkişafının Azərbaycan modeli I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və ölkə idmançılarının həmin yarışlarda yüksək nailiyyətlər qazanmasında stimula çevrildi». Məqalədə qeyd edilir ki, ötən il I Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan növbəti ildə İslam Oyunlarına ev sahibliyi edəcək. Bu gün isə «Formula-1» Qran-pri yarışları başlayır: «Cənab İlham Əliyevin rəhbərliyi ilə bu yarışlara da yüksək səviyyədə hazırlıq görülüb. Bir həftə ərzində Azərbaycan dünya idman sevərlərinin diqqət mərkəzində olacaq. Ölkəmizə bu münasibətlə gələn qonaqlar, habelə paytaxt sakinləri yarışları canlı şəkildə izləyə biləcəklər. Şübhə yoxdur ki, «Odlar ölkəsində, sürət zirvəsində» devizi ilə keçirilən bu yarışlar da insanlara uzun müddət xatırlanacaq həyəcanlı və sevincli dəqiqələr bəxş edəcəkdir!».

BÖYÜK TALAN VƏ 137 MİLYONLUQ QƏNAƏT

«Azadlıq» qəzetində isə «Böyük talan və 137 milyonluq qənaət» sərlövhəli məqaləni oxumaq mümkündür. Müəllif yazır ki, bir tərəfdən məmurlar ölkənin sərvətlərini talan edirlər, başqa tərəfdən də hökumət özünü qənaətcil kimi təqdim etmək istəyir. Məqalədə qeyd edilir ki, 2006-2011-ci illərdə məmurların xidməti avtomobillərinin alınmasına 400 milyon manatdan çox vəsait xərclənib: «Mənasız tədbirlərə, dünyanın müxtəlif ölkələrində həyata keçirilən xeyriyyə tədbirlərinə, məmurların komfortuna xərclənən vəsaitlərə qənaət edilsə, bir neçə ildən sonra mövcud büdcə qədər vəsait yığmaq olar».

Nazirlər Kabineti
Nazirlər Kabineti

BÖHRAN DAVAM EDİR

«Novoye Vremya» qəzetində dərc edilən «Ölkə iqtisadiyyatı zəifləyir» sərlövhəli məqalədə də Azərbaycan iqtisadiyyatının mövcud imkanları dəyərləndirir. Dəyərləndirmədə ancaq rəsmi statistik rəqəmlərdən istifadə edilir. «Neftin sürətlə ucuzlaşması, manatın kəskin zəifləməsi ölkəni son bir neçə ilin ən iri maliyyə-iqtisadi böhranına düçar edib»,-deyə müəllif yazır.

Yazıda qeyd edilir ki, Ümumi Daxili Məhsul (ÜDM) 4.2 faiz azalıb. Bu, böyük iqtisadi geriləmə kimi təqdim edilir. Daha sonra müəllif ayrı-ayrı sahələrdə iqtisadi geriləməni təsdiq edən statistik rəqəmləri sadalayır. Müəllifin fikrincə, bu vəziyyətdə belə hökumətin susqunluğu təəccüb doğurur: «Mərkəzi Bank iqtisadi eniş «yolu» ilə gedərək ölkə iqtisadiyyatını tələyə tərəf aparır. İnflyasiyaya qarşı mübarizəni bundan sonra da pul təkliflərini daha da sərtləşdirmək yolu ilə aparmaq istəyir. Nəzəriyyə isə belə vəziyyətdə iqtisadi enişin baş verəcəyini göstərir. Amma hökumət isə bütün bu proqnozlara biganədir».

Müəllifin düşüncəsinə görə, neftin, qazın və faydalı qazıntıların qiymətlərinin enməsi xammal ixracına söykənən ölkələrdə iqtisadiyyatların geriləməsinin əsas səbəbidir: «Xammalın qiyməti enir, büdcəyə nəzərdə tutulan gəlirlər daxil olmur. Necə olursa-olsun yaranan kəsirin kompensasiya edilməsi zərurəti yaranır. Bunun üçün vergi dərəcələri artırılır, sosial xərclər azaldılır. Belə fəaliyyət isə istehsalın azalmasını daha da gücləndirir».

Yazıda qeyd edilir ki, Nazirlər Kabinetinin bir qərarı ilə dövlət sifarişləri sahəsində 25 faiz səmərəsiz xərclərin qarşısını almaq olar. Müəllif bildirir ki, bundan ötrü nazirlər məsul olduqları sahələrdə biznesin inkişafını təmin etməlidirlər: «Bu niyə indiyə kimi baş verməyib? Ona görə ki, məmurlar bir-biriləri ilə münasibətləri pozmaqda maraqlı olmayıblar. Bu halda kiminsə «yem»inə toxunmaq lazım gəlir. Bu isə elita daxili maraqların münaqişəsini doğura bilər. Maliyyə axınının yenidən bölüşdürülməsinə getmək isə məşhur «elit konsensus»unun pozulması deməkdir. Bax, hökumət bunun üzərində düşünməlidir. Yeri gəlmişkən, neftin qiyməti isə yenidən sürətlə düşməyə başlayıb».

Natiq Cəfərli
Natiq Cəfərli

BORCLAR NƏ İLƏ ÖDƏNİLƏCƏK?

«Yeni Müsavat» qəzeti isə ekspertlərlə ölkənin xarici borclarının gələcəkdə necə qaytarılacağı sualına cavab axtarıb. İqtisadçı N.Cəfərli qəzetə deyib ki, borc alanda yox, məhz onu qaytaranda problemlər üzə çıxacaq: «Neft-qazdan başqa elə bir sahə yoxdur ki, ölkə oradan pul qazanıb gələcəkdə borclarını ödəsin. Borclanma artır, dövlət zəmanəti ilə borclar götürülür, bu isə hökmən qaytarılmalıdır. Vaxt da elə də çox deyil, 3-4 ilə problemlərə cavab verən iqtisadi model yaranmalıdır».

İqtisadçı deyir ki, ölkənin xarici ticarətinin 94 faizi neft-qaz ixracına bağlıdır. İndi götürülən borcların qaytarılması 2020-ci illərə təsadüf edəcək. N.Cəfərlinin təxminlərinə görə, həmin zamanda da bu məsulların qiyməti yüksək olmayacaq: «Bax, problem onda başlayacaq. Bu borclar hansı mənbədən və necə ödənilsin?».

XS
SM
MD
LG